​AMEA-da Şuşanın 270 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 5-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Metbuat.az-a bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə “Şuşa İli” çərçivəsində Tarix İnstitutunda hazırlanmış nəşrlərdən və müəssisənin əməkdaşı Cəmaləddin İsmayılovun müəllifi olduğu rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını Akademiyanın Rəyasət Heyəti adından salamlayıb. Qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən mühüm və nadir hadisəsidir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, ötən iki il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin məntiqi davamı olan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” müstəqil Azərbaycan Respublikasının ən möhtəşəm Dövlət proqramlarından birincisidir.

AMEA rəhbərinin sözlərinə görə, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi Qarabağda başlayan yeni həyatın, bütün sahələrin, eləcə də elmin dönüşünü sürətlə həyata keçirməyə meydan açan mühüm dövlət sənədidir. Qarabağa Böyük Qayıdış, “Şuşa İli” və Şuşa şəhərinin 270 illiyi ilə bağlı AMEA-da bir çox yerli və beynəlxalq konfransların keçirildiyini, monoqrafiya və kitabların çap edildiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın ölkə başçısının müvafiq sərəncamları işığında özünün elmi “Şuşanamə”sini hazırlamasının vacibliyini vurğulayıb.

Diqqətə çatdırıb ki, bu günlərdə Akademiyada Qarabağa və “Şuşa İli” çərçivəsində keçirilən tədbirlərin yekunlarına həsr olunan AMEA-nın Rəyasət Heyətinin genişləndirilmiş iclası baş tutacaq: “Cənab Prezident İlham Əliyevin Şuşa şəhərini dünyanın ən gözəl şəhərlərindən birinə çevirməklə bağlı çağırışları bizim tədqiqatlarımızda elmi əsasını tapmalıdır. Qarabağda icra edilən geniş quruculuq işləri ölkə başçısı İlham Əliyevin iradəsilə həyata keçirilən Böyük Qayıdışın epopeyasıdır. Qarabağa, Şuşaya yenidən qayıdış Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir. Birinci və İkinci Qarabağ müharibələrinin tarixi salnaməsi elmi əsaslarla yazılmalıdır. Ötən iki il ərzində Qarabağın, Şuşanın toponimləri, folkloru, ədəbi-mədəni mühiti, arxeologiyası, etnoqrafiyası, tarixi, coğrafiyası, iqlim xüsusiyyətləri və s. istiqamətlərdə AMEA-da respublika və beynəlxalq səviyyəli konfranslar keçirilib, beynəlxalq ictimaiyyət tədbirlərə cəlb edilib. Bu, ölkə başçısının Şuşa ilə bağlı müvafiq sərəncamlarına Akademiyanın qurumlarının dəstəyinin ifadəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasına elmin dəstəyinin təmin edilməsi bizim əsas vəzifələrimizdəndir”.

Akademik çıxışının sonunda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda professor Kərim Şükürovun baş direktorluğu ilə aparılan tədqiqatları yüksək qiymətləndirib, bu müəssisənin üzərinə Qarabağın elmi salnaməsinin hazırlanması, eləcə də Böyük Qayıdışın epopeyasının yaradılmasında istiqamətləndirici funksiyasının düşdüyünü söyləyib.

Sonra Şuşa şəhərinin 270 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransda, həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun “Şuşanın erməni tarixşünaslığı: saxtakarlıq və işğalçılıq ideologiyası”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Şuşa: Azərbaycanın mədəniyyət paytaxtı” və Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundovanın “Şuşanın məhəllələri” mövzusunda məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini “Şuşanın tarixi. Sosial-siyasi və dini həyatı”, “Ermənilərin Şuşada törətdiyi soyqırımları. Tarix və mədəni irsə qarşı erməni vandalizmi”, “Şuşanın mədəni həyatı”, “Şuşa beynəlxalq aləmdə. Qardaşlaşmış şəhərlər” və “Şuşa Bəyannaməsi” adlı bölmə iclasları ilə davam etdirib. Dekabrın 6-dək keçiriləcək konfransda Türkiyə, Ukrayna, Polşa, Albaniya və s. ölkələrdən olan alimlərin 40-dan çox məruzəsi dinləniləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu