1446826

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkədə fəaliyyət göstərən bir sıra şadlıq evlərinin rəhbərləri ilə onlayn formatda görüş keçirilib. Görüşün keçirilməsində məqsəd şadlıq evlərinin rəhbərlərinin qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də bu sahibkarlıq subyektlərində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.

AQTA-dan Musteqil.az-a verilən xəbərə görə, görüşdə diqqətə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Şadlıq evlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə bağlı qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməlidirlər.

Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, Agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, cari ilin avqust ayından etibarən Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirilir.

Sədr müavini bildirib ki, hazırda Bakıda qanuni şəkildə fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsi mövcuddur ki, bu da paytaxın tələbatını ödəməyə imkan verir. Halbuki şadlıq evləri heyvan mənşəli məhsulları həmin məntəqlərdən deyil, qeyri-qanuni şəkildə fəaliyyət göstərən obyektlərdən tədarük edərək, beləliklə onların fəaliyyətinə tələbat yaradırlar. Sədr müavini vurğulayıb ki, şadlıq evləri tərəfindən tədarük olunan ət və ət məhsulları mütləq baytarlıq arayışı ilə müşayiət edilməlidir ki, həmin sənədləri də elektron qaydada əldə etmək mümkündür. Fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində qurmayan şadlıq evləri barəsində isə müvafiq tədbirlər görüləcək.

Görüşdə o da vurğulanıb ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir. Qeyd olunub ki, şadlıq evlərində çalışanların əksəriyyəti qida ilə birbaşa təmasda olan işçilərdir. Odur ki, şadlıq evlərinin rəhbərləri bu məsələni xüsusilə diqqətdə saxlamalıdırlar. Həmçinin bildirilib ki, şadlıq evlərində obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanarsa, onların işdən azad olunması üçün müvafiq qaydada tədbirlər görüləcək.

Tədbirdə, müşayiətedici sənədləri olmayan qida məhsullarının (o cümlədən alkoqollu içkilərin), saxta şəkildə markalanmış akoqolsuz içkilərin tədarükünün, yararlılıq müddəti bitmiş məhsullardan istifadənin qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

Görüşdə şadlıq evlərinin rəhbərlərinin problemləri də dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541