Rus ordusunun əmrini rədd etdi, Türkiyədə adına park açıldı, raketlə öldürüldü…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Kocaeli vilayətində Çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayev adını daşıyan parkın açılması Rusiyanı qəzəbləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyəni Çeçenistandakı separatçı hərəkatın lideri”nə abidə qurulması, yerli hakimiyyətin Dudayevi “azadlıq uğrunda mübarizənin simvolu” adlandırmasına görə “qınayıb”. Rusiya rəsmisi “terrorçuların abidələri ilə bağlı Rusiyanın prinsipial mövqe tutduğunu vurğulayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov isə Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib və Rusiya XİN-ni bu ölkəyə qarşı diplomatik tədbirlər görməyə çağırıb.

Türkiyən ilə Rusiya arasında gərginliyə səbəb olan Cövhər Dudayev kimdir?

Qeyd edək ki Cövhər Dudayev terrorçu və separatçı yox, Rusiya işğalına qarşı mübarizənin lideri olub. Dudayev Cövhər Musa oğlu çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, İçkeriyanın ilk prezidenti, Aviasiya general-mayoru və çeçenlərin SSRİ ordusundakı yeganə generalı olub.

Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illər ilə bağlı bunları deyirdi: “Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan “Qızıl Ordu”da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım. Sürgündə olduğumuz illərdə nədən Vətəndən çox uzaqlarda olduğumuzu, sürgün edilməyimizi və xalqımıza olunan zulmü mərhum anam başda olmaqla böyüklərdən öyrəndim. Uşaqlığımda yoldaşlarımla oyun zamanı bunları danışırdıq. Həmişə Vətəni xəyal edər, mütləq bir gün öz Vətənimizdə azad yaşayacağımıza olan inancımızı söyləyərdik. Bu gün həmin uşaqlıq illərimi xatırlayanda düşünürəm… Görəsən, bu gün Çeçenistanda yaşananları gələcəyin böyükləri olacaq uşaqlarımız necə dəyərləndirəcək? Bu işğalı və zülmü unutmayacaqları bir gerçək! Mən müsəlman olduğumu heç bir zaman unutmadım”.

Uşaqlıq illəri Sibirdə çox çətin keçdi. Orta təhsilini orada tamamladı. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun oldu. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademyasını da bitirən Cövhər Dudayev birinci sinif pilot və mühəndis ünvanını qazandı. Keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edildi. General vəzifəsinə yüksəldi. Sovet tarixinə Strateji Hava Quvvələrində komandir olmağı bacaran ilk müsəlman kimi adını yazdırdı. Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün “qiyamçı general” adlandırıldı. Belə ki, 1989-cu ildə Estoniyada Strateji Hava Quvvələri Komandanlığında vəzifədəykən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını güc yoluyla yatırılması üçün Moskvadan əmr aldı. Ancaq o, “yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram” deyərək əmri yerinə yetirmədi. Moskva isə bu itaətsizliyi həzm edə bilmədi və Cövhər Dudayevi cəzalandıraraq əsgərlərilə birlikdə Cövhərqalaya sürgünə göndərdi. 1990-cı ilin mayında vəzifəsindən istefa verdi. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edildi və sonradan “Çeçen Beynəlxalq Konqresi” adını almış xalq məclisinin İdarə Heyətinin sədri seçildi. 19-21 avqust 1991-ci ildə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu hakimiyyətdən yıxmaq üçün düzənlənmiş əməliyyatın önündə gedənlərdən biri oldu, Rusiyanın 11 dekabr 1994-cü ildə Çeçenistana qarşı başlatdığı işğal və soyqırım hərəkətinə qarşı Cövhər Dudayev “son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqına “Cihad” əmrini verdi. Onun rəhbərliyi altındakı çeçen xalqı iki ilə yaxın mübarizə apardı və 1996-cı ilin mayında Çeçenistanla Ruisya arasında atəşkəs əldə edilidi. O deyirdi: “Üzərimdəki uniformam kəfənim, şəhadətə hazıram. Şəhidliyi rütbə və şərəf olaraq qəbul edirəm. Qanımın son damlasınadək ölkəmin azadlığı və millətimin hürriyyəti üçün savaşmağa hazıram”.

21 aprel 1996-cı ildə ruslar Cövhər Dudayevin olduğu yeri raketlə vurdular və o həlak oldu.

Həmin vaxt rusların Cövhər Dudayevin yerini necə müəyyənləşdirdiyi məlum deyildi. Ruslar dəfələrlə Cövhər Dudayevi öldürməyə təşəbbüs göstərsə də, ancaq hər dəfə yanlış yeri vurmuşdular. Bəs bu dəfə necə oldu ki, onun yeri düzgün müəyyənləşdirildi. Bu müəmma illər sonra çözüldü. Əslidə həmin günlərdə də diqqətlər ABŞ-a çevrilmişdi, ancaq heç kim tam məlumatı ictimaiyyətə açıqlaya bilmirdi. 4 iyun 2001-ci ildə “Hürriyyət” qəzetində Qasım Cindəmirin dərc olunmuş məlumatında yazılırdı: “ABŞ-ın gizli təhlükəsizlik orqanı sayılan Milli Təhlükəsizlik Agentliyində (National Security Agency – NSA) vaxtilə işləmiş Wayne Madsen Cövhər Dudayevin telefonunu istifadə edirdi. Bununla da NSA onun yerini və koordinatlarını müəyyənləşdirdi və ABŞ prezidenti Bill Klintona söylədi. O da həmin ərəfədə Moskvadaydı və Boris Yeltsinin yeniden prezident seçilməsini istəyirdi. Çeçen liderin yerini və koordinatlarını Boris Yeltsinə dedi. Ruslar da Cövhər Dudayevi zərərsizləşdirdi. Boris Yeltsin də, Bill Klinton da yeniden prezident seçildilər.

Məqalənin hazırlanmasında vikipediadakı məlumatlardan da istifadə edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.