Bayram günlərində belə qidalanın

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Novruz süfrəsini bol çeşidli yemək və şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də bayram günlərində qidalanmaya xüsusi diqqət yetirilməlidir, çünki bu zaman qidalanmada yol verilən yanlışlıqlar ciddi fəsadlara səbəb ola bilər.

Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Yeməklərin və digər qidaların istifadəsinin balanslaşdırılması diqqətdə saxlanılmalıdır. Qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi də vacib şərtdir, çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladığı elmi məqalədə bəhs olunur.

Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır. Həmçinin zəif həzm olunan karbohidratlarla zəngin kartof və lobya əlavə edilmiş yeməkləri, çörəyi, xəmir məhsullarını və digər qidaları ayrıca istehlak etmək lazımdır. Eləcə də bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin.

Bayram günlərində yeməklərlə salatların hazırlanmasında daha geniş istifadə olunan yüksək qidalılıq dəyərinə malik məhsullardan olan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etməyi məsləhət görürlər. Ev şəraitində hazırlanmış mayonezdən istifadə tövsiyə olunur. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil isə onların düzgün şəraitdə saxlanılmasıdır.

Xörəklərin ardınca yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malik qidalardır. Unutmayaq ki, həmin şirniyyatlarla bərabər təzə meyvə və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır və bu da artıq çəkinin yaranmasına və piylənməyə gətirib çıxarır. Belə ki, qlükoza qan dövranına daxil olur və fizioloji proseslərin həyata keçirilməsi üçün istehlak edilir. Həddindən artıq qlükozanın insulinin təsiri ilə qlikogen əmələ gətirməsi sonradan qaraciyərdə yağ olaraq toplanır.

Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur və bu da həddindən artıq yeməyin qarşısını alır.

Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Xüsusilə də su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Suyun mütəmadi qəbulu lazım olandan artıq yeməyin qarşısını alır. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur.

Bayram günlərində düzgün və balanslı səhər yeməyi də sağlam qidalanmanın əsas amillərindəndir. Faydalı səhər yeməyi bədənə gümrahlıq verir, həzm sisteminin funksiyasına müsbət təsir göstərir, insanı tox saxlayır və əhvali-ruhiyyəni yaxşılaşdırır. Bayram günlərində fiziki aktivliyin yüksək olması isə düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu