“Şəhərdən Kəndə” layihəsi: Zaqatalada fermer təsərrüfatına dəstək göstərilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.

Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, fermer Mövlüddin Qurbanəliyevə məxsus “Eko Zaqatala” arıçılıq təsərrüfatı olub.

Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.

Əsas fəaliyyət istiqaməti arıçılıq olan fermer “Şəhərdən Kəndə” layihəsinə müraciət edərək aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Fermer arıçılıq məhsullarının istehsalı və satışı ilə yanaşı, təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgahın tikintisi, uşaq meydançasının yaradılması, kosmetik yenilənmə işləri və s.) aparılıb və təsərrüfat abadlaşdırılıb. Bundan əlavə, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla (çadırlar, çay dəstləri, stol-sullar və s.) təmin olunub.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.