Bağçalara qəbul zamanı rüşvət tələb olunur? – Nazirlikdən açıqlama

“Əgər belə hallar varsa, vətəndaş Elm və Təhsil Nazirliyinin qaynar xəttinə və portal.edu.az a müraciət eləməlidir. Söz verirəm ki, araşdırılacaq və nə lazımdırsa, köməklik olunacaq. Mən bağçanın müdirini işdən azad edəcək səlahiyyətdə deyiləm”.
Musteqil.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.

“Təhsil eksperti Kamran Əsədov bu məsələlərlə əlaqədar Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona hər hansı cavab verilmədiyini bildirib. Bu halda adi vətəndaşın müraciətlərinə nazirliyin cavabı hansı müddəti əhatə edə bilər?” sualına C.Valehov belə cavab verib:

“Vətəndaşların nəzərində olsun ki, kimsə qeyri-qanuni iş görürsə, işdən çıxarılır. Bağçalar 6 aydır ki, bizim tabeliyimizdədir. Bizə müraciət edən şəxslərin kimliyi bizim üçün maraqlı deyil. Vətəndaş vətəndaşdır. Bizim üçün hamı dəyərlidir. Onun dəyəri hansısa adla bağlı deyil.

Bəzən də onların obyektiv səbəbdən övladlarının yerləşdirilməsiylə bağlı problem olur. Obyektiv və subyektiv səbəblərdən asılı olmayaraq, vətəndaşın bu məsələ ilə bağlı şikayəti varsa, növbəti həftənin ilk günlərində cavab veriləcək”.

Qeyd edək ki, redaksiyamıza daxil olan şikayətlərinin birində övladını Elm və Təhsil Nazirliyinin elektron sistemində olan Yasamal rayonu ərazisindəki 345 nömrəli bağçaya yerləşdirmək istəyən vətəndaş onlayn qeydiyyatdan keçsə də, məsələnin müsbət həllinin tapmadığını bildirib. Onun sözlərinə görə, 345 nömrəli bağçanın müdiri yerlərin dolduğunu əsas gətirərək, azyaşlını təhsil müəssisəsinə qəbul etməkdən imtina edib.

Vətəndaşların paytaxtdakı əksər bağça müdirlərindən analoji cavabı alması ortaya müəyyən şübhələrin çıxmasına səbəb olub.

Başa dön tuşu