Ermənistan oyundankənar vəziyyətdə: Azərbaycan Qarabağ erməniləri ilə birbaşa təmasda

Ötən gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağın dağlıq hissəsində yerləşən Sərsəng su anbarına baxış keçiriblər.

Bir sıra analitiklərin fikrincə, Azərbaycanın özünü həmin ərazilərdə artıq yavaş-yavaş göstərməsi, Qarabağ ermənilərini cəmiyyətimizə inteqrasiya etməklə yanaşı, Ermənistanı da oyundan kənarlaşdırmaq niyyətini özündə büruzə verir.

Yenisabah.az-a danışan politoloq Tofiq Abbasov da eyni rəyi bölüşərək deyib ki, Sərsəng və digər ərazilər Azərbaycanın varidatıdır və Azərbaycan öz ərazilərində istənilən manevri həyata keçirə bilər:

“Sərsəng su anbarı ilə yanaşı ermənilərin yaşadıqları ərazilərdə bir sıra su mənbələri mövcuddur. Bunların hamısı istər-istəməz Azərbaycanın varidatıdır, bizə məxsus resurs bazalarıdır. Ona görə də bizim mütəxəssislərin əraziyə girməsi, oralarda monitorinq aparması normaldır. Çünki biz Ermənistan ərazisinə girmirik, oralar bizim ərazilərdir və onlara hələ ki ərazi iddiası irəli sürmürük. Əgər onlar status məsələsini qabartsalar, onda biz də status məsələsini gündəmə gətirəcəyik”.

Mütəxəssisin fikrincə, ermənilərin 30 ildə həyata keçirdiyi vandallıqların bundan sonra Azərbaycan ərazilərində görülməsinə imkan verməli deyilik:

“Ona görə də bu prosesdə Ermənistanın oyundan çıxması artıq düzgün şərhdir. Əlbəttə ki, ərazimizdə olan su mənbələri, təbii ehtiyatlar, faydalı qazıntılar, hətta tarixi irsimiz – bunların hamısı bizimdir və heç bir qüvvə onları işğal edərək silə bilməz”.

“Ona görə də, əgər bir azca Ermənistan rəhbərliyinin rasional düşüncəsi varsa, onlar gərək anlasın ki, artıq onlar üçün heç bir manevr imkanı verilməyəcək. Yəni bundan sonra onların heç bir imkanı belə olmayacaq ki, bizim varidatımızı işğal altına qoyub onu mübahisə obyektinə çevirsinlər.

Buna görə də bu siyasətimiz öz-özlüyündə çox ağıllı, düşünülmüş və məntiqlidir. Ermənilər də itkilərinin az olması naminə dirəniş yox, razılıq göstərsinlər və tezliklə də sülh müqaviləsinə olan hazırlıqlarını təmin etsinlər”, – deyə mütəxəssis yekunlaşdırıb. Yenisabah.az

Başa dön tuşu