Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.

Qeyd edək ki, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur. Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var:

“Ermənistan Türkiyə – Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanaraqq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir. Ankara isə qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək niyyətindədir. Bu münasibətlərdə Bakının mövqeyi isə postmünaqişə dövrünün gündəliyinə daxil olan ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. kimi məsələlərin həllinə nail olmaqdır”.

Asif Nərimanlı deyir ki, bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olsa da, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.

“Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Erməni mediasının məlumatına görə, Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi. Ona görə də, Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı. İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur. Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyildir. Qeyd edim ki, normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir”.

Siyasi şərhçi qeyd etdi ki, Rusiya “3+3” formatının qurulmasından yanadır. Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Əgər bu baş verərsə, 10 noyabr razılaşmasının bəndləri icra ediləcəkdir.Bununla yanaşı “3+3” formatının yaranması perspektivi Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Ekspert onu da bildirdi ki, bu şərtlərin danışıqlarla yoxsa razılaşmaya məcbur edən hərbi addımlarla reallaşacağı hələ də sual altındadır.

Musteqil.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ardslediana.com/4/5013541