Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qusarda keçmiş arvadını döyən kişiyə hökm oxunub.

Musteqil.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarında baş verib.

Belə ki, iki uşaq atası olan Seymur Hüseynov (ad və soyad şərtidir) 7 il əvvəl ayrıldığı həyat yoldaşı Günay Əhədovanın (ad və soyad şərtidir) başqa bir kişi ilə münasibətinin olduğunu düşünərək onun evinə basqın edib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Seymur Hüseynov bildirib ki, hadisəni qısqanclıq zəminində törədib:

“Biz Günayla 2015-ci ildə ayrılmışıq. Rəsmi olaraq isə, 2019-cu ildə boşanmışıq. İki övladımız var. Uşaqlar onda qalır, lakin tez-tez onları öz evimə də aparıram. Bir dəfə uşaqlar mənə dedi ki, anaları onlardan sonradan tanıdığım Quluya (şərti) ata deməylərini tələb edir.

Mən də artıq onlar arasında bir münasibətin olduğunu düşündüm. Bundan sonra Günayı izlədim və gecə saatlarında onun kirayə qaldığı evə girdiyini, bir neçə dəqiqə sonra isə həmin adamın da onun dalınca binaya daxil olduğunu gördüm. Bir qədər gözləyəndən sonra mən də binaya girdim və onun yaşadığı ikinci mərtəbədə yerləşən mənzilə qalxdım.

Qapını çiynimlə vurub sındırdım və içəri girdim. Onlar yataq otağında idilər. Mən Qulunu vurmaq istəyəndə Günay mane oldu. Qulu da dedi ki, bura onu Günay çağırıb. Mən Günayı vurdum. Əməlimdən peşmanam. Bundan sonra onun tərəfə baxmayacam. Uşaqlarımın saxlanması üçün aliment ödəyirəm. Əgər mən həbs olunsam bunu edə bilməyəcəm. Çox xahiş edirəm mənə yüngül cəza verilsin”.

Hadisə zamanı zərər çəkən Günay Əhədova məhkəməyə verdiyi ifadədə deyib ki, Qulu onun nişanlısıdır:

“Biz uzun müddət əvvəl Seymurla ayrılmışıq. Bir il əvvəl ailəmin də razılığı ilə Qulu ilə nişanlanmışam. Qulu arada mənim yaşadığım evə gəlir, çay içib, söhbət edirik. Hadisə baş verən günü də Qulu mənim yaşadığım evdə idi. Birdən Seymur qapını sındırıb evə girdi. Yanında qardaşı da var idi. Bu zaman mən Qulunu yataq otağına saldım.

Seymurun qardaşı mənim əllərimdən tutdu, özü isə məni vurdu. Qardaşı ona dedi ki, məni öldürsün. Hətta şəkillərimi çəkməsini də dedi. Mən onların əlindən çıxıb qaçdım. Seymur heç vaxt uşaqlarla maraqlanmayıb, alimenti vaxtında ödəməyib. Mən Qulu ilə evlənmək və onun uşaqlarıma atalıq etməsini istəyirəm”.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Seymur Hüseynov CM-nin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməməmək öhdəliyi qoyulub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541