1446438

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ” Avrokubokların qrup mərhələsində ilk dəfə “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.

Musteqil.az-ın Report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçisi bu rəqiblərlə UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək.

“Olimpiakos”

1925-ci ildə yaradılmış “Olimpiakos” Yunanıstanın liman şəhəri sayılan Pireyi təmsil edir. “Qarabağ” kimi, “Olimpiakos” da bu mövsüm mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin onlar ilk cəhdində – II təsnifat mərhələsində sonradan Çempionlar Liqasının qrup mərhələsinədək irəliləməyi bacaran İsrailin “Makkabi” (Hayfa) komandası ilə bacarmayıb – 1:1, 0:4. Daha sonra Yunanıstan təmsilçisi Slovakiya çempionu “Slovan” (Bratislava) klubunu UEFA Avropa Liqasının III təsnifat mərhələsində penaltilər hesabına məğlub edərək qrupa vəsiqə qazanıb.

Məhz “Makkabi”yə 0:4 hesabı ilə uduzduqdan sonra komandanın portuqaliyalı baş məşqçisi Pedru Martins istefaya göndərilib. İngiltərədə “Lids” və “Hadersfild” kimi komandalarda işləmiş 39 yaşlı ispaniyalı Karlos Korberan avqustun 1-dən bu klubun baş məşqçisidir. 47 qat Yunanıstan çempionu, 28 qat ölkə kuboku və 4 qat Superkubok qalibinin (Bu, hər 3 göstərici həmin ölkədə rekord nəticədir – S.M.) hazırkı kapitanı Andreas Buxalakisdir. Komandada çexiyalı Tomaş Vatslik, xorvatiyalı Şime Vrsalko, fransalı Yann MVila və Matyö Valbuena, kamerunlu Pyer Kunde, misirli Ahmed Hassan, mərakeşli Yussef Əl-Arabi kimi məşhur legionerlər oynayır.

Həmçinin, “Arsenal”la 2 dəfə Bakıya gəlmiş, 2 dəfə “Qarabağ”a qarşı oynamış Sokratis Papastatopulos və “Roma”nın sabiq üzvü Kostas Manolas kimi yunanıstanlı veteran oyunçular da buradadır. “Neftçi”nin sabiq oyunçusu Mamadu Kane bu kluba məxsusdur. Qvineyalı mərkəz yarımmüdafiəçisi cari mövsümün sonunadək “Pafos” klubuna icarəyə verilib.

“Olimpiakos” Yunanıstan Super Liqasının ilk turunda “Yannina”nı 2:0 məğlub edib. Hazırda “qırmızı-ağlar” 3 xalla 4-cü sıradadır. Komanda 29 avqustda “Asteras”la qarşılaşacaq. Tripoli şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yunanıstanın ən titullu klubu ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb – 1:0, 1:0.

“Frayburq”

1904-cü ildə yaradılmış 118 yaşlı “Frayburq” ötən mövsüm Almaniya Bundesliqasını 6-cı pillədə başa vurub. Komandanın baş məşqçisi futbolçu karyerasını başa vurduqdan sonra – 1995-ci ildən “Frayburq”da işləyən Kristian Ştrayxdır. 57 yaşlı mütəxəssis “Frayburq”un U-19 komandasında baş məşqçi (1995 – 2011) və əsas komandasında köməkçi (2007 – 2011) işləyib. 2011-ci ildən bu komandaya baş məşqçilik edir. “Frayburq”un Almaniya daxilində elə bir uğuru olmasa da, bu il ölkə kubokunu qazanmağa çox yaxın olub. Komanda 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatan final matçında “Leyptsiq”ə penaltilərdə 2:4 hesabı ilə uduzub. “Frayburq”da Belçika, Avstriya, Fransa, Qana, Macarıstan, Niderland, Cənubi Koreya, İtaliya, Yaponiya və İsveçrədən legionerlər oynayır. Komandanın kapitanı sol cinah müdafiəçisi Kristian Günterdir.

“Frayburq” 2013/2014 mövsümündən sonra ikinci dəfə bu turnirin qrup mərhələsində mübarizə aparacaq. “Frayburq” bu gün Bakı vaxtı ilə saat 22:30-da Bundesliqanın IV turunun açılış matçında “Boxum”u qəbul edəcək. “Ağ-qaralar” ilk 3 tura əsasən 6 xal toplayıb və turnir cədvəlinin 5-ci komandasıdır.

“Nant”

1943-cü ildə yaradılmış “Nant” gələn il aprelin 21-də 80 yaşını qeyd edəcək. Bu səbəbdən, Fransanın köklü klublarından olan “Nant” ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bu komanda da “Frayburq” kimi, cari mövsüm avrokubok mübarizəsinə qrup mərhələsindən başlayacaq. 8 qat Fransa çempionu və 4 qat Fransa Kubokunun qalibi olmuş komanda mövsümü 9-cu yerdə başa vurub. Bununla belə, “Nitsa”nı Fransa Kubokunun finalında penalti qolu hesabına 1:0 hesabı ilə məğlub etməsi “Nant”ın Avropa Liqasının qrupunda təmsil olunmasını şərtləndirib.

“Nant”da Braziliya, İspaniya, Konqo, Kamerun, Nigeriya, Sloveniya, Misir və Malidən legionerlər oynayır. Komandanın kapitanı Burkina Fasoda doğulmuş qapıçı Alban Lafondur. “Nant”ın baş məşqçisi ötən ilin fevralın 11-dən Antuan Kömbuaredir.

“Nant” cari mövsümə pis başlayıb. Komanda ilk 3 turda qələbə qazana bilməyib. 2 xalı olan “Nant” 15-ci yerdədir. “Qarabağ”ın rəqibi avqustun 28-də Bakı vaxtı ilə saat 15:00-da “Tuluza”nı qəbul edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//grunoaph.net/4/5013541