Şəhid xanımının namusuna sataşdı, qanına qəltan etdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını bıçaqlayan şəxsə hökm oxunub. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Tərtər rayon sakini Ramil Müslümov (ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə 2022-ci ilin aprelin 8-də baş verib. Belə ki, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olan Ramil evə gəldikdə anası Aidə Müslümovanın ağladığını görüb. O, anasından nəyə görə ağladığını soruşduqda, anası təxminən 5 il bundan qabaq onun qayınatası Mirakif Sadıqovun Tərtər rayonunda olarkən evdə ikisi tək qalan kimi onun üstünə hücum edərək “səndən ötrü ölürəm” deyib ona əxlaqsız təklif etdiyini və qucaqladığını, birtəhər müqavimət göstərib əlindən qurtulduğunu deyib. O, sonrakı vaxtlarda da Mirakifin davranışından əl çəkmədiyini, imkan olan kimi əsl sifətini göstərərək, onu ələ keçirməyə çalışdığını, ancaq ötən illər ərzində ailəsini qoruyub saxlamaq xatirinə bu məsələni açıb ona danışmadığını deyib. Amma artıq boşanma ərəfəsində olduğundan anası bu məsələni ona deyib.

Həmin gün Ramil baş verənləri dayısı Soltan Muradova danışıb. O, qəzəblənərək Mirakifə zəng edib və telefonda ondan Aidənin namusuna sataşıb-sataşmadığını soruşub. Mirakif sataşdığını və əcəb etdiyini deyərək telefonu söndürüb. Ramil, dayısı və xalası oğlu maşınla Mirakifin yaşadığı ünvana gedib və Ramil qaynatasına zəng edərək, ondan aşağı düşməyi tələb edib. Mirakif gələndə Ramil ondan anasının namusuna sataşıb-sataşmadığını soruşub. Mirkakif yenə “əcəb eləmişəm” deyib. O, Mirakif hərəkətinin şərəfsizlik olduğunu dedikdə, Mirakif onun üzündən yumruqla vurub. Ramil avtomobilinə gedərək bıçaq götürüb və geri qayıdıb. Qayınatasının yanına çatanda bıçaqla onun qarın nahiyəsindən iki dəfə xəsarət yetirib. O, həmin gün polis bölməsinə gedərək əməlini etiraf edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramil Müslümov ona elan olunan ittiham üzrə özünü tam təqsirli bildiyini deyib: “Uşaqlıqdan gözdən əliləm. Atam və əmim birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə eyni gündə şəhid olublar. İki qız övladım var. Hadisə baş verəndən sonra dayım Tofiq onu bıçaqladığımı bilib etdiyim əməl barədə polisə məlumat verməyimin vacib olduğunu dedi. Razılaşdım. Daha sonra 35-ci Polis Bölməsinə tərəf getdik. Saat 24 radələrində 35-ci Polis Bölməsinə çatdıq və baş vermiş hadisəni bölmədə etiraf etdim. Mirakif şəhid atamın namusuna sataşdığı üçün bıçaqla vurdum. Sonradan Mirakiflə aramızda barışıq əldə olundu.”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mirakif Sadıqov ifadəsində onlarla üzləşdikdə Ramilin ona şərəfsiz deyərək, təhqir etdiyini, özünün Ramilin üz nahiyəsindən yumruqla vuraraq itələdiyini deyib: “Hava qaranlıq idi. Bundan sonra  Ramil mənə yaxınlaşıb əlində nə olduğunu bilmədən qarın nahiyəmdən vurdu. Birinci zərbədən sonra yenidən ikinci dəfə zərbə endirdi. Birinci dəfə nə ilə vurduğunu bilmədim. Sonradan fərqinə vardım.”

Məhkəmənin hökmü ilə Ramil Müslümova iki il şərti cəza verilib.

Başa dön tuşu