“Müəllim niyə gedib kartof əkməlidir?”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Deputat Rüfət Quliyevin müəllimlərlə bağlı açıqlaması sosial şəbəkə əhlinin narazılığına səbəb olub.

Belə ki, millət vəkilinin “Azərbaycanda son 4 ildə mikro və orta sahibkarlığa imkan yaradılıb. Yetər ki, insanlar bu sahədə aktiv olsunlar. Dövlət buna hər cür şərait yaradıb və bütün süni formada olan problemlər yığışdırılıb. Ona görə də, istənilən işi vicdanla görəndə insanın qazancı da olur. Yəni, insanlar elə şəffaf işlər görməlidir ki, sabahları onun mənəvi və maddi əziyyətini çəkməsinlər. Buna görə də, regionlarda ilk öncə torpaq islahatı aparılmalıdır.

İnsanlar istəsələr dolana bilərlər. Sovet vaxtı 3 sotu belə olan insanlar əkin-biçinlə məşğul olurdular. Təbii ki, kənd təsərrüfatı məhsulları ilə qismən də olsa ailələrini dolandırıblar. Lənkəranın özündə məktəb müəllimlərinin bağçaları vardı. Yadımdadır ki, o vaxtlar pomidor, xiyar, kartof əkib becərirdilər” – deməsi etirazlara səbəb olub. Bahalaşmanın aktiv, insanların dolanacaq yerinin passiv fazasında olan dönəmdə deputatı çəkdiyi misala, bu cür fikirləri səsləndirməsinə görə izləyicilər “ağ yuyub, qara səriblər”.

Qeyd edək ki, bir müddət əvvəl Rüfət Quliyevin “yas yerlərində 14 cür konfet qoyulur. Düşünürəm ki, bunların hamısı israfçılıqdır” – deməsi də sosial şəbəkə əhlində böyük etiraz dalğası yaratmışdı.

Metbuat.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, cəmiyyətdə söz demək cinayət kimi qarşılanır:

“Boş-boş danışan, şou çıxaranların dalınca gedirlər. Cəmiyyət budur. Niyə kimsə fikir səsləndirməsin?!”

Deputat hesab edir ki, israfçılıq doğrudanda Azərbaycan xalqının milli xarakteridir:

“İsrafçılıqdan qurtarmaq mümkün deyil. Bunun qurtarmamağın səbəbi budur ki, insanlar şöhətpərəstdir, məsrəflərlə keçinirlər. Bu gün nə varlılar israfı azaldır, nə kasıblar. Ona görə də, cəmiyyət ikiqat çətinlik çəkir. Azərbaycanda kasıb təbəqə daha çoxdur. Bizdə varlı çox yoxdur ki, əsas kasıblardır. Get-gedə də yoxsullaşma artır. Yoxsullar təmtəraqlı tədbir keçirmək üçün borca girirlər”.

Cəmiyyətin öz həyatını yaşamadığını, başqasına xoş gəlmək üçün yaşadığını deyən Parlament üzvü bildirib ki, həmkarının müəllimlərin yaşayışı, sosial rifahı ilə bağlı səsləndirdiyi fikirlərlə isə razı deyil:

“Bu məsələ ilə razı deyiləm. Müəllimi bostandan, kolxozdan ayırmaq lazımdır. Müəllimə ən yüksək maaş vermək lazımdır. Müəllim acqarına dərsə girə bilməz. Onlara bütün imkanlar yaradılmalıdır ki, gedib rahat dərslərini deyib çörək qazansınlar. Biz müəllimə verdiyimiz maaşla əslində onlar necə yaşaya bilərlər? Kredit borcunun içində boğulub qalırlar. Keçmişdə bu pis ənənə idi. Müəllim niyə gedib kartof əkməlidir? Müəllimin beyni ancaq “bilik əkməkdir”. Müəllimi stressdən, qayğıdan qurtarmaq lazımdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu