Müğənni Gülşən niyə həbs edildi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cəmiyyət həyatının, tarixin elə travmatik anları var ki, illər keçsə də unudulmur, ictimai vicdanda yaralar açır. Zaman zalımları, müstəbidləri damğalayır. Ərdoğanın oxuduğu bir şeir üstündə həbsi də heç şübhəsiz bu travmatik anlardan biri idi… Oxuduğu bir şeirə görə dörd ay həbsdə yatmışdı. Onun bu fotosu heç zaman unudulmayacaqdı…

Gülşənin həbsi də bu cür travmatik hadisədir. Dünən axşam bir türk restoranında şam edərkən səsgücləndiricilərdən onun səsi yayılırdı: “Üç yüz bin yıl gibi geliyor bana; Bu son üç gün…”. Ətrafdakılar Gülşənin saxlanıldığını bilirdimi? Bunu deyə bilmərəm, amma o saatların Gülşənə üç yüz min il kimi gəldiyi şübhəsizdir. Gecə saatlarında isə Gülşən barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndərildi.

Və Gülşənin həbsi ictimai vicdanda açılan yaradır. İndi iki məqama nəzər salmaq gərəkdir: hüquqi və ictimai. Hüquqidən başlayaq… Gülşən orkestrində ifaçılıq edən bir musiqiçiyə dediyi “imam xətib məzunudur, sapıqlığı ordan gəlir” deməsi və hər kəsin bu sözlərə gülməsi bunun bir zarafat olduğunu göstərir. Hadisənin aprel ayında baş verdiyini da vurğulamaq gərəkdir. Gülşən özü də ifadəsində “ən yaxın dostu ilə etdiyi zarafatın xalqı kin və düşmənçiliyə təhrik etmə kimi dəyərləndirmənin səhv olduğunu” bildirərək belə bir niyyətinin olmadığını da açıqlayıb.

Bir çoxları bu sözlərlə Gülşənin cinayət törətdiyini bildirir və barəsində həbs qətimkan tədbirinin seçilməsini alqışlayır. Belələri hətta Gülşənin LGBT-yə dəstəyini də cinayət hesab edir. Bu da onların münasibətinin hüquqi yox, qisasçı olduğunu göstərir. Çünki, Türkiyə LGBT üzvlərini tamhüquqlu vətəndaş kimi tanıyır və onların hüquqlarını müdafiə edir. LGBT dəstəyi heç bir halda cinayət məsuliyyəti yaratmır.

Əslində isə Türkiyə hüquq sistemi maksimum müddəti iki ilə qədər olan cinayət işlərində həbs qətimkan tədbirinin seçilməsini qadağan edir. (İstisna kimi sağlamlığa az zərər vurma maddəsi mövcuddur). Həbs qətimkan cəza deyil, tədbirdir. Bu o deməkdir ki, məhkəmənin getdiyi dövrdə təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılır. Ancaq tutaq ki, ilyarım təcridxanada saxlanılan şəxs barəsində məhkəmə 6 ay həbs qərarı çıxarır, onda necə olacaq? Məhz bu konteks nəzərə alınaraq cəzası iki ilə qədər olan cinayətlərdə həbs qətimkan tədbiri nəzərdə tutulmur. Məhkəmə həbs cəzası verdiyi təqdirdə təqsirləndirilən şəxs həbsxanaya göndərilir.

Bundan əlavə, həbs qətimkan tədbirinin seçilməsi üçün şəxsin qaçma şübhəsi, ya da dəlilləri yox etmə ehtimalı olmalıdır. Ancaq bunlar olsa belə, həbs qətimkan tədbiri iki ilə qədər olan cinayətdə seçilə bilməz. Çünki mühakimə edilən məsələ Gülşənin sözləridir, dəlil də budur. Hər tərəfdə olan bu dəlili Gülşən necə yox edə bilərdi?!

Gülşən haqqında Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb. Bu maddə “Xalqı kin və düşmənçiliyə təhrik etmə və təhqir etmə” adlanır və altı aydan bir ilə qədər cəza nəzərdə tutur. Buna görə də Gülşən haqqında həbs qətimkan tədbirinin seçilməsi tamamilə hüquqsuz və əsassızdır. Bu məsələnin prosedur pozuntusu tərəfidir, Gülşən haqqında gələcəkdə həbs cəzasının verilib-verilməməsindən asılı olmayaraq indi onun barəsində həbs qətimkan tədbiri seçilə bilməzdi.

216-cı maddənin izahatına baxdıqda isə təqsirləndirilən şəxsin sözləri ilə ictimai təhlükəsizliyin pozulmasına açıq təhlükə olması şərt qoyulur. Yəni, Gülşənin sözləri ilə küçələrdə imam xətib məzunları ilə Galatasaray liseyinin məzunları arasında qanlı döyüşlər başlasaydı, ancaq o zaman Gülşən bu maddə ilə ittiham oluna bilərdi. Təqsirləndirilən şəxsin fikri ictimai təhlükəsizliyə təhlükə yaratmırsa, o zaman onun əməli bu maddə ilə tövsif edilə bilməz. Üstəlik, maddə sosial siniflər, irqlər, məzhəblər, cinsiyyət, ya da region fərqlərinin qabardılması, bu zəminlərdə təhrik və təhqiri nəzərdə tutur. İmam xətib məzunlarının isə bu bölgülərdən heç birinə uyğun gəlmədiyi də gerçəkdir.

Bəs niyə edilir? Çünki qərar hüquqi yox, siyasidir.

Bəlkə də, bir imam xətib məzunu Gülşənin sözləri ilə bağlı şikayət versəydi, hüquqi baxımdan daha məntiqli olardı. Hərçənd Gülşənin sözlərindən bütün imam xətib məzunlarının hiddətləndiyi nəticəsi də çıxmır. Ancaq məhkəmə bunu dəyərləndirə bilərdi. Nəinki ictimai təhlükəsizliyin pozulması konteksini…

Bu və bu kimi halların hüquqi müstəvidə adekvat qiymət verilməsindən çox qisasçılıq zəminində cəzalandırılması ictimai vicdanda açılan yaradır. Məsələnin ictimai tərəfi də budur.

P.S. Məqalə hazırlanarkən “Cinayət hüququ” professoru Ersan Şenin fikirlərindən istifadə edilib.

Qan Turalı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu