Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, NATO-nun genişlənməsi Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın həllində də xüsusi rol oynaya bilər.

Bu açıqlamanı şərh edən politoloq Elçin Xalidbəyli bildirdi ki, prezident R.T.Ərdoğanın bu sözləri Rusiya siyasi dairələrində Türkiyənin Ukrayna savaşına münasibətdə NATO-nun mövqeyini dəstəkləməsi kimi yozulur.

Elçin Xalidbəyli

“Türkiyə özünə qarşı Qərbin səhnəarxası təzyiqlərinə və qərəzli məzmun daşıyan tənqidlərə heç bir əhəmiyyət vermədi. Rəsmi Ankara öz tələblərinin arxasında israrla dayandı və sonunda hədəflərinə çatdı. Üstəlik, Qərbdəki rəqiblərə sübut etdi ki, Türkiyənin hərbi-siyasi iradəsi ilə mütləq hesablaşmaq lazımdır. Rəsmi Ankaranın həm NATO daxilində, həm beynəlxalq məkanda öz mövqeyini rəqiblərə qəbul etdirmək qabiliyyəti artıq inkaredilməz reallıqdır. Bütün bunları nəzərə aldıqda, Türkiyənin NATO-nun Madrid sammitindən daha da güclənərək, çıxdığı qətiyyən şübhə doğurmur. Xüsusilə də, bundan sonra həm NATO daxilində, həm də beynəlxalq məknada Türkiyənin siyasi iradəsinin həlledici faktorlardan olacağı da yeni şərtlərin diqtə etdiyi reallıqdır. Və bundan sonra bu reallığın dünyanın siyasət məkanında güclü Türkiyəni ifadə edəcəyi qətiyyən istisna deyil.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiya liderləri ilə üçtərəfli anlaşmanın imzalanmasından sonra verdiyi açıqlama da Rusiya məmnun etməyəcək məzmun daşıyır. Çünki Türkiyə lideri vurğulayıb ki, NATO-nun genişlənməsi Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın həllində də xüsusi rol oynaya bilər. Və prezident R.T.Ərdoğanın bu açıqlaması Türkiyənin Ukrayna savaşına münasibətdə NATO-nun mövqeyini dəstəklədiyi kimi yozulur”.

Politoloq qeyd etdi ki, rəsmi Ankaranın öz mövqeyini bu qədər açıq şəkildə dəqiqləşdirməsi Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Çünki, Kremldə Türkiyənin NATO-dan fərqli mövqe tutmasına böyük ümidlər bəsləyirlər. Halbuki, rəsmi Ankara NATO üzvü olan Türkiyənin davranışlarını və hədəflərini Rusiyanın maraqları üzərində indeksləşdirməz.

“Ümumiyyətlə isə NATO-nun Madrid sammiti Rusiyanı açıq şəkildə hərbi hədəfə almaqla, Kreml üçün daha təhlükəli situasiya vəd edir. Məsələn, Böyük Britaniya NATO ölkələrinin Rusiyaya münasibətdə daha qətiyyətli davranmasına çağırır. Rəsmi London hesab edir ki, əvvəlcə Rusiya məğlub edilməlidir, yalnız bundan sonra Kremllə danışıqlar aparmaq olar.

Böyük Britaniyanın baş naziri Boris Conson da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bütün dünya üçün tarixi hadisə hesab edir. Onun fikrincə, Rusiyanın hərbi manevr imkanlarının məhdudlaşdırılması artıq qaçılmazdır. Yaxın gələcək üçün NATO-Rusiya münasibətlərinin hansı istiqamətlərə yönələ biləcəyini isə baş katib Yens Stoltenberq birmənalı şəkildə ifadə edib. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmaya hələ 2014-cü ildən hazırlaşmağa başladığını vurğulayıb. Bu, Rusiyaya qarşı qeyri-rəsmi şəkildə, yəni elan edilməmiş hibrid savaşın aparıldığını göstərir. Və savaş mesajı təsiri bağışlamaqla yanaşı, həm də NATO-nun Rusiya ilə bağlı konkret hərbi-siyasi hədəflərinin olduğunu da növbəti dəfə təsdiqləyir”.

Elçin Xalidbəyli hesab edir ki, Türkiyə NATO-nun Madrid sammitinin əsas qalibidir. İndi rəsmi Ankara bu hərbi-siyasi alyansın qərarlarına təsir etmək mexanizmlərini ön plana çıxartmaqla, yeni dünya düzəninin əsas iradə sahiblərindən biri statusuna iddiasını beynəlxalq rəqiblərinə qəbul etdirib,Türkiyəni gücləndirməklə yanaşı, beynəlxalq mövqeyini də möhkəmləndirib.

“Təbii ki, Madrid sammitində NATO da öz hədəflərinə böyük ölçüdə nail olub. Hər halda, rəsmi Ankaranın tələblərinin yerinə yetirilməsinin qarşılığında NATO-nun daha da genişlənmək şansı qazanması olduqca önəmli nəticədir. Bu prosesdə yalnız NATO-ya qarşı əsas beynəlxalq təhlükə mənbəyi elan edilən Rusiyanın məğlub tərəf kimi göründüyü isə inkaredilməz reallıqdır”,- deyə politoloq fikrini yekunlaşdırıb.

Musteqil.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541