İran Qafanda konsulluq açdı: Hədəf nədir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İbrahim Rəisi ilə Nikol Paşinyan arasında baş tutan sonuncu telefon danışığından sonra – avqustun 11-də İran Qafanda konsulluq açdı. Özü də düz Zəngilana bitişik zonada.

Bəs, İranın hədəfi nədir?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Metbuat.az-a bildirdi ki, Qərbi Zəngəzur məsələsi İran üçün qırmızı xətt olub. Tehran isə mənafeləri naminə Zəngəzur dəhlizinin açılmasının əleyhinədir: “İran Vətən müharibəsindən sonra Qafanda, ümumilikdə Qərbi Zəngəzurda konsulluq açmaq istəyirdi. Bunu da açıq-aydın qeyd edirdi. Məlum məsələdir ki, Tehran Ermənistanın Sünik adlandırdığı Qərbi Zəngəzur adlı tarixi Azərbaycan torplaqlarına çox həssaslıqla yanaşır. Qarabağdan sonra reallığı qəbul etməli olan Tehran üçün Qərbi Zəngəzur məsələsi qırmızı xətt olub.

Əlbəttə ki, burada əsas faktorlar həm də Azərbaycanla Türkiyənin Qərbi Zəngəzurla bağlı əminliklə çağırışları və Rusiya-Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizinin işə salınması ilə bağlanan müqavilədir. Tehran isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Azərbaycanın əsası hissəsi ilə Naxçıvanı, Türkiyə ilə Mərkəzi Asiyanı birləşdirəcək bu dəhlizin reallaşmamasının, əvəzində isə İranın şimalından nəqliyyat-kommunikasiyanın olmasının tərəfdarıdır”.

Politoloq qeyd edir ki, İranın konsulluq üçün seçdiyi yer də olduqca maraqlıdır. Amma bunlar Azərbaycanın hədəfləri üçün heç bir maneə ola bilməz:

“Konsulluğun yeri də olduqca maraqlıdır. İrana yaxına olan Mehri, Qarakilsə və ya başqa torpaq deyil, məhz dəhlizə yaxın olan Qafanda açılması da maraq doğurur. Amma İran tərəfi anlamalıdır ki, konsulluğu harada açmasından asılı olmayaraq Azərbaycan öz hədəflərinə çatacaq. Əlbəttə ki, burada heç bir diplomatik nümayəndəlik, konsulluq Bakını hədəflərinə çatmasına mane ola bilməyəcək. Ümumiyyətlə, Azərbaycanın bütün tərəflərə dostyana, mehriban layihələri mövcuddur. Ən əsası isə Azərbaycan hansısa saxta illüziyalarla keçmişə baxmır, Azərbaycan gələcəyə baxır. Gələcək də həqiqətdədir, ədalətdədir, güclü Azərbaycandadır”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu