1446458

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Vətən müharibəsinin şəhidi mayor Fərid Ələkbərovun ailəsinə orden təqdim edilib.

Musteqil.az xəbər verir ki, bununla əlaqədar Yasamal RİH başçısı Elşad Həsənov şəhidin ailəsinə baş çəkib və ordeni şəhidin ailə üzvlərinə təqdim edib.

Tədbirdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Ramin Şükürov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər vəzifəli şəxslər iştirak ediblər. İcra başçısı Elşad Həsənov bildirib ki, şəhid ailələrinə ölkə rəhbərliyinin diqqət və qayğısı ən yüksək səviyyədədir. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı düşməndən azad edib və bu gün də bu proses davam edir. Biz artıq Laçın şəhərinə qovuşmuşuq.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb. Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabit düşmənin canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Fərid Ələkbərov daha öncə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541