41ffa6e328 2022 08 23092928

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Jurnalist Elçin Alıoğlu Aleksandr Duqinin qızı Daryanın qətli ilə bağlı teleqraf.com-a müsahibə verib.

Musteqil.az onunla müsahibəni təqdim edir.

– Rusiyalı siyasi nəzəriyyətçi və politoloq Aleksandr Duqinin qızı Daryanın qətli ilə bağlı müzakirələr qızışır. Hələ də cavabsız qalan suallardan biri də budur ki, Duqina niyə qətlə yetirilib? Sizin bu haqda fikriniz necədir: Aleksandr Duqini hədəfə gətirən əsas səbəblər hansılardır?

– Aleksandr Duqin “Avrasiyaçılıq” ideologiyasının, xüsusilə də çox aqressiv və təhlükəli olan “Rus Dünyası” nəzəriyyələrinin müəllifidir. Eyni zamanda, Kremldə keçmiş sovet respublikalarının Rusiyaya birləşməsinə və Rus İmperiyasının yaradılmasına xidmət edən şəxslərdən biri sayılır. O, ilk baxışda Rusiya-Türkiyə münasibətlərinin inkişafının, Rusiya-Azərbaycan münasibətlərinin daha da intensivləşdirilməsinin tərəfdarı kimi görünür. 44 günlük Vətən Müharibəsində birmənalı Azərbaycanı dəstəklədi. Eyni zamanda, erməni daşnak-faşizm ideologiyasını çox təhlükəli hesab edir və s. Bununla yanaşı, Aleksandr Duqin rus nasional şovinizminin və nasional stanizminin mənəvi atalarından biri sayılır. “Avrasiyaçılıq” ideologiyası isə zahirən slavyan aləmi ilə türk dünyasının birləşməsinə xidmət etsə də, bütünlüklə Rusiyanın maraq və mənafelərinin reallaşmasını ehtiva edən nəzəriyyədir.

Darya Duqinanın terror vasitəsilə qətlə yetirilməsini birmənalı şəkildə qınayıram. Çünki bu, siyasi terrordur. Hansı məqsədlə, kim tərəfindən və nə üçün edilməsindən asılı olmayaraq qınayıram. Duqinlə mübarizə ideoloji müstəvidə aparılmalıdır. Duqinə qarşı terror aktı törədənlərin bu əməlləri birbaşa bunu edənlərin özlərinə qarşı yönələcək. Buna qətiyyən şübhə etmirəm.

Bu, çox təhlükəli tendensiyadır. Bu terror ilk baxışda Rusiyanın ideologiyasını zəiflətməli idi, amma tam əksini görəcəyik. Bundan sonra Rusiya vətəndaşları hakimiyyətin ətrafında daha sıx birləşəcəklər. Çünki hakimiyyət birmənalı şəkildə vətəndaşlara bildirəcək ki, artıq müharibənin hər birimizin qapısına gəldiyini görürsünüz, günahsız insanları siyasi terrorla öldürürlər, avtomobillərini partladırlar, Rusiya-Ukrayna müharibəsi bu iki ölkə arasında yox, Qərblə Rusiya arasındadır və Qərb Rusiyanı məhv etmək istəyir. Bu ideoloji tezislər artıq Rusiyanın təbliğatında yer alıb və çox güclü şəkildə efirlərə ötürülür.

Rusiyalı müxalifətçi İlya Ponomaryov bəyan etdi ki, bu terror aksiyası guya federasiyada gizli fəaliyyət göstərən “Milli Respublika Ordusu” adlanan partizan qruplaşması tərəfindən həyata keçirilib və bu, Rusiyada hərbi komissarlıqların yandırılmasından sonra daha bir addımdır. O, bu qruplaşmanın xalqı Rusiya hakimiyyətinə qarşı üsyana çağırdığını da dedi.

Hesab edirəm ki, bu terror aktının kim tərəfindən törədilməsi haqda danışmaq bir qədər tezdir. Amma ortada danılmaz faktlar var. Bu akt birbaşa Duqinə qarşı yönəlməmişdi, hədəf birbaşa Duqina idi. Çünki partlayıcı qurğu birbaşa onun avtomobilinə yerləşdirilmişdi. Partlayıcı qurğu uzaqdan mobil telefon vasitəsilə işə salınmışdı. Bunun istintaqın gedişatından asılı olmayaraq, Rusiyada anti-Ukrayna və anti-Qərb düşüncələrini daha da artıracağına şübhə etmirəm. Belə də olacaq, təbliğat bundan maksimum yararlanacaq.

Bütün hallarda isə tələsməməliyik, istintaqın gedişində hər şey bəlli olacaq. Darya Duqina isə atasının yolunu gedirdi. İndi onu “möhtəşəm filosof”, “böyük mütəfəkkir”, “siyasi ekspert” kimi təqdim etsələr də, mən belə düşünmürəm. Mərhum Darya Duqina sadəcə atasının tezisləri və fikirlərinin ötürülməsi ilə məşğul idi. Bəli, fransız dilini yaxşı bilirdi, Fransanın siyasətini şərh etməyə cəhd göstərirdi, amma onun son çıxışları tamamilə Ukraynaya qarşı yönəlmişdi. Mariupol və digər şəhərlərə getmişdi, oradan reportajlar hazırlamışdı, açıqlamalar vermişdi və s. Buna görə də, düşünürəm ki, bu aktın kimlər tərəfindən törədilməsindən asılı olmayaraq, bu, birmənalı şəkildə siyasi terrordur, siyasi məqsəd və hədəflərə yönəlmiş istəkdir və bir ssenaridir.

– Ukraynadan söz düşmüşkən, artıq Rusiya sui-qəsdlə bağlı daha çox bu ölkənin adını hallandırır. Sizcə, bu aktın Ukrayna ilə əlaqəsi ola bilərmi?

– Şübhəsiz ki, Rusiyadakı müəyyən siyasi qüvvələr və nəzəriyyəçilər ilk növbədə Ukraynanı günahlandırırlar. Əslində, bu, gözlənilən idi. Çünki indi Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Duqin də Ukrayna hakimiyyətinə və onun siyasətinə qarşı çox kəskin çıxışlar edən şəxsdir. Hətta onun çıxışlarından Ukraynanın tamamilə ələ keçirilməsinə çağırışlar da var. Amma bunun Ukraynaya ilə bağlı hansısa qüvvələr tərəfindən həyata keçirildiyinə inanmıram. Çünki bu, Ukraynanın özünə ziyan vura bilən bir məsələdir. Çünki bu aksiyanın həyata keçirilməsi Rusiya Silahlı Qüvvələrinə Ukraynanın dinc sakinləri və şəhərlərinə, eləcə də paytaxtına zərbələri intensivləşdirməsinə imkanlar yarada bilər. Məsələn, bundan istifadə edərək, Kiyevin mərkəzindəki hökumət məhəlləsinə zərbələr endirmək olar. Buna görə də düşünmürəm ki, bu akt Ukrayna, yaxud onunla bağlı olan hansısa qüvvələr tərəfindən həyata keçirilib.

– Bir sıra rusiyalı ekspertlər Duqinə qarşı atılan bu addımı Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərinə zərbə cəhdi kimi də qiymətləndirirlər və bunun arxasında ermənilərin ola biləcəyi ehtimalına diqqət çəkirlər. Bəs bu ehtimal nə qədər məntiqli ola bilər?

– Dediyim kimi, Aleksandr Duqin Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını və inkişafını istəyən adamdır. Təbii ki, bunu Türkiyəni istədiyinə görə yox, Rusiyanın maraqlarından, “Avrasiyaçılıq” və “Rus Dünyası” nəzəriyyələrinin prinsiplərindən çıxış edərək bunu edir. Məqsəd Türkiyəni NATO-dan kənarlaşdırmaq, Rusiyanın strateji tərəfdaşına çevirmək, yaxud ikitərəfli münasibətləri intensivləşdirməklə yanaşı, Türkiyənin Şimali Atlantika Alyansında olması amilindən istifadə edərək, bu birliyi dağıtmaqdır. Yəni burada Türkiyəyə qarşı dərin bir rəğbət yoxdur. Söhbət Rusiyanın maraqlarının yerinə yetirilməsindən gedir. Pradoksal səslənsə də, bu normaldır. Çünki Duqin Rusiya vətəndaşıdır və təbii ki, onun maraqlarından çıxış etməlidir.

Ermənilərlə bağlı iddiaya gəldikdə, bunu şərh etmək istəməzdim. Çünki məlumat yoxdur. Məlumat olmadıqca fikir yürütməkdən çəkinirəm. Həvəskar formada nəsə demək olar, amma bu, o qədər də ciddiyə alınmaz.

– Ümumiyyətlə, cəmiyyətimizdə Duqinə qarşı münasibət birmənalı deyil. Sizcə, bizim ona qarşı münasibətimiz necə olmalıdır, yaxud o, Azərbaycan üçün kimdir?

– Duqinə qarşı simpatiya və ya antipatiyanı kənara qoyuram, hər kəs bir-birinə rəğbət də, nifrət də bəsləyə bilər. Amma kimliyindən asılı olmayaraq, siyasi terror aktını dəstəkləmək yolverilməzdir. Duqinanın həlak olduğu aksiya siyasi terror aktıdır. Bunun kimlər tərəfindən ediliyini, hansı maraqlara xidmət etdiyini bilmirəm. Çünki belə fikirlər yürütmək üçün çox tezdir. Amma Darya Duqinaya qarşı terror aktının törədilməsini birmənalı şəkildə qınayıram. Atanın əməllərinə görə övladı cavab verməməlidir. Yaxud hansısa bir şəxsi baxışları və açıqlamalarına görə terror aktı ilə məhv etmək olmaz. Ümumiyyətlə, terror aktı qınanılmalı əməldir. Duqinə olan münasibətdən asılı olmayaraq, bu akta haqq qazandırmaq yolverilməzdir. Məncə, kimliyindən asılı olmayaraq, bir atanın öz yeganə övladını itiriməsinə sevinmək yolverilməzdir.

– Bəs bir sıra keçmiş sovet ölkəsinə və Ukraynaya qarşı sərt xəttin tərəfdarı olan Duqinin Azərbaycana “yumşaq münasibəti” nədən irəli gələ bilər?

– Duqinin Azərbaycana qarşı münasibəti nə yumşaq, nə də sərtdir. Dediyim kimi, o, Rusiyanın maraqlarından çıxış edir. Onu maraqlandıran və bundan sonra da maraqlandıracaq bir məsələ də var: Rusiyanın daha da güclü və postsovet məkanında yeganə söz sahibi olmas, eləcə də bu coğrafiyada baş verən geosiyasi hadisələri öz nəzarətində saxlaması. Buna görə də “bu bizim dostumuzdur”, “bu bizim düşmənimizdir” kimi yanaşmalardan uzaq durmalıyıq. Bu, çox sadəlövh və siyasətdə yolverilməz yanaşmadır. Siyasət çoxqütblü, geosiyasət isə ondan daha çox incə məsələdir.

Bizim dostlarımız bəllidir. Həmin dostlarımız 44 günlük müharibədə Azərbaycana verdikləri diplomatik və mənəvi dəstəklə öz mövqelərini ortaya qoydular. Yerdə qalan dövlətlərlə isə məsafəli davranmalıyıq. Şauqli yox, üfüqü münasibətlərdə olmalıyıq. Bizim üçün əsas məsələ kiminsə bizdən xoşu gəlməsi, yaxud gəlməməsi olmamalıdır. Biz yalnız Azərbaycan dövlətinin maraqlarını təmin etməyə çalışmalıyıq. Əgər Azərbaycan dövlətinin maraqları tələb edirsə, danışıqlar aparmalıyıq, ünsiyyət qurmalıyıq, tərəfdaşlıq etməliyik. Yaxud kimsə öz Azərbaycan əleyhinə çıxış edirsə, biz də öz addımlarımızda bunu nəzərə almalıyıq. Siyasətdə dost və düşmən olmur. Bizim bir düşmənimiz var, o da bəllidir. Yerdə qalan dövlətlərlə də öz maraqlarımızı təmin etməyə yönəlmiş siyasət qurmalıyıq. Bunu da edirik.

Məsələn, bir neçə il əvvəl müdafiə diplomatiyası yürüdürdüksə, indi hücum diplomatiyasına üstünlük veririk. Buna görə də Duqin və digərləri ilə münasibət onların Azərbaycana münasibəti üzərindən qurulmalıdır. Bu, real siyasətdir, burada hansısa hislərə yer yoxdur. Hər şeyə soyuqqanlı və hesablanmış şəkildə yanaşmalıyıq.

– Ümumiyyətlə, biz öz maraqlarımızı müdafiə etməliyik, yoxsa ümumbəşəri dəyərləri?

– Azərbaycanın milli maraqları ilə ümumbəşəri dəyərlər arasında şərt qoyulmamalıdır. Ümumbəşəri dəyərlər çox sadədədir: insanın haqlarını pozmaq olmaz, suveren ölkələrin ərazilərini işğal etmək olmaz, pislik etmək olmaz və s. Əfsuslar olsun ki, Musa peyğəmbərin Sina dağında dediyi on bəndin yerinə yetirilməsi hələlik bəşəriyyətdə tələb edilməyib. Təəssüf ki, indiki dünya “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə yaşayır. “Beynəlxalq hüquq” dediyimiz bu pastulatlar məcmusu göstərdi ki, o, bir çox hallarda işləmir. Buna görə də biz ilkin olaraq, Azərbaycanın siyasətində dövlətimizin, millətimizin, vətəndaşlarımızın maraqlarını ən ümdə məsələlər sayırıq və belə də davam edəcəyik. Çünki bu maraqlar həmin ümumbəşəri dəyərlərin özüdür.

41ffa6e328 2022 08 23092928

68240064be 16610774031083

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//woafoame.net/4/5013541