Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi postmüharibə dövründə də özünü göstərir. Hazırda iki ölkə arasında olan dostluq, qardaşlıq, birlik və həmrəylik tarixin ən yüksək dövrünü yaşayır”.

Bu fikirləri Musteqil.az-a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Texnofest Azərbaycan” Aerokosmik və texnologiya festivalına ev sahibliyi edən ölkəmizin qazanmış olduğu nailiyyəti şərh edən zaman bildirib.

Politoloq xüsusilə qeyd etdi ki, ötən həftə böyük səs-küyə və rezonansa səbəb olan “Texnofest Azərbaycan” festivalının mühüm əhəmiyyəti vardır.

Bəs türkün gücünü dünyaya nümayiş etdirən budəfəki festival missiyasının öhdəsindən gələ bildimi?

“Xüsusilə qeyd etmək lazımdır ki, “Texnofest Azərbaycan” elm, bilik, texnologiya, intellekt, festivalıdır və Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda təşkil olunur. Bildirim ki, bu festival ölkəmizin ev sahibliyi etdiyi böyük və möhtəşəm bir tədbir idi. Festival əsnasında Azərbaycan gəncləri astronavtika, robot texnika, informasiya kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri, təcrübəni bölüşmək imkanı əldə etdilər. Prezident İlham Əliyevin dediyi kimi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “Texnofest”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Onların hər ikisi gənclər üçün örnəkdirlər. “Texnofest”in qaliblərini Azərbaycan və Türkiyə prezidentləri təltif etdilər. Eyni zamanda türk dünyasının böyük alimi Əziz Səncər də öz çıxışında gənclərə mühüm nəsihətlərini, tövsiyələrini verdi. Onun məsləhətləri gənclər üçün motivasiya yönümlü fikirlərdir. Cənab Prezident İlham Əliyev öz çıxışı əsnasında gəncləri vətənpərvər olmağa səslədi və mühüm mesajlar verdi. Düşünürəm ki, Bakıda keçirilən bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir. Həmin sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağı daha da artıracaq. Dövlətin öz siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün yüksək texnologiyaya malik olması vacibdir. Bu baxımdan bu festivalın mühüm əhəmiyyəti oldu”.

“Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız” deyə çıxış edən Prezident İlham Əliyevin gələcək nəsillərə ismarıc olan bu sözlərini necə şərh edərdiniz?

“Əlbəttə. Tədbirin elmi, iqtisadi imkanları genişləndirilməsi ilə yanaşı, onun siyasi mənasını da qeyd etmək lazımdır. Beləki, festivalda çıxış edən dövlət başçıları təkcə regiona deyil, həm də dünya ictimaiyyətinə vacib mesajlar verdilər. Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad olunan mədəniyyət paytaxtımız Şuşada 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırır və hərbi müttəfiqlik münasibətlərinin formalaşması artıq münasibətlərdə yeni bir səhifənin başlanğıcıdır. Artıq siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, mədəniyyət, gənclər siyasəti,humanitar sahədə əməkdaşlığın dərinləşməsi ilə yanaşı, həm də süni intellekt sahəsində də münasibətlər qurulur. Festival əsnasında texnoparkın yaradılması ilə bağlı qərar qəbul olunmuşdur və bütün bunlar onu deməyə əsas verir ki, artıq Türkiyə, Azərbaycan gəncləri də birlikdə müxtəlif ixtiralar üzərində işləyə bilərlər və əldə olunan nailiyyətləri bölüşmək imkanı yaranır. Bu möhtəşəm tədbir, eyni zamanda, hər iki dövlətin inkişaf, tərəqqi yolu ilə uğurla irəlilədiyinin təsdiqinə çevrildi. Festival istər Azərbaycanda, istərsə də Türkiyədə yetişən gəncliyin elm və texnologiyaya böyük maraq göstərdiyini, daim yeniliyə, müasirliyə can atdığını sübuta yetirdi”.

Festivalda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyənin gücü Azərbaycanın gücüdür” bəyanatı həm Azərbaycan həm də Türkiyə cəmiyyətində rezonans doğurdu. Türkiyə prezidentinin bu sözləri Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasına işarə ola bilərmi?

“Bilirsiniz ki,Türkiyə və Azərbaycan arasında münasibətlər tarixi köklərə söykənir və bu gün “Teknofest Azərbaycan” festivalının yekunları olaraq deyə bilərik ki, artıq münasibətlərin yeni bir başlanğıcı qoyulmuşdur. Bu kimi festivallara ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın informasiya texnologiyaları sahəsində inkişafına da təsir göstərəcək. Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” festivalına olan böyük marağı şərtləndirən digər səbəb isə İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən geniş və intensiv istifadə edilən “Bayraktar” PUA-larının işğalçıların torpaqlarımızdan qovulmasında mühüm rol oynaması ilə bağlıdır. Təbii ki, qardaş dövlət gücləndikcə, onların beynəlxalq nüfuzu artdıqca hər iki dövlətin toplumları da sevinir və xalqlar arasında da möhkəm bağları formalaşırSəlcuq Bayraqdar kimi dünyanın hərb sənayesində inqilaba imza atmış bir şəxsin təşəbbüsü ilə yaradılan bu festival bir çox hadisələrlə yadda qaldı. 44 günlük Vətən müharibəsində “Bayraktar-TB 2 pilotsuz uçuş aparatlarının Qarabağ və Şərqi Zəngəzur səmasında uğurlu fəaliyyəti dünyanın hərb tarixinə düşmüşdür. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda da biz gördük ki, hərbi ekspertlər, politoloqlar, məşhur strateqlər Qarabağ müharibəsini hələ də təhlil edib, müqayisələr aparırlar. Türkiyə PUA-ları müxtəlif münaqişələrdə, o cümlədən Ukraynada davam edən müharibədə mükəmməl performans göstərdiyinə görə bir çox ölkə üçün seçim silahına çevrilib. “Bayraktar”lar Rusiyanın çoxlu sayda hava hücumundan müdafiə sistemini, helikopterlərini, təchizat maşınlarını və zirehli texnikasını məhv edərək Rusiya qüvvələrinə qarşı ən güclü qüvvə olduğunu sübut ediblər. Bundan əvvəl Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsi zamanı Türkiyənin PUA-larından uğurla istifadə edib və Ermənistana məxsus yüzlərlə texnikanı sıradan çıxarıb. Mart ayında “Baykar”ın baş direktoru Haluk Bayraktar şirkətin ölkələri qeyd etmədən “Akıncı “PUA-ları üçün iki ixrac müqaviləsi bağladığını açıqlamışdı. Azərbaycan “Akıncı”ları alacaq ilk ölkələr arasında olması ilə bağlı yayılan müəyyən fikirlər əsnasında deyə bilərik ki, bu ölkəmizin hərbi qüdrətinin daha da artıracaqdır. Çünki texniki göstəricilərinə görə “Akıncı” daha hündür məsafədə uça bilir və daha da çox yükgötürmə qabiliyyətinə malikdir. Bu baxımdan ölkəmizin səmalarının “Akıncı” PUA-larına etibar edilməsi həm də Azərbaycanın bu sahədə uğuru kimi qiymətləndirilə bilər”.

Azərbaycanın bu kimi festivallara ev sahibliyi etməsi regionda ölkənin inkişafına necə təsir edəcək?

““Teknofest Azərbaycan” festivalı xalqımız tərəfindən də böyük rəğbətlə qarşılandı və məhz bu festivalın 28 May Müstəqillik gününə təsadüf etməsi də xüsusi məqamdan xəbər verir. Bu il ilk dəfə ölkəmizdə 28 may tarixi müstəqillik günü kimi qeyd olunmağa başladı və burada bir sıra mühüm əlamətlər vardır. Azərbaycanın Müstəqillik gününü qeyd etməyə gələn Rəcəb Tayyib Ərdoğan yenidən Azərbaycanla olan isti münasibətini və ölkəmizə qarşı həssaslıqla yanaşdığını da nümayiş etdirdi. Arzumuz budur ki, Türkiyə-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edərək çoxşaxəli xarakter alsın. Xüsusilə vurğulamaq lazımdır ki, xarici siyasət sahəsində fəaliyyət koordinasiya olunur, uyğunluq mövcuddur. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə-Azərbaycan qardaşlığı, sarsılmaz birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Bu amilin təməlində isə bölgəmizdə sülh və əmin-amanlıq prinsipi dayanır.

Türkiyə-Azərbaycan arasında olan münasibətlər böyük bir regionun təhlükəsizliyinin, sülhün və sabitliyin qorunmasına xidmət edir. Hər iki ölkə öz xarici siyasətində, xalqların rifahını prioritet plana çəkir, bu da Azərbaycanın və Türkiyənin uğuru kimi qiymətləndirilə bilər”.

Gülbəniz Hüseynli / Musteqil.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541