1455859 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 13-də AMEA-nın Əsas binasında Azərbaycan fiziologiya məktəbinin görkəmli nümayəndəsi, böyük ictimai xadim, istedadlı elm təşkilatçısı, akademik Hüseyn Həsənovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Musteqil.az-a AMEA-dan verilən məlumata görə, əvvəlcə akademik Hüseyn Həsənovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli fizioloq alim Hüseyn Həsənovun Akademiyanın inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.

O, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlməsi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən AMEA-da böyük inkişafın müşahidə olunduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, 1975-ci ildə Akademiyanın SSRİ-nin ən əhəmiyyətli ordenlərindən biri olan “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi həm də həmin dövrdə AMEA-da yetişmiş görkəmli alimlərin yorulmaz fəaliyyətinin nəticəsi idi. AMEA prezidenti bu dövrdə fiziologiya elmində məktəb yaratmış, davamçılar yetişdirmiş akademik Hüseyn Həsənovun böyük fizioloq alim Abdulla Qarayevin ənənələrini yaşadaraq daha da müasirləşdirdiyini vurğulayıb. Qeyd edib ki, fizioloq alimin elmi ideyaları bu gün onun tələbələri tərəfindən yaşadılır, daha da möhkəmləndirilir və uğurla davam etdirilir.

Akademik Hüseyn Həsənovun fiziologiya elminin inkişafında müstəsna xidmətlərindən danışan AMEA rəhbəri onun əsərlərinin SSRİ sərhədlərini aşaraq dünyanın nüfuzlu nəşriyyatlarında dərc olunduğunu bildirib. O, görkəmli alimin beynəlxalq konfranslarda Azərbaycan elmini layiqincə təmsil etdiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Hüseyn Həsənovun Fiziologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə elmimizin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi, elmi ideyalarla zənginləşdirilməsi istiqamətində yorulmaz fəaliyyəti ilə seçildiyini qeyd edib.Bildirib ki, alimin elmi nailiyyətləri və respublikada fiziologiyanın inkişafına verdiyi töhfələr Azərbaycanın elm tarixində öz layiqli yerini tutur.

AMEA prezidenti çıxışının sonunda akademik Hüseyn Həsənovun ailə üzvlərini bugünkü tədbirdə görməkdən məmnunluğunu ifadə edib, bu şərəfli nəslin adını uğurla davam etdirmələrini arzu edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Azərbaycan fiziologiya elminin inkişafında akademik Hüseyn Həsənovun rolu” adlı məruzə ilə çıxış edərək tanınmış elm adamlarının, həyatlarını Azərbaycan elminin yüksəlişinə sərf etmiş insanların daim xatırlanmasının, yubileylərinin qeyd edilməsinin, adlarının əbədiləşdirilməsinin dövlət siyasətinin istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan fiziologiya elminin görkəmli nümayəndələrindən olan akademikHüseyn Həsənovun yubileyinə həsr edilmiş bugünkü yığıncağın da məhz belə tədbirlərdən olduğunu vurğulayıb.

Vitse-prezident akademik Hüseyn Həsənovun dərin düşüncəli alim və uzaqgörən elm təşkilatçısı olduğunu qeyd edərək, müasir dövrümüz üçün aktual məsələlərdən olan beyin fiziologiyası, neyrofiziologiya üzrə tədqiqatlara hələ 1970-ci illərdə, akademik Hüseyn Həsənovun Fiziologiya İnstitutuna rəhbərliyi dövründə başlandığını bildirib: “Fizioloq alim o zaman neyrofiziologiya sahəsində SSRİ-nin müxtəlif elm mərkəzləri ilə, hətta Şərqi Avropa ölkələrinin bəzi tədqiqat institutları ilə əlaqələr yaratmışdı. Bu mərkəzlərə ezam olunub hazırlıq keçən gənc tədqiqatçılar beyin problemlərinin müxtəlif istiqamətlərində işləməyə başlamışdılar və Azərbaycanda fiziologiya sahəsinin inkişafında bu kadrların mühüm rolu olmuşdur”.

Akademik İradə Hüseynova 1979-cu ildə, akademik Hüseyn Həsənovun Fiziologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında Görmənin fiziologiyası laboratoriyasının yaradılması ilə institutun elmi fəaliyyətində biotibb yönümlü yeni istiqamətin formalaşdığını qeyd edib.

O, Hüseyn Həsənovun xatirəsinin respublikanın elmi ictimaiyyəti tərəfindən daim yad edildiyini, tələbələrinin isə onun qoyub getdiyi zəngin elmi irsi yaşadıb inkişaf etdirdiklərini vurğulayıb.

Daha sonra akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova “Akademik Hüseyn Həsənovun həyat və yaradıcılığı” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziologiya kafedrasının professoru Ədalət Fərəcov, Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, professor Əli Allahverdiyev, həmin institutun Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, professor Fəxrəddin Əskərov və başqaları çıxış edərək akademik Hüseyn Həsənovun tükənməz yaradıcılıq enerjisinə, yüksək təşkilatçılıq qabiliyyətinə malik şəxs olduğunu, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr verdiyini söyləyiblər.

Alimin ailəsi adından çıxış edən Elxan Məlikov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonda akademik Hüseyn Həsənova həsr olunmuş film nümayiş etdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//mordoops.com/4/5013541