1455782

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Mənim qızım günahsız bir mələk idi. Onun intihar edərkən beş aylıq hamilə olması barədə məlumatlar həqiqətə uyğun deyil”.

Musteqil.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl özünü Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cabbarova deyib.

O, qızının intiharında Masallıda yaşayan, evli və üç uşaq atası olan Rasim adlı şəxsi (yazıda adıkeçən qarşı tərəflə əlaqə saxlaya bilmədiyimiz üçün adını şərti təqdim edirik – red.) ittiham edib:

“Həmin adam 11 ay qızımın arxasınca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. İlkin müayinə zamanı da bizə bildirildi ki, qızımın heç kimlə münasibəti olmayıb və bakirə olub. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!”

S.Cabbarova əlavə edib ki, hadisədən əvvəl bir neçə dəfə, eləcə də intiharın baş verdiyi gün Rasim qızı Rüqayəni döyüb:

“Həmin şəxs qızıma deyib ki, 30 yaşı var, subaydır, sonra isə evli olduğunu etiraf edib. Həmin adamın iki həyat yoldaşı, üç uşağı var, həqiqətdə isə 1985-ci il təvəllüdlüdür. Onun çoxlu cinayətləri olub, hətta bir ailəni maşınla vurub, ailənin bütün üzvləri rəhmətə gediblər. Onun bu hala saldığı tək Rüqayə deyil. Rüqayə yeddinci qızdır ki, onun ucbatından bu haldadır. Hətta Rasim bir gün qızıma bir şəkil atıb. Şəkildə bir qızın başdaşını qucaqlamış vəziyyətdə olub. Qızıma yazıb ki, bax, bu qız mənim sevgilim olub, mənə görə intihar edib. Masallıda neçə-neçə obyektləri var, qızıma yalan vədlər verib və axırıncı gün deyib ki, ayrılaq, mən ailəmi sevirəm. Rüqayə də deyib, “məni aldatdın, niyə məni özünə bağladın?” O da deyib ki, “Məni sevirsənsə, get özünü öldür”.

R.Hüseynovanın anası əlavə edib ki, qızını sevdiyini bildirən şəxs onu dəfələrlə döyüb:

“Hətta başına silah dayayaraq dəfələrlə ölümlə hədələyib. Qızımın telefonu polisdədir, dediyim bütün faktlar həmin telefonda var”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Rüqayə Hüseynovanın hər hansı zorakılığa məruz qalması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb.

Qeyd edək ki, intihar hadisəsi dekabrın 5-i gecə saat 23 radələrində baş verib. 2004-cü il təvəllüdlü R.Hüseynova özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq həyatına son qoyub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541