Süleyman Sani Axundov nə üçün özünə qəsd etmişdi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi.

Bəs nə üçün Süleyman özünə qəsd etmişdi?

Tədqiqatçıların yazdığına görə, yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etiraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kiçik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançılıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb).

Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir. Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir.

Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin heç də xoşuna gəlmir. Belə olduqda Süleymanı cəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan birbaşa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir…

Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: “1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi”.

Tarixdə iz qoyanlar: Mülkədar oğlunun cəfalı ömrü - Anasının dəfninə görə  borca girən Süleyman Sani Axundov

Tədqiqatçı alim Aslan Kənan isə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı əsərində bu hadisə haqqında məlumat verərək seminariya rəhbərliyinin, xüsusən də N.S.Streletskinin direktorluq etdiyi illərdə apardığı intiriqabazlıqdan, azərbaycanlı seminaristlərə qarşı etdiyi kobudluqdan və haqsızlıqlardan geniş bəhs edərək bu məsələyə aydınlıq gətirir.

Bu faktı A.O.Çernyayevskinin 1893-cü ildə Qafqaz Təhsil Dairəsinə yazdığı izahat bir daha təsdiq edir. S.S.Axundovun intihar cəhdini “özlüyündə fövqəladə dərəcədə qəmgin bir fakt” hesab etmiş və şagirdlərin bu vəziyyətə gəlib çıxmasının günahkarı N.S.Streletskini və onun seminariyada direktor olduğu dövrdə təlim-tərbiyə sahəsində apardığı yarıtmaz iş üsulu ilə əlaqələndirmişdir.

Amma onu da qeyd edək ki, Süleyman seminariyada oxuduğu zaman müsəlman şöbəsinə A.O.Çernyayevski başçılıq edirdi. Azərbaycanlıların seminariyaya qəbul edilməsində çox böyük köməkliyi olan A.O.Çernyayevski sanki Süleymana qarşı münasibətdə səhvə yol verdiyini bu məktubunda etiraf edir…

Tədqiqatlardan və xatirələrdən belə bəlli olur ki, S.S.Axundov seminariyada oxuduğu illərində daha çox kədərli hadisələr yaşamışdı. O, bu hadisələri ilk dəfə qələmə alaraq, bir neçə il sonra Abdulla Şaiqə göstərmiş və ondan məsləhət almışdır. Beləliklə, hələ seminariyanın ikinci sinfində oxuyan Süleyman yaradıcılıq aləminə qədəm qoymuş və illər sonra Azərbaycanın görkəmli yazıçısı kimi tanınmışdır.

20-ci yüzilliyin əvvəllərində ədəbiyatımızın, maarifimizin ən görkəmli nümayəndəsi olan yazıçı, pedaqoq Süleyman Sani Axundov ömrünün sonuna kimi bu haqsızlığı “böyük qardaş”larımıza bağışlamır.

Qarabağda sayılan-seçilən bir nəslin övladı olan Süleyman 1875-ci ildə Şuşa da Rzaqulu bəyin ailəsində dünyaya gəlib.

Babası Dərgahqulu bəyin Şuşanın o vaxtkı Seyidli məhəlləsində və Ağdamın Seyidli kəndində bağlı-bağatlı mülkü var imiş. Böyük torpaq sahibi və “cins ilxıları” olan Rzaqulu bəyin ailəsi yayı Şuşadakı, payızı isə kənddəki mülkündə keçirərmiş. Xeyirxahlığı, rəiyyətlə xoş rəftarı və əməksevərliyi ilə seçilən ailə nəinki Şuşada, hətta bütöv Qarabağda böyük hörmət, rəğbət sahibi olub.

Süleyman anadan olanın ikinci günü atası qəfl dünyasını dəyişir. Süleyman və bacı-qardaşı qalır anası Dürnisə xanımın və dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində. (Bəzi tədqiqat əsərlərində Süleymanın təhsil almasında əmisi oğlu Tağının da böyük rol oynadığı söylənilir). Dayısı Səfərəli bəy 1884-cü ildə Qori Müəllimlər Seminariyasının direktorunun adına ərizə yazaraq Süleymanı seminariyanın tatar şöbəsinə qəbul etməyini xahiş edir və 1884-85-ci dərs ilində Süleyman seminariyanın ibtidai məktəbinə daxil olur.

Süleyman Saninin tədrincə desək “qapalı pansion”dakı cəzalandırma tədbirləri, ruslaşma siyasətinin təbliği, tatar şöbəsinə qarşı olan haqsızlıqlara dözmək çox çətin olsa da, arxiv sənədləri sübut edir ki, əksər azərbaycanlı seminaristlər bu məktəbi əla xasiyyətnamə ilə başa vurublar. S.S.Axundova verilən xasiyyətnamədə yazılıb:“Bacarıqlıdır, çalışqandır, səliqəlidir, nəzakətli və sakitdir. Təmkinli, intizamlı, icraçı, utancaq, vüqarlı və tez inciyəndir. Ən yaxşı tələbələrdən biridir”.

1894-cü ildə seminariyada təhsilini başa vuran 19 yaşlı Süleymana xalq müəllimi adı verilir. O, ilk olaraq Bakıda üçüncü rus-tatar məktəbində pedaqoji fəaliyyətə başlayır. 1905-1911-ci illərdə gənc Süleyman Bakıda 7-ci rus-tatar məktəbin də, 1912-15-ci illərdə isə 4-cü rus-tatar məktəblərində direktor işləyir.

Ölkədə maarifi, elmi təbliğ etmək üçün pedaqoji işlə yanaşı, teatrında böyük rol oynadığını dərk edən S.S.Axundov yazırdı: “Mən mövhumat, avamlıq və ətalətə mübarizə etmək üçün ən yaxşı vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa başladım”.

1899-cu ildə “Tamahkar”ı yazan S.S.Axundov 1905-ci ildə “Yuxu”, 1906-cı ildə “Bəhs”, “Kövkəbi-hürriyyət” adlı hekayələrini, “Dibdat bəy”, “Türk birliyi” adlı satirik komediyalarını yazır. “İrşad” qəzeti, “Dəbistan”, “Məktəb” və Rəhbər” jurnalları ilə yaxından əməkdaşlıq edən Süleyman sovet dövründə “Şərq qadını”, “Maarif və mədəniyyət” jurnallarında da ara-sıra çap edilib. Elə Sani təxəllüsünü də “Məktəb”lə əməkdaşlıq edərkən götürüb. O, burada “Qorxulu nağıllar” başlığı altında “Qaraca qız”, “Əhməd və Məleykə”, “Abbas və Zeynəb” və s. hekayələrini çap etdirir.

Yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı bir çox ictimai işlərdə də yaxından köməklik edən S.S.Axundov “Nicat”, “Cəmiyyəti-xeyriyyə”, “Nəşri-maarif”, “Səfa” və “Səadət” cəmiyyətlərinin ən fəal üzvlərindən olub. Xeyirxah, nəcib, alicənab olan Süleyman təkcə öz qohum-əqrəbalarına deyil, yoxsul, kimsəsiz tələbələrinə də yardım edib, qayğı göstərib. Bu haqda “İrşad” qəzetinin 2 yanvar 1907-ci il tarixli sayında ətraflı məlumat verilib. “Füqəra və möhtaclara ianə” yığılmasında Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Fərhad Ağazadə və Süleyman Sani daha çox yardım etmişlər”.

Müəllifin “Tamahkar” pyesi 1905-ci il dekabrın 5-də Bakıda tamaşaya qoyulur. Tamaşadan əldə olunan vəsaiti Bakı məktəblərində oxuyan müsəlman tələbələrə çatdırmaq üçün müsəlman xeyriyyə cəmiyyətinə göndərilir.

Bu illər Bakıda Süleymanın işləri yaxşı olsa da, anası Dürnisə xanım onun təkliyi üçün çox narahat idi. Odur ki, oğlunu qardaşı qızı Nigarla evləndirmək istəyir. Nigar Süleymandan 19 yaş kiçik olduğu üçün Süleyman bu izdivaca razılıq vermir. Bakıda savadlı, müsəlman bir qızla evlənir. Sadə, lakin xoşbəxt yaşayan bu cütlüyün bir oğlu olur. Ana xeyir-duası almayan Süleyman xoşbəxt ola bilmir. Körpə oğlunun və sevimli ömür-gün yoldaşının qəfil ölümü Süleymana həyatda ən ağır zərbə olur.

Ona ikinci böyük zərbəni isə “böyük qardaşları” bəxş edir. Belə ki, 1937-ci ildə bəy ailəsindən olduğuna görə ilk təqibə məruz qalan böyük qardaşı Rüstəm olur. Maddi çətinlik və hədə-qorxu ilə üz-üzə qalan Rüstəm haqsızlıqlara dözməyib vəfat edir. Sonra isə təqiblər başlayır Rüstəmin həyat yoldaşı Soltan xanıma. Dəfələrlə evində axtarışlar aparılır, əmlakı müsadirə edilir. Qorxudan qadının dili tutulur və ürəyi partlayır. Növbə Süleymanın əmisi oğlanlarına çatır. Nəriman, Yəhya, Əsəd, İldırım, Bahadur “xalq düşməni” adı ilə gedər-gəlməzin qurbanı olur. Bu haqsızlıqlar Süleyman Sani Axundova çox əzab verirdi.

Bu haqda ədəbiyyatşünas alim, xeyirxah ziyalı Abbas Zamanov yazırdı: “…Bir gün Süleyman Saniyə baş çəkməyə getmişdim. Çox zəifləmişdi. Çarpayıda uzanmışdı. Sanki heç kəslə danışmaq istəmirdi. Sakit və məyus halda üzümə baxaraq dedi: “ Vaxt çatıb…”.

Uşaqlığından ahıllığına kimi “böyük qardaşlarının” haqsızlığına, təhqirinə, təqibinə məruz qalan Süleyman Sani Axundov 1939-cu il martın 29 vəfat edir. Sürgündən, həbsdən, ağır işgəncələrdən və ən əsası təhqirlərdən uzaq olan bu “sakit” ölümünə yəqin ki, özü də “sevinib”.

Sonda yadıma dahi Üzeyir bəyin sözlər düşdü. Uzaqgörən və xeyirxah Üzeyir bəy yazırdı: “Biz hamımız Qafqaz balalarıyıq, mədəniyyət və mərifətimiz cəhalətədə qalanlarımıza, qüvvətlimiz zəifimizə, sərvətlimiz tavansızlarımıza arxa olmalıdır. Bu əsas üzrə dolanmalıyıq ki, əğyardan yetişən zərbələr də üzərimizdə əsərnəzir olmasın”.

Allah sənə rəhmət eləsin, Üzeyir bəy! Bir əsrə yaxın bunu bacarmadıq. Bacarsaydıq, Süleymanlar kimi yüzlərlə oğulları qurban verməzdik. Barı bu gündən belə bir-birimizə Üzeyir bəy demiş “ARXA” olaq!

Qərənfil Dünyaminqızı

Filologiya üzrə fəlsəfə doktoru



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu