“Bu müşavirənin keçirilməsi və Azərbaycan ordusunun hissə və birliklərinin mümkün erməni təxribatlarına qarşı hazırlığı ilə bağlı göstərişlərin verilməsi gözlənilən idi və biz bunu daha əvvəldən ehtimal etmişdik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, Müdafiə naziri Zakir Həsənovun iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə söylədiyi “mümkün erməni təxribatlarının qarşısı qətiyyətlə alınsın” açıqlamasına münasibət bildirib.

Öz növbəsində, Ə.Verdiyev əlavə edib ki, Ermənistanın son günlər atəşkəsi intensiv şəkildə pozması, xüsusilə də rusların nəzarətində olan Qarabağın dağlıq ərazilərində bu proseslərin baş verməsi Azərbaycanı adekvat addımlar atmağa vadar edir:

“Çünki cənab Prezidentin 6 ayın yekunlarına həsr olunmuş müşavirədə Ermənistan tərəfinə “bizə fikrinizi bildirin, işimizi bilək” mesajı, əslində, Ermənistana göndərilən aşkar ismarıclardan biri idi. Yəni ya bəyanatı yerinə yetirin, ya da biz işimizi davam etdirə bilərik. Əgər siz öhdəliklərinizi yerinə yetirmirsinizsə, biz bu öhdəlikləri sizə zor gücünə bunu etdirməyə hazırıq”.

Hərbi ekspertin fikrincə, Azərbaycan istəsəydi, daha əvvəllər də erməni tərəfini çox ciddi şəkildə cəzalandırardı:

“Lakin biz onlara kifayət qədər geniş imkanlar verdik. 2 ilə yaxın olan bir müddətdə onların bəyanatın şərtlərini yerinə yetirməsini gözlədik, amma əfsuslar olsun ki, bu, baş vermədi; əksinə, bunun tam əksi olan proseslər baş verir: hələ də biz erməni silahlarını Qarabağda görürük, hələ də erməni silahlıları – hansı ki, orada olmalı deyillər – bizim əsgərimizə, ərazimizə atəş açırlar, hələ də bizim qaçqınlarımız öz doğma yurd-yuvalarına, rusların nəzarətində olan ərazilərə qayıtmayıblar və hələ də Zəngəzur dəhlizi ilə ilə bağlı yeni-yeni mesajlar verərək, prosesin uzanmasına nail olmağa çalışırlar.

Həmçinin, əgər atəşkəsi də düşmən tərəfi pozursa, o zaman Azərbaycanın həmin əraziləri erməni silahlılarından təmizləməyə haqqı çatır. Belə olan halda da Ermənistan tərəfi birgə bəyanatın digər şərtlərini yerinə yetirməyə məcbur olacaq”. 

//thaudray.com/4/5013541