33 il əvvəl dünya mətbuatı 20 Yanvar barədə nə yazıb?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sovet qoşunlarının Bakı şəhərində nümayiş keçirən etirazçılara qarşı hücumundan 33 il ötür. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş Sovet ordusunun əsgərləri etirazı yatırmaq üçün hərbi texnikadan istifadə edir. Nəticədə yüzlərlə sakin qətlə yetirilir və xəsarət alır.

Üzərindən 33 il keçmiş qanlı yanvar hadisələri, həmin günlər dərc edilmiş Britaniyanın nüfuzlu qəzetlərində də işıqlandırılıb.

The Guardian, 22 yanvar 1990

“The Guardian” qəzetinin 22 yanvarda dərc edilmiş “Bakını itaətsizlik ruhu bürüyüb” sərlövhəli yazısında isə minlərlə qəzəbli və məyus azərbaycanlının rəsmi Moskvanın kütləvi aksiyalara qoyduğu qadağaya məhəl qoymadan parlament binasının önündə toplaşdığı yazılır.

Xəbərdə qeyd olunur ki, Sovet rəhbərliyi “qeyri populyar partiya lideri olan Əbdürrəhman Vəzirovu vəzifəsindən azad etməklə millətçiləri razı salmağa çalışıb”.

“Sovet ordusuna qarşı döyüşdə iştirak etmiş hərbi məktəb tələbələri Bakı küçələrində keşik çəkir, on minlərlə insan isə qanlı hadisənin qurbanlarını anmaq üçün toplaşıb,” qəzet yazır.

Xəbərdə Sovet qoşunlarına qarşı müqavimətdə azərbaycanlı hərbçilərə gürcüstandan gəlmiş kadetlərin də kömək göstərdiyi vurğulanır. Bu barədə Sosial Demokrat qrupunun nümayəndəsi Arif Yunusovun məlumat verdiyi bildirilir.

Komsomolskaya Pravda qəzetinin Bakıdakı müxbiri Andrey Krainiyə istinadən qəzet yazır ki, ölənlərin sayı “yüzlərlədir”.

“İnsanlar, “biz ölənlərin qısasını alacağıq. Biz bunu heç vaxt unutmayacağıq”, deyə qışqırırlar. Bakıdakı ruslara qarşı da artıq bir neçə hücum olub,” müxbir bildirib.

Xəbərdə kütləvi dəfn mərasiminə çağırışların olduğu, şəhər boyu binalardan qara bayraqların asıldığı və bir çox avtomobilin antenalarına qara lentlərin bağlandığı yazılır.

Qəzet yazır ki, “fikrində qəti və yorğun görünən” prezident Qorbaçov televiziya vasitəsilə çıxış edərək qarşıdurmaya son qoymağa çağırıb və hadisələrə görə “silahlı millətçi vəzifəpərəstləri” günahlandırıb.

Həmçinin bildirilir ki, minlərlə ehtiyatda olan Sovet hərbçisi artıq geri dönməyə başlayıb.

The Times, 22 yanvar 1990

Yanvarın 22-də “The Times” qəzetində də “Göz yaşlı Bakı izdihamı Sovet qoşunlarına qarşı müqavimət göstərir” başlıqlı yazı dərc edib.

“Küçələrdə cəsədlər durduğu halda snayperlər atəş açır”, qəzetdə yazılır.

Xəbərdə qeyd olunur ki, Ermənistan və İranla əhatə olunmuş Azərbaycan ərazisi olan Naxçıvan, Sovet İttifaqından ayrıldığını və müstəqil islam respublikası elan edəcəyini bəyan edib.

The Independent, 22 yanvar 1990

“The Independent” isə 20 yanvarla bağlı özünün 22 yanvar sayında geniş yazı dərc edib. “Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır” başlıqlı yazıda da hərbi məktəbin tələblərinin Sovet ordusuna qarşı atəş açdığı qeyd olunur.

“Paytaxt Bakıda həftə sonu baş vermiş qanlı hərbi müdaxilənin ardından nifrət və qəzəb artmaqdadır”, xəbərdə deyilir.

Qəzet İran mətbuatına istinadən yazır ki, Naxçıvandakı azərbaycanlılar İranla sərhədi təşkil edən Araz çayı üzərində üzən körpü tikirlər.

Həmçinin qeyd olunur ki, ermənilərin ardından rus və ukraynalılar da cavab tədbirlərindən ehtiyatlanaraq şəhəri tərk edirlər. Bakı doğumlu, yarı erməni əsilli şahmat çempionu Harri Kasparovun isə qırğına görə cənab Qorbaçovu günahlandırdığı qeyd olunur.

Financial Times, 22 yanvar 1990

“Financial Times” qəzeti də 22 yanvar sayında yazır ki, azərbaycanlı millətçilər tərəfindən nəzəratə götürlümş Bakıdakı televizya stansiyası cümə günü partaldılıb, yayımlar hələ də bərpa olunmayıb.

“Eyni zamanda Kommunit Partiyasının minlərlə azərbaycanlı üzvü öz partiya biletlərini ya yandırır, ya da geri qaytarırlar,” xəbərdə deyilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu