Neft ölkəsi Azərbaycanda niyə benzin istehsalı zavodu tikilmir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyulun 12-də Azərbaycanda “Aİ-95” (“Premium”) və “Aİ-98” (“Super”) markalı avtomobil benzini bahalaşıdı. Bu isə cəmiyyətdə bir sual yaradıb. Neft istehsal edən ölkə olduğumuz halda niyə bizdə hələ də “Aİ-95” və “Aİ-98” markalı benzinlərin istehsal olunmur?

Məlumat üçün bildirək ki, 2015-ci ildən Neft Emalı Zavodunda modernləşmə layihəsinin başlanılmışdı. 2025-ci ilə qədər davam edəcək modernizasiya tədbirləri çərçivəsində əsas hədəf yanacağın keyfiyətini “Avro-5” standartına qədər artırmaq idi .

Məsələ barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, neft ölkəsi olan Azərbaycanda bu günə qədər təmiz avro standartlara uyğun benzin istehsal edən zavodun tikilməməsi hökumət üçün böyük bir ayıbdır.

Bəs hansı səbəbdən hələ də bu zavod və istehsal mümkün olmayıb? Ekspert deyir ki, bunun izahı da bu günə qədər verilməyib.

Natiq Cəfərli

“Deyilənə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda quraşdırma işləri gedir və yaxın 2 ildə avro standartlara uyğun benzinin istehsal olunmağa başlanacağı söylənilirdi. Burada sual yaradan bir məqam var. Nə üçün biz hələ də Azərbaycanda avropa standartlarına uyğun benzinin istehsalını gecikdirib xaricə möhtac qalmışıq. Açığı mən də bu sualın cavabını bilmirəm. Məntiqlə düşünsək bu günə qədər belə bir zavod çoxdan tikilməli idi. Bu reallaşarsa SOCAR böyük qazanc əldə edəcəkdir.Çünki emal olunmuş neftin satış həcmi və qiyməti xam neft dan daha sərfəlidir. Yəni bir ton nefti emal edərkən daha çox benzin və sürtgü yağları istehsal edib xaricə satmaqla böyük qazanc əldə etmək olar. Bəs bu günə qədər bunu niyə etməyiblər? Bunu açıq özləri açıqlasalar daha yaxşı olar…”

İqtisadçı-ekspert Samir Əliyev isə düşünür ki, Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə edəndə 2 meyar əsas götürülməlidir. Birinci meyar olaraq neft ixrac edən ölkələr seçilməlidir. İkinci meyar olaraq inkişaf etməkdə olan ölkələr götürülməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin digər ölkələrdən “nə qədər ucuz olması” iddiasını irəli sürmək olar.

Samir Əliyev

“Rusiyada Aİ-95 markalı benizinin litri 0,85 USD, Qazaxıstanda 0,4 USD, S.Ərəbistanında 0,6 USD, Kuveytdə 0,3 USD təşkil edir. Mən hələ İranı, Venesuelanı, Anqolanı, İraqı, Nigeriyanı demirəm. Əgər litri 2,4 avro olan Norveçlə, 2,3 avro olan Niderlandla, 1,4 dollar olan ABŞ-la müqayisə etmək istəyirsinizsə, bu müqayisə uğurlu deyil. Çünki 2-ci meyara uyğun gəlmirlər. Norveç, Niderland inkişaf etmiş ölkədir və orda insanların qazancı Azərbaycanda dəfələrlə yüksəkldir”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov açıqlamalarının birində vurğulayıb ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb. Onun açıqlamasına görə zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, öncədən tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına tam yetməyə də bilər.

Məlumat üçün bildirək ki, Heydər Əliyev adına NEZ ildə orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtkü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan “Aİ-92” markalı benzinin mühüm hissəsi daxili bazara yönəlir.

Rəsmi statistikaya əsasən bu ilin yanvar-fevral aylarında Azərbaycanda 225,1 min ton AI-92 markalı benzin istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,2 faiz çoxdur. Martın əvvəlinə ölkədə 46,3 min ton benzin ehtiyatı olub. Dizel yanacağı istehsalı isə 358 min ton – 100,5 faiz təşkil edib. Martın 1-nə dizel ehtiyatımız 124,6 min ton təşkil edib. Yanvar ayında Azərbaycan 4995,64 ton Aİ-92 markalı benzin idxal, 52906,05 ton isə ixrac edib. Bu dövrdə yerli istehsal 121,4 min ton təşkil edib.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını yanacağı bahalaşdırmaqla almaq istəsələr də bu çox yanlış yanaşmadır.

Ərşad Hüseynov

“Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər.”

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu