Dünyada ciddi dollar qıtlığı yaranıb: Azərbaycana necə təsir edəcək?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyada iqtisadiyyatı idxaldan asılı olan dövlətlərin əksəriyyəti dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər. Ötən həftə məşhur “Bloomberg” agentliyinin nəşr etdiyi məqalədə də qeyd olunduğu kimi nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb oldu.

Nəşr qeyd edir ki, ən çox zərər çəkən ölkələr arasında Şri-Lanka, Nigeriya, Pakistan da var. Dollar qıtlığı ölkəyə girişi məhdudlaşdırmaqla bərabər xammaldan tutmuş dərmanlara qədər hər şeyin bahalaşmasına səbəb olub.

Vəziyyəti dəyərləndirən ekspertlər dollar qıtlığına səbəb kimi Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasında görürlər. Məlumata görə, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Martın 21-22-də FED yenidən bir araya gələcək. FED sədri Ceremi Pauel bir neçə gün öncə etdiyi açıqlamada bildirib ki, faiz dərəcələri əvvəllər gözləniləndən daha yüksək olacaq. Pauellin dedikləri FED-in növbəti iclasında uçot dərəcəsinin daha çox yəni 0,50 faiz bəndi artırılacağı ehtimalı barədə düşüncələr yaradıb. Sonuncu dəfə FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 4,75 faizə çatdırıb ki, bu da 2007-ci ildən bəri ən yüksək göstərici hesab olunur.

“Otkritie Investments”in aparıcı analitiki Andrey Koçetkov “Prime” agentliyinə bildirib ki, vəziyyətdən çıxış yolu milli maliyyə sisteminin valyutalaşdırılması və ya universal pul alətlərinə keçiddir.

“Köhnə dövrlərdə qızıl belə alət idi və heç bir dövlətin siyasətindən asılı deyildi. Bu gün dollar hələ də beynəlxalq ticarətdə üstünlük təşkil edir, lakin getdikcə FED siyasətinin girovuna çevrilir”.

Bir neçə gün öncə isə ABŞ-ın ən böyük banklarından biri olan “Silicon Valley Bank” müflis olduğunu elan etdi və bu, 2008-ci ilin maliyyə böhranından sonra ilk belə hal idi. Çox keçmədi ki, daha bir ABŞ bankı “Signature Bank” müflis olduğunu açıqladı.

Hazırda bankların iflas açıqlamaları qlobal maliyyə böhranının yaxınlaşması ilə bağlı narahatlıqlar yaradıb. Mövzunu şərh edən iqtisadçı- ekspert Elman Sadıqov Metbuat.az-a bildirdi ki, ABŞ-ın 16-cı böyük bankı “Silicon Valley Bank”ın ötən ilin yekununda qiymətli kağızlar üzrə əməliyyatlarda 15 milyard dollarlıq reallaşdırılmamış zərəri var idi:

Elman Sadıqov – iqtisadçı-ekspert

“İflasın əsas səbəbi depozitarların öz vəsaitlərini bankdan çıxarmaları idi ki, nəticədə bank depozitlərin hamısını ödəyə bilmədiyi üçün özünü müflis elan etdi. “Silicon Valley” Bank qiymətli kağızlar və səhmlərə böyük investisiyalar yatırmışdı. Reallaşdırılmamış 15 milyard zərər depozitorların bankdan depozitlərini çəkməyə sövq etdi. Depozit qaçışı başladı. Fevral ayında bank səhmdarları bankın xilas planını (planın əsas mahiyyəti səhmdar kapitalının artırılması idi) hazırlasalar da, son anda plandan imtina etmişlər. Depozit qaçışı nəticəsində bankın likvidliyi kəskin pozulmuş, bəzi reallaşdırılmamış zərərləri də reallaşdırmağa məcbur olmuş, sonda isə depozitləri ödəyə bilmədiyini elan edərək iflas qərarını açıqlamışlar. Bankın Böyük Britaniya (BB) qolunu BB-nın HSBC bankı vergi öhdəliklərindən azad olmaq şərtilə 1 funt sterlinqə (simvolik alış) almış, depozitləri isə ödəyəcəklərinin öhdəliyini götürmüşlər. Vurğulayıram ki, bu sadəcə Silicon Valley Bankının Böyük Britaniya qoluna aiddir. Bankın depozit portfeli 211.8 milyard dollardır ki, bunun da 90 faizi sığortalanmayıb. Xatırladım ki, ABŞ-da 250 min dollara qədər depozitlər sığortalanır. Bu bankın isə kifayət qədər böyük və nüfuzlu depozitorları var idi”.

Digər iflas edən bank “Signature Bank”dır Bankın aktivləri 110.4 milyard dollar, depozit portfeli 88.6 milyard dollar, kredit portfeli isə 62.2 milyard dollar idi.İflas edən 3-cü bank isə “Silvergate Capital” idi. Bu bankın depozit portfeli isə cəmi 3.8 milyard dollar idi.

Elman Sadıqovun təhlilinə görə, qiymətli kağızların dəyərlərini itirməsi həmin banklara ciddi zərbə vurdu və depozit qaçışı bankların öhdəliklərini həyata keçirmələrinə əngəl törətdi.

“Bu bankla bağlı diqqətimi çəkən ən önəmli fakt isə budur ki, ABŞ-ın aparıcı kripto birjası olan “Coinbase”in 240 milyon dollarlıq hesabı bu bankda idi. “Coinbase” bu vəsaiti kompensasiya edə bilməsə və ya bu itki onun likvidliyinə ciddi təsir edərsə kriptovalyuta bazarında da ciddi fəsadlar yarana bilər.

Bu məsələ maliyyə-bank sistemində yeni tənzimləmələrin meydana çıxmasına səbəb ola bilər. Məsələn, 1933-cü ildə qəbul edilmiş “Glass–Steagall” qanuna görə investisiya bankları depozit cəlb edə bilməzdilər. 1999-cu ildə bu qanun “Gramm–Leach–Bliley” qanunu ilə ləğv edilmişdi. İnvestisiya banklarının depozit cəlbini qadağan edən yeni Qanununun lehinə və əleyhinə olan ciddi maliyyə təşkilatları mövcuddur.Bu iflaslarda diqqət çəkən məqamlar çoxdur. FED-in inflyasiyanı boğmaq məqsədilə faiz artımları nə inflyasiyanı kifayət qədər aşağı sala bildi, nə də əmək bazarı və iqtisadiyyatdakı qızmanı soyuda bildi”.

Elman Sadıqov hesab edir ki, iqtisadiyyatda davam edən qızma təhlükəlidir və partlayışla nəticələnə bilərdi. Soyutma vacib idi. Ekspert qeyd etdi ki, faiz artımları dünyanın inkişaf etməkdə olan ölkələrində dollar qıtlığı ilə nəticələnsə də ABŞ-ın özündə köpüklərin azalmasına baxmayaraq iqtisadiyyat qızmaqda davam edirdi.

Bəs nə üçün yaranmış vəziyyət barədə ABŞ bank tənzimləyiciləri ictimaiyyəti öncədən məlumatlandırmayıb?

Elman Sadıqov bu suala cavab olaraq dedi ki, batan banklardakı depozitlərin 90%-ə qədəri iri və sığortalanmamış depozitlər olması, ABŞ-ın məsələyə sakit yanaşması, iflaslara göz yumması əslində məsələnin ABŞ-ın nəzarətindən və istəyindən kənar baş vermədiyini göstərir.

“Dünyada baş verən hər bir hadisənin, xüsusilə böhranların öz kontrolu altında olmasına üstünlük verən ABŞ nəzarətsiz resesiya və böhrandansa öz nəzarəti və senarisinə uyğun resesiya və böhranın olmasına üstünlük verər və verdi də. Bundan sonra köpüklərin azalması, partlaması, iqtisadiyyatda tənzimləmələrin davam edəcəyi görünməkdədir”.

Yaranmış vəziyyət Azərbaycana necə təsir edə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür:

Vüqar Bayramov da bu təklifi

Vüqar Bayramov – Millət vəkili

“Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.

Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Azərbaycanda hələ ki üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu