1455133

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanlı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış hüquqşünas Aslan İsmayılova Taleh Şahsuvarlının barışıq təklifi ilə bağlı müraciət edib.

Musteqil.az həmin müraciəti təqdim edir:

“Hörmətli Aslan müəllim,

Siz ölkəmizdə kifayət qədər tanınmış, nüfuzlu hüquqşünassınız. Azərbaycan mediası ilə hər zaman sıx əlaqələriniz olub. İstər peşəniz müstəvisində, həm də ziyalı kimi mövqeyinizlə zaman-zaman müstəqil medianın inkişafına, onun hüquqi bazasının təkmilləşməsinə töhfələr vermisiniz, jurnalistlərin həvəslə üz tutduqları müsahiblərdənsiniz.

Ayrı-ayrı kütləvi informasiya vasitələrindəki çıxışlarınız, yazılarınız, müxtəlif məsələlərlə bağlı sosial şəbəkələrdəki paylaşımlarınız ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşməsinə müstəsna dəstək xarakteri daşıyıb. Təəssüf ki, bir sıra hallarda bu mövqeyiniz müəyyən şəxslərin qısqanclığı ilə qarşılanıb, Sizə qarşı xoşagəlməz düşüncə və mülahizələrin şahidi olmuşuq.

Uzun müddətdir “Aznews.az” saytının rəhbəri, həmkarımız Taleh Şahsuvarlı ilə davam edən məhkəmə çəkişməsinin təfərrüatları da diqqətimizdədir. Qeyd edim ki, T.Şahsuvarlı Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə müraciət edərək Sizinlə arasında yaranmış problemin mövcudluğuna görə dərin təəssüf hissi keçirdiyini , yazılarının sizdə yaratdığı narahatlığa görə üzrxahlığını bildirib, məhkəmə çəkişməsinə yol açan məqalələrin və Sizinlə bağlı sosial şəbəkələrdəki paylaşımlarının silinməsinə hazır olduğunu vurğulayıb. Aydın görünür ki, jurnalist cəmiyyətdə yetərincə səs-küy yaratmış bu insidentin uzanmasını istəmir, münasibətlərin normal məcrada qurulmasını, barışıq əldə edilməsini arzulayır.

Hörmətli Aslan müəllim, sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz.

Sizə təşəkkürümü bildirir , gələcək fəaliyyətinizdə uğurlar və mənəvi dinclik arzulayıram”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//vaikijie.net/4/5013541