Məmurlar vəzifədən çıxan kimi niyə xəstələnir? – “Belə də olmalıdır!”

Vəzifədən çıxan məmurların səhhətlərində baş verən problemlərlə əlaqədar məlumatlar hər kəsə tanışdır. Maraqlısı budur ki, vəzifəli şəxslərin məhz səlahiyyətlərinə xitam verildikdən sonra səhhətlərində böyük problemlər yaranır.

Yenisabah.az bununla bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyevlə söhbətləşib:

– Məmurlar vəzifədən azad olunandan az sonra müxtəlif xəstəliklərə tutulurlar. Buna səbəb nədir? 

– İnsanın işlədiyi yerdə problemlər varsa, qeyri-qanuni işlər görürsə bunların şahidi olub başa düşürsə, gərginlik yaşanır. Təbii ki, gərginlik olanda da qan dövranı pozulur, tərkibi dəyişir, qanın laxtalanması artır, kimlərdə şəkər, insultlar, kimlərdəsə də infarktlar başlayır.

Yaşadığımız gərgin həyat tərzi hər birimizə təsir edir. Həmin adamlarda da gərginlik çoxdur. Vəzifədə olanların gərginliklərinin çox olması hamıya məlumdur. Bir balaca qanunsuzluq ortaya çıxanda vəziyyət daha da pis olur. Allahın qüdrətli sözlərindən olan səbr, təmkin də yavaş-yavaş azalır, qarşılığında da gərginlik çoxalır. Çünki özünün yaşayışında problemlər, səhvlər çoxdur. 

Vəzifəlilərin xəstəliklərə tutulmasının birinci səbəbi həyatlarını səhv yaşamalarıdır. Təbii ki bunu hamıya aid etmək olmaz. Əgər qayda qanunla, düzgün işləsə, eyni zamanda sahibkar olmasalar, onda belə problemlər olmaz. 

– Amma niyə vəzifədə olanda belə problemlər ortaya çıxmır?

– Bu, təbii haldır. Adi misal çəkim. Asfaltla maşın düz istiqamətdə hərəkət edir, bu da elədir, elə bilirsən, həyat düzdür, amma qabağına maneə çıxanda qəza keçirirsən. Vəzifə sözünə diqqət edin: “vəz ifa”.  Yəni, bizi vəzifələrimiz idarə edir. Başqa sözlə, vəzifələrimizi də elə ifa etməliyik ki, bədənimizin quruluşu normal işləsin. Dövlətdə də vəzifəmizin öhdəsindən elə gəlməliyik ki, bu təlatümlər ortaya çıxmasın. 

Sırf vəzifədən çıxan kimi bunlarda problemlər yaşanır. Bu da olmalıdır. Çünki özü səhv həyat yaşadığını bilir. Onu da bilir ki, gərginliklə dırnaqarası nələrsə qazanıb. Qazandığında nə qədər qeyri-qanuni işlər olduğu özünə məlumdur. Bu insandır axı. Parıltılı görünməyinə baxmayaraq, vəzifədən çıxan kimi həmin insanlar çökür.  

– Həyatın mənasını vəzifədə görmələri, səlahiyyətlərinə xitam verilən kimi artıq hər şeyin sonu olduğunu düşünmələri də səbəblərin özülü kimi nəzərə alına bilərmi?

– Əlbəttə ki…  Eyni zamanda onların çoxunun istirahətinə baxın, səhərdən-axşama kimi işdə olub, axşam da yatar qarına nə gəldi yeyib içməklə əhatələnib. Bunu kef çəkmək görürlərsə, bu, belə deyil. İnsan həyatı üçün rejim olmalıdır-normal qaydada yatmalı, işləməlidir. 

Məsələnin digər tərəfi də təbiətlə təmasda olmamalarıdır. İnsan təbiətdən aralandıqca xəstələnir. O, yaşadığı yerin qanunlarına uyğun yaşamalı, qidalarını yeməlidir. Xaricin balındansa, yerli ərzaqlar bədənə xeyirlidir. 

 – Yəni, bu şəxslər vəzifədən çıxarılmalarını psixoloji olaraq qəbul edə bilmirlər? 

 – Bəli, kənardan al-əlvan görünürlər, milyonluq maşınlar var, amma bu gərginliyə dözə bilmirlər. Bayaq dediyim yaşadığı səhv həyatın çuxuruna düşürlər. Onlar düşünürlər ki, dünən başqa adam idim, indi isə heç kim. İnsan gərək, əvvəlcədən bunu düşünsün. Dünyada tam bir olan Allahdır. Tamah sözünə də nəzər salın: “Tam ah”.  Beş evin varsa, altıncı evi neyləyirsən?! Başqasının 10 evi varsa, sənin də olmalıdır?! Dünya malında tamahın axırı ahdır.

– Sizə müraciət edən belə şəxslər olubmu? 

– Hər birimizin ətrafında belələri var. Hər bir halda bu, bizim cəmiyyətdəndir. Biz həkimlər həmişə xəstəliyin səbəbini axtarırıq. Onların qanunsuz topladıqları əsas səbəblərdəndir. Bilirlər ki, yığdıqları var-dövlətin hesabatını verməlidirlər. Ona görə də gərginlik artır. 

Vəzifəli adam hamıdan yaxşı bilir ki, bu, qeyri-qanunidir. Bu da dövlət idarəçiliyində olan səhvlərdən qaynaqlanır. Mən inanıram ki, proporsional seçki sistemi, siyasi-iqtisadi islahatlar artırılandan sonra vəzifəli insanlar da bunlarla məşğul olmayacaq, onlara yüksək maaşlar veriləcək  və rahat işləyəcəklər. Biz bu islahatlar olmayana qədər nazirin yerinə məndə təyin edilsəm, nəticə dəyişməyəcək. Həmin proses bir qədər az, bir qədər çox yenə də davam edəcək. Nazirliklər azaldılmalı, meşə təsərrüfatı – kənd təsərrüfatı kimi eyni funksiyalı qurumlardan biri ləğv edilməlidir.

– Bəs onları qeyri-qanuni pul yığmağa kimlər icazə verir? Bu halların böyüyüb bu cür nəticələr verməyinə kimlər göz yumur?

 -Təbii ki, məsələnin bu tərəfi də var. Belə adamlar gərək psixoloji olaraq qarşıda od-alov olmağına hazırlıqlı olmalıdır. Bəzilərinə isə bu od-alov mal -dövlət  kimi görsənir. Həyatda var-dövlət, bir də mal-dövlət var. Var-dövlətdə ad qalır, mal-dövlət də isə axır-əvvəl mal yox olur. İnsan hər şeyə hazır olmalıdır. 

Stalindən qalma “parçala, hökm sür” idarəçiliyi məhv olandan sonra xalqın gözü büdcədə olmayacaq. Bununla “vəzifəyə gəlim pul yığım” məsələsi düşünülməyəcək.

– Dediklərinizdən belə başa düşdük ki, hətta inandığımız adam vəzifəyə gəlsə, fərqli situasiya olmayacaq, onlar da zərbə vuracaq…

– Bəli, tamamilə doğrudur. Onlara aldanan belə  adamlar həyatda prinsipcə zəif adamlardır. Çünki buna vadar edən onlardakı mal-dövlət sevgisidir. Böyük görsənsələr də, malın qabağında dözümsüzlük göstərdiklərinə görə zəif adamlardırlar. Bu adamları bir tərəfdən də qınamıram. Hamı eyni ola bilməz. Əgər, sistem belədirsə, istər-istəməz, az da olsa, yuvarlanırsan. Bu sistem düzəlməlidir. 

Ona görə də vəzifəyə gələn ağıllı adamlar bunları başa düşüb, özünü  oda atmamalıdır. Heç olmasa, oda atanda da yanında  belə demək mümkünsə, bir vedrə su saxlamalıdır. Bundan başqa insan gərək özünü, Allahını unutmasın. İnsanlar fərqlidir. Hətta iki qardaşın bir-birindən fərqli olduğunu görürük. Cəmiyyətdə qanunlar işləməli, qanunlar da ədalətli və əxlaqlı olmalıdır. Qanun, ədalət, əxlaq bir-birini tamamlamalıdır. 

Başa dön tuşu