Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Şərti adı B-04 olan, Bənövşəyi xəttin ümumən 5-ci və yeraltı 4-cü stansiyanın inşasında qazıntı işləri demək olar ki, tamamlanıb. Hal-hazırda stansiyanın səviyyələr üzrə, yerin üst qatından altına doğru 4 səviyyədə son tamamlama işləri üçün hazırlıq gedir. Tamamlama mərhələsinə divar üzlüklərinin vurulması, stansiyada sahələr arası zonalar müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi daxildir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, paralel olaraq stansiyada infrastrukturun qurulması ilə bağlı işlərə də başlanılması nəzərdə tutulub.

“Artıq eskalatorlar stansiya ərazisindədir. Bundan əlavə, stansiyada qoyulacaq ventilyatorlar da Bakıdadır. Elektrik yarımstansiyasının qurulması istiqamətində təchizatçı şirkətlə fəal işlər aparılır.

Stansiyanın infrastrukturunda da işlərə başlanılması nəzərdə tutulub. Tunellərdə dəmiryolu infrastrukturunun qurulması davam edir. Hazırda relslərin qaynaq olunması, digər üst quruluş elementlərinin sahəyə gətirilməsi və təhcizatı işlərinə baxılır. Bu işlərin daha bir mərhələsində qatarların hərəkətini, dartı qüvvəsini təmin edən elektrik enerjisinin verilməsi üçün təmas relsinin quraşdırılması işləri də aparılacaq. Stansiyanın 2025-ci ildə təhvil verilməsi planlaşdırılır”.

Qeyd edək ki, Bakı metrosunun Bənövşəyi xəttinin şərti adı “B-04” olan stansiyası paytaxtın Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxananın arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.

Seyranə Quliyeva / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu