Pakistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu universitetlərindən olan İqra Universiteti ilə birgə Pakistanda Umummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan “Dövlətlərarası münasibətlərin inkişafında şəxsiyyətin rolu Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirib.

Seminarda Universitet rəhbərliyi və tələbələr, Səfirik əməkdaşları, eləcə də Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfirliyindən bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş seminarda əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək, hər il dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün qeyd olunduğunu bildirib.

Heydər Əliyevin həyat və fəaliyyətindən danışan səfir Azərbaycan xalqının uzaqgörən Liderinin ölkənin inkişafına müstəsna töhfələr verdiyini vurğulayıb, müasir dövlətçiliyimizin formalaşmasında böyük rol oynadığını diqqətə çatdıraraq, Ulu Öndərin bütün həyatını ölkəsinə həsr etdiyini deyib.

Müstəqilliyin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidlər və risklərin olduğunu qeyd edən səfir, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini vurğulayıb.

Səfir Ümummilli Liderin xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını bildirərək, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edən X.Fərhadov Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkədə yüksək templi sosial-iqtisadi inkişafın təmin olunduğunu və beynəlxalq münasibətlərdə güclü mövqeyə malik ölkəyə çevrildiyini qeyd edib.

Səfir iki qardaş ölkənin münasibətlərinə də toxunaraq Heydər Əliyevin Pakistana həmişə xüsusi diqqət yetirdiyini, Azərbaycan ilə Pakistan arasındakı əlaqələri qardaş və strateji münasibətlər adlandırdığını vurğulayıb. Ölkəmizin müasir tarixinin Heydər Əliyevsiz təsəvvür etməyin mümkün olmadığını ifadə edən X.Fərhadov, Azərbaycan xalqının hər zaman dahi rəhbərin siyasətinə sadiq olduğunu bildirib. Səfir Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra səfir Pakistanın milli lideri Muhammad Əli Cinnah barədə söhbət açaraq onun Pakistanın inkişafı istiqamətində apardığı uğurlu siyasətdən bəhs edib.

Tədbirdə İqra Universitetinin Beynəlxalq əlaqələr departamentinin direktoru Məhəmməd Rizvan Bari, Sosial Elmlər Departamentinin professoru Məhəmməd Şəhriyar Xan, Pakistan Ali Məhkəməsinin vəkili Şah Kavar çıxışlarında Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, hər iki liderin ölkələrinin inkişafı və rifahı naminə apardığı uğurlu siyasətdən danışıb və onların əziz xatirələrini dərin hörmətlə yad etdiklərini ifadə ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu