Cimnazla “yatağa girən“ Fərda: “O saytın adını birinci dəfə idi eşidirdim…“

“Mənə əsas toxunan odur ki, bu boyda iş qaldı bir qıraqda, amma “Çimnazla yataqda” verilişinə getməyim daha çox paylaşıldı, daha çox müzakirə olundu. Hətta elə jurnalistlər vardı ki, verilişə baxmadan adi adamlar kimi davrandılar. Məsələn, bir xanım jurnalist o ərəfələrdə zəng vurmuşdu, sözügedən mövzunu soruşurdu. Məlum oldu ki, bu adam heç verilişə baxmayıb. Mən ona izah elədim ki, verilişə baxmaq, ona uyğun davranmaq lazımdır. Mən o saytın adını birinci dəfə idi ki eşidirdim, yəni, bir növ, fürsət qovanlardan idi”.

Müstəqil.az xəbər verir ki, bunu aktyor Fərda Aminin lent.az-a müsahibəsində deyib. Müsahibəni kiçik ixtisarla təqdim edirik:

– O verilişə medianı və sırf o mövzulara köklənən gəncləri protest etmək üçün getmişdim. Bayaq dediyim xanım jurnalistə də bunu irad tutdum. Səhnəyə yataqdan gəlməmişəm, əzizim. 25 ildir ki, səhnədəyəm. O qədər şüurum yoxdur ki, hara getdiyimi bilməyim?

– Bəs protest lazımi effekti verdi?

– Əlbəttə, verdi. Mənim onlara və suallarına verdiyim cavablara heç reaksiya belə verə bilmədilər, susqunluq, durğunluq yarandı. Bu da elə nəticə deməkdir.

– Niyə Fərdanın Rusiya konserti işıqlandırılmadı? Yəni şəxsən sizin fikriniz nədir?

– Vallah, bilmirəm. Son vaxtlar çox bərbad bir istiqamətdə gedirik, hansı ki bunun sonu uçurumdur. Kim nə gəldi, necə gəldi yazır, pozur, gündəmə gəlir, gündəmi idarə edir. Lazımi və işıqlandırılması gərəkən mövzular qalır bir qıraqda. Bunun qarşısını mən təkbaşına ala bilmərəm. İstəyirəm ki, jurnalistlər bu mövzuda nələrsə etsin.

Yəni, bir növ, yığışıb həll yolu tapmaq lazımdır, qardaşım. Qələmlər birləşdirilməlidir, beyinlər birləşdirilməlidir. Biz Rusiyaya, Türkiyəyə baxanda əhali və ərazi baxımından kiçik bir ölkəyik. Bu baxımdan, cəhd eləmək, müdaxilə eləmək və effekti görmək olar.

– Konsert necə keçdi? Anonslarda tamamilə yeni yumor məsələsi var idi. Reaksiya necə idi?

Çox möhtəşəm. Azərbaycan “stand up”ını çalışıram ki, 10 il qabağa atım. Düşünürəm ki, bu konsertdə onu hiss elətdirə bilmişəm.  25 ildir, bu işdəyəm, 25 ildir, sırf bir nöqtəyə baxıram, sırf bir iş üçün çalışıram. Bu dəqiqə kirayə qalıram, əzizim. İstəsəm, başqa bizneslə məşğul olardım da. İstəmirəm, bu işi sevirəm. “Stand up”larımda ata-oğul münasibəti, uşağa şəxsiyyət kimi yanaşma mövzuları, ana-oğul bağları, onların fəsadları da var. Amma yazılarda bu mövzular yox, yataq mövzuları daha çox maraqlı olur. Yumorumun alt qatı, alt mənası var. Baxmaq lazımdır, görmək lazımdır. Və vicdanla qənaətə gəlmək lazımdır. Məsələn, gəlib baxır, deyir, Fərda “Selfinaz”da çox açıq danışıb. Amma həmin adam ondan açığına baxmaq üçün Bakı Konqres zalında növbəyə durmuşdu.

Öz sənətçinə qiymət verməlisən, onu qorumalısan. Bir dəfə Cem Yılmazdan alış-veriş mərkəzində nəsə soruşurlar, o da yolüstü nəsə bir cavab verir. Onu mediada bilirsən nə formada verdilər? Başlıq belə idi: Cem Yılmaz bizi yine kahkahalalara boğdu. Amma bizdə? O boyda konsert verirsən, bir nəfər o haqda nəsə yazmır.

Fərda gecə-gündüz yazır-pozur, pulsuz konsertlər verir, bu boyda işlər görür və s. O jurnalistlər bunları görmür? Görməli deyil? Hamımız Azərbaycan üçün çalışırıq. Biz özümüz-özümüzü qorumalıyıq? Biz bir-birimizi küsdürsək, nə olacaq? Mən küsüm, Müşfiq, Elməddin küssün, Tahir, Cabir küssün, Rafael, Coşqun küssün, bəs sonra? Var bu axının davamı? Kimlər gələcək? Kimlər davam etdirəcək?

– Son zamanlar “TikTok” üzərindən populyarlaşanlar var.

Bu da ayrı bir bəladır. Bizim nəsil internetdən, Tiktokdan çıxmayıb, əzizim. Bizi əziyyətlərimiz və zaman yetişdirib. O platforma bir gün bağlansa, vəssalam. Bitdi. Nöqtə. Və onlar xalqa nəsə vermir, verə bilməz. Çünki o təcrübə yoxdur, onlar bizlər kimi yetişməyib və yetişə də bilməz. Ona görə, vallah, adlarını çəkdiyim adamları qorumaq lazımdır, yazmaq, işıqlandırmaq lazımdır.

Bu gün səhnədən çəkilsəm, heç nə itirmirəm. Özümə görə ayrı ixtisasım da var. Amma axı o boyda əziyyətlər çəkmişəm. Bu adı qazanana qədər çox çalışmışam.

Mövzu sənət yox, başqa olanda dərhal coşurlar, yazırlar. Şəxsi həyatımın müzakirəsində belə nə qədər ədalətsiz yazılar gördüm. Bu qədər qələmin içindən 3 dənə 5 dənə qələm çıxmadı ki, haqlı, ədalətli bir fikri qoysun ortaya? Çıxmadı. Buna təəssüf edirəm.

– Azərbaycan “stand up”ında Fərda özünü harada görür?

– Azərbaycan “stand up”ını bircə-bircə hördüyüm üçün mən özümdən o tərəfi  görmürəm. Aktyorluq və digərləri bir yana, onlar öz yerində, amma “stand up” Azərbaycana mənimlə gəlib. Kimlərsə bu gün məndən bəhrələnib “stand up” edirsə, nə vaxtsa kimdən bəhrələndiyini dilinə gətirəcək, gətirməlidir. Çünki, ən azından, vicdan məsələsi burada rol oynamalıdır.

Başa dön tuşu