Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.

Bu barədə Musteqil.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bu gün İranda qatar qəzasında həlak olanlara görə iranlı qonaqlara başsağlığı verib, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Ziyafət Əsgərov Azərbaycan və İran arasında mehriban qonşuluq və yaxın əməkdaşlıq münasibətlərindən söz açaraq, ortaq dini və mədəni dəyərlərin bizi birləşdirdiyini qeyd edib.

Müstəqillik illərində Azərbaycanın İranla münasibətlərinin inkişafında Ulu öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayan Ziyafət Əsgərov bu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bildirib. O, dövlət rəhbərlərinin siyasi iradələri ilə imzalanan sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb və birgə səylərlə həyata keçirilən regional layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

Ziyafət Əsgərov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə İran rəhbərliyinə təşəkkürünü bildirib, işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntıların miqyası, onların İslam dəyərlərinə və məscidlərə qarşı barbar münasibəti barədə danışıb.

İran İslam Respublikası İslam Şura Məclisinin nümayəndə heyətinin rəhbəri Hüseyn Nüşabadi səmimi qəbul üçün təşəkkür edib. Hüseyn Nüşabadi Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə malik olmasını əlaqələrin inkişafı üçün gözəl bir zəmin kimi dəyərləndirib. O, İranın Azərbaycanla hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu vurğulayıb, əlaqələrin genişləndirilməsi potensialı, bu işdə parlamentlərin verə biləcəyi töhfələrlə bağlı fikirlərini açıqlayıb.

Görüşdə nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyəti vurğulanıb, regionda sülhün və iqtisadi inkişafın möhkəmlənməsinin vacibliyinə toxunulub, Azərbaycan və İran arasında bir çox sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi müzakirə olunub.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Aydın Mirzəzadə, Arzu Nağıyev, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri Yaqub Rezazadə, Seyid Əhməd Avayi, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541