Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Uzun müddətdir ölkədə ərzaq qiymətlərində olan bahalaşma dalğası vətəndaşların ciddi narazılığına səbəb olub.

Bir tərəfdən market rəflərində quru ərzaq məhsullarının dayanmadan artan qiymət göstəriciləri, digər tərəfdən isə mövsümündə yetişən meyvə-tərəvəzin qiymətinin ötən illərə nisbətən baha olması alıcıların keyfini iki qat pozur.

Həm bölgə, həm də paytaxt bazarlarında apardığımız araşdırma göstərdi ki, kənd təsərrüfat məhsulları bazara daxil olmadığı halda elə yerindəcə tarladan alıcıya qat-qat ucuz qiymətə satılır. Kəndlinin min bir əziyyət hesabına yetişdirdiyi meyvə tərəvəz paytaxt bazarına qəpik-quruşa yola salınsa da, o məhsullar marketlərdə alıcılara az qala iki-üç dəfə baha qiymətə təklif edilir.

Bu barədə millət vəkili Cavanşir Paşazadə Musteqil.az-a bildirdi ki, Bakıya gələ bilməyən kəndlinin məhsulu bəzi işbazların qurbanına çevrilir. Deputat deyir ki, vəziyyət o həddə çatıb ki, yerli məhsulları az qala ekzotik meyvələrin qiymətinə bərabər satırlar.

“Bildiyiniz kimi, hazırda quru sərhədləri də bağlıdır. Amma görürsən ki, ölkə daxilində bu qədər məhsul bolluğu olduğu halda qarpızın, pomidorun və s, kənd təsərrüfatı məhsullarının qiyməti hələ də mövsümə uyğun satılmır. Kəndli məhsulunu sata bilmək üçün az qala işbaza yalvarır. Halbuki,bir məhsulu yetişdirmək üçün o çox əziyyət çəkib. Çox ucuz qiymətə alınan yerli məhsul alverçilərin əlində qızıla bərabər qiymətə satılır. Biz dəfələrlə bu barədə fikirlərimizi bildirib çıxış yolları barədə təkliflər veririk, amma bəzi məmurlar səhvlərini qəbul etmədiyi üçün əziyyəti kasıb vətəndaş çəkməli olur”.

Müsahibimiz deyir ki, millət vəkili olaraq daima cəmiyyətin mənafeyinə xidmət edən, sosial rifah halının yaxşılaşmasına istiqamətlənmiş təkliflər verirlər. Məmurlar isə vətəndaş və dövlət arasında olan körpüyə xələl gətirəcək addımlar ataraq qəbul edilmiş qərarlara zidd addım atırlar.

“Vətəndaşlar qiymət artımlarının, hər hansı problemlərin həllində millət vəkillərini günahlandırırlar. Amma bizim tək məqsədimiz cəmiyyətin, xalqın maddi imkanının yaxşılaşması istiqamətində işlər görməkdir. Bəzi işbazlar regionda və dünyada baş verən hadisələrdən istifadə edib, özbaşına qərar qəbul edib yerlərdə vətəndaşların qəzəbinə səbəb olacaq hərəkətlər edirlər. Biz kapitalizm quruluşuna yeni öyrəşməyə başlamışıq. Bütün dünyada özəl təşkilatların dövlətin büdcəsinə, hərbi xərclərinə və digər strateji məsələlərə dəstək üçün vergi verirlər. Bu kapitalizmə xas xüsusiyyətdir. Bizdə isə tamam fərqli bir sistem var. Bu hər sahədə hiss olunur. Gərək hər kəs öz peşəsinə uyğun yerdə çalışsın. Əks halda əziyyəti yenə vətəndaş çəkəcəkdir”.

Cavanşir Paşazadə onu da qeyd etdi ki, əgər məmur vətəndaşın problemini zamanında həll etsə, süründürməçiliyə yol verməsə, bir çox məsələlər həllini tapar və yarana biləcək narazılıq da ardan qalxmış olar.

Gülbəniz Hüseynli / Musteqil.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541