Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanılıb. Bu gün Qarabağın dirçəlməsi, qaynar həyata qayıtması üçün çox böyük layihələr sürətlə gerçəkləşdirilir.

“Böyük qayıdış”ın tezliklə başlanmasına ciddi hazırlıq işləri görülür. Ötən il işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamla­nıb. Azad olunmuş ərazilərdə 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Ötən il mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqus­tun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarıms­tansiyalarının dövlətimizin başçısının iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kilovoltluq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyala­rının, o cümlədən, “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, dördüncü sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilib və müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb.

İstismara verilən yarımstansiyalarda proseslərin, resurs­ların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırlması proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir. Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 kilometr məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

“Böyük qayıdış”ın tərkib hissəsi olan nəqliyyat infrastrukturunun qurulması üçün də artıq əməli addımlar atılıb. İlin əvvəlindən başlayaraq işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunur.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Musteqil.az-a bildirildi ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, sərnişindaşımanın təhlükəsizliyi və infrastruktur nəzərə alınmaqla digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.

“Hazırda Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reysləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. 30 illik işğal və müharibə dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Torpaqların işğaldan azad edilməsi dağıntıların miqyasının necə böyük olduğunu üzə çıxardı. Hazırda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur”.

Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib. Sərnişinlərdən 5955-u Şuşaya səfər edib. Onlardan 3376 nəfər Bakı – Şuşa – Bakı, 2579 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə hərəkət edib.

Ağdama isə ümumilikdə 2633 sərnişin səfər edib. Onlardan 1254 nəfər Bakı – Ağdam – Bakı, 1379 nəfər isə Bərdə – Ağdam – Bərdə reysi ilə hərəkət edib. 130 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Görülən işlər barədə müsahibəsində millət vəkili Azər Badamov Musteqil.az-a bildirdi ki, torpaqlarımız işğaldan azad edildiyi 1,5 il müddət ərzində ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 6.4 milyard manat vəsait ayrılmışdır. Müsahibimizin sözlərinə görə, müharibəni başa çatdırmış ölkə üçün müharibədən dərhal sonra quruculuq, abadlıq işlərinə başlamaq çətin olsa da, cənab Prezidentin rəhbərliyi altında aparılan uzaqgörən sosial-iqtisadi siyasət Azərbaycanı güclü iqtisadiyyatı olan ölkəyə çevirmiş və kənardan heç bir maliyyə dəstəyi olmadan öz gücü hesabına yenidən qurma və bərpa işlərinin aparılmasına imkan vermişdir.

Azər Badamov

“Bu gün işğaldan azad olunmuş ərazilər tikinti meydançasına çevrilmişdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə işləri sürətlə davam etdirilir. Demək olar ki, bütün rayonların baş planları hazırlanmışdır. Ağıllı kənd konsepsiyası ilə Ağalı kəndi yenidən tikilmişdir. Füzulidə Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan hava limanının tikintisinin son tamamlama işləri görülür və Laçında hava limanın tikintisi davam etdirilir. Zəfər yolu istifadəyə verilib, Ermənistanla sərhəd boyu yeni yollar və kommunikasiyalar yaradılıb, Zəngəzur dəhlizini birləşdirən dəmir yolunun tikintisinin 70%-də işlər tamamlanıb, demək olar ki, bütün yol infrastrukturu yenidən qurulur. O cümlədən, dünyada ən uzun tunellər məhz Qarabağ iqtisadi rayonunda tikilir və hal-hazırda işğaldan azad edilmiş ərazilərdə 10 tunelin tikintisi davam etdirilir. Elektrik enerjisinin infrastrukturu yenidən qurulmuş, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal idarəetmə sistemləri yaradılmışdır. Cənab Prezident işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonası elan etmişdir və bu ərazilərdə alternativ enerji stansiyaları tikilməkdədir. O cümlədən, 5 kiçik su elektrik stansiyası tikilmiş, 4 stansiyanın da ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Ağdam şəhərinin baş planına uyğun yenidənqurulması və bərpasına başlanmışdır. Mədəniyyət paytaxtımız olan Şuşada hər tərəf yenidən tikilir və bu şəhərə Qoruq şəhər statusu verilmişdir. Bu gün Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. İşğaldan azad olunmuş ərazilərə səfər edən hər bir şəxs bu ərazilərdə icra olunan meqa layihələri görərək heyran olur”.

Azər Badamov onu da qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrin həcmi və sürəti onu deməyə imkan verir ki, tezliklə yenidən qurulmuş şəhərlərə və kəndlərə 30 il qaçqın və köçkünlük həyatını yaşamış vətəndaşlarımız mərhələli şəkildə qayıdacaqlar.

Millət vəkili Cavid Osmanov da ötən bir il yarım ərzində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək qiymətləndirdi.

Cavid Osmanov

“Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu ermənilərin 30 illik işğalına son qoydu, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinə start verildi. Biz tarixə nəzər salsaq görərik ki, dünya tarixində heç bir ölkə müharibədən sonra öz gücü ilə bu qədər yenidənqurma-bərpa və tikinti işləri apara bilməyib. Ötən səkkiz ay müddətində Beynəlxalq Füzuli Hava Limanı tikilib istifadəyə verildi. Ermənistan sərhədinə qədər böyük bir ərazini əhatə edəcək yol infrastrukturu quruldu. Hamıya çox yaxşı bəllidir ki, belə yollar Ermənistan tərəfindən işğal müddətində çəkilməmişdir. Görülən işlər həm orada yaşayan vətəndaşlarımızın rifahı, həm də vətənin keşiyində dayanan Azərbaycan hərbçilərinin daha rahat şəkildə öz vəzifələrini yerinə yetirməsi üçün də nəzərdə tutulub. Qeyd edim ki, bu işlərin hər biri Azərbaycanın öz gücü hesabınadır. Böyük Qayıdışın tərkib hissəsi olaraq fərdi evlərin, mənzillərin tikintisinə start verilib. Digər bir tərəfdən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılması da yeni salınan qəsəbələrin enerji təchizatının təminatında mühüm rol oyayacaqdır. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpa edildiyini göstərir.

Qısa zamanda beynəlxalq hava limanlarının tikintisi, yüz kilometrlərlə yolların salınması, tunellərin inşası, elektrik enerji təchizatının qurulması üçün stansiyaların tikilməsi, tarixi-dini, mədəni abidələrin təmir-bərpası, şəhərciklərin salınması müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar sadəcə ilyarımlıq zaman kəsiyində reallaşdırılıb. Dünyanın heç bir ölkəsində bunun bənzərinə rast gəlmək mümkün deyil. Görülən işlərin miqyası əsl torpaq sahiblərinin geri döndüyünün isbatıdır”.

Millət vəkili xatırlatdı ki, işğal nəticəsində doqquz şəhərimiz və yüzlərlə kənd və qəsəbələr tamamilə yer üzündən silinmişdir. Ermənilər daşı daş üstündə qoymamışdılar. Amma bu gün isə artıq bir neçə şəhər və kəndlərimizin baş planları təsdiqlənir. Vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması, onlara layiqli həyat təmin etmək çox böyük və müasir infrastruktur işləri həyata keçirilməkdədir.

ishgaldan-azad-edilmish-erazilerde-yenidenqurma-prosesi-suretlenir

“Azərbaycan 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də xalqımızın milli ləyaqətini bərpa etdi. Birinci pilot layihə isə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Bir il bundan əvvəl inşaat işlərinin başlandığı Ağalıda indi 200 evdən ibarət “Ağıllı kənd” salınıb. Kənddə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb. Bundan əlavə, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Eyni zamanda, Zəngilan ərazisində dəmir yolları, avtomobil yolları çəkilir, hava limanı tikilir və böyük aqropark salınıb. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir.

Bildiyiniz kimi, ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpasına ən böyük əngəl Ermənistan tərəfindən Azərbaycana mina xəritələrinin təqdim edilməməsində idi. Nəticədə təhlükəsizlik məsələlərinə görə daha ehtiyatlı davranılaraq bunun üçün xüsusi avadanlıqlar alındı və minatəmizləmə işlərinə cəlb edildi. Təmizlənmiş ərazilərdə abadlıq işlərinin sürətlənməsi nəticəsində ən müasir tələblərə cavab verən infrasturktur yaradılıb. Ağdam və Suqovuşanın baş planları təsdiqlənib. İşğaldan azad edilən ərazilərdə, Şuşada “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində işlər gedir. Digər bölgələrdə də əhalinin köçməsi üçün şərait yardıldıqdan sonra bu məsələyə baxılacaq”.

Millət vəkili 30 il müddətində torpaq həsrəti yaşayan vətəndaşlarımızın Qarabağa səfər etmək istəkləri ilə bağlı yaşadıqları hisslərə aydınlıq gətirərək qeyd etdi ki, təhlükəsizlik məsələləri həll olunduqca hər kəs arzuladığı qədər səfər edib, torpaqlarımızda dincələ biləcəkdir.

“Vətəndaşlarımızın bu arzuları başa düşüləndir. Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində hər zaman insan amili, onun sağlamlığı, qorunması dayanmışdır. Qarabağa səyahət etmək üçün ilk belə marşrutlar Şuşaya təşkil olunub. Yaxın müddətdə Füzuliyə belə marşrutlar təşkil olunub. Məlumat üçün bildirim ki, il yarım ərzində 220 soydaşımız mina qurbanı olmuşdur. Bunların otuzundan çoxu artıq öz həyatını itirmişdir. Yerdə qalanları müxtəlif formada bədən xəsarətləri almışdılar. Çox güman ki, digər ərazilərimizdə də artıq təhlükəsizlik tam təmin olunduqdan və minalardan təmizləndikcə mərhələli şəkildə digər ərazilərimizə səfərlər təşkil oluna bilər”.

Gülbəniz Hüseynli / Musteqil.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//byambipoman.com/4/5013541