Dünyanın növbəti barıt qoxulu məkanı: Yeni müharibə Kosovo, yoxsa Tayvanda başlaycaq?

“Kosovoda baş verənləri serb millətçilərinin təxribatı kimi qiymətləndirirəm”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Balkan yarımadasında son Serbiya-Kosovo gərginliyə münasibət bildirib. 

“Dünyanıın müxtəlif bölgələrində gərginliklər artıb”, – deyən politoloq vurğulayıb ki, Çinin Tayvana qarşı müharibə hazırlığı Kosovo məsələsini kölgədə qoyacaq qədər ciddidir:

“Yəni Kosovoda baş verəcək hər hansı bir insident, məncə, Çin-Tayvan qarşıdurmasının kölgəsində qala biləcək dərəcədədir.

Kosovoda baş verən hadisələri isə serb millətçilərinin təxribatı kimi qiymətləndirirəm. Doğrudur, dövlət səviyyəsində hansısa bir hərbi kampaniyanın olduğunu düşünmürəm. İlk baxışdan elə görünür ki, sanki Serbiya dövləti “çetnik”ləri (serb millətçiləri – red.) ayağa qaldırıb, onların vasitəsilə Kosovodakı suverenliyini bərpa edib. 

Serbiya son illər birmənalı Avrointeqrasiya yolunu tutmuş bir ölkədir. Artıq onun Aİ üzvü olması an məsələsinə çevrilib. Təbii ki, bu üzvlük Serbiyanı daha güclü bir ölkəyə çevirə bilər. Əgər bu gün Serbiya müharibəyə başlasa, əlbəttə, birinci növbədə, onun Avrointeqrasiya yolu bağlanacaq. Bu da Serbiya üçün arzuolunmaz bir mənzərədir”.

Ceyhun Əhmədli xatırladıb ki, Serbiya NATO ölkələri ilə əhatə olunmuş bir dövlətdir:

“Ən əsası isə Kosovoda NATO-nun sülhməramamlı briqadaları yerləşib. Ümumiyyətlə, o ərazilərdə NATO-nun böyük hərbi bazaları var. Əgər Serbiyadan Kosovo istiqamətində bir güllə belə atılsa, bu, NATO-ya qarşı qəsd kimi qiymətləndirilə bilər. Son nəticədə isə birmənalı şəkildə Serbiyanın məğlubiyyəti ilə nəticələnəcək. Ona görə də mövcud geosiyasi, hərbi və iqtisadi reallıqlar Serbiyanın Kosovoya qarşı hərbi əməliyyat həyata keçirməsini tamamilə istisna edir. 

Bu, “çetnik”lərin addımlarıdır və onlar xaricdən dəstəklənə bilərlər. Çünki bu gün elə qüvvələr var ki, Balkan yarımadasında vəziyyəti qarışdırıb, Ukraynadan diqqəti oraya yönəltmək istəyirlər. Amma bu qüvvələr nə Serbiya dövlətidir, nə də Kosovo”.

Başa dön tuşu