Şəhidlər və gənc qazilərin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi Sevgi – Vətən” layihəsi əsasında yazıçılarla keçirilən görüşlər yekunlaşıb.

Bu barədə Metbuat.az-a NAYORA-nın mətbuat xidmətindən məlumat verilib.

Layihənin yekunu olaraq şəhidlər və gənc qazilərin şeirlərindən ibarət kitab işıq üzü görüb. Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təqdimat mərasimində yazıçı qazilər, şairlər, həmçinin şəhid ailələri iştirak edib.

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik hislərinin təbliği istiqamətində iş aparmaq, vətənpərvərlik mövzusunda olan qələm örnəklərini kitablaşdırmaq və onların təbliğini geniş oxucu kütləsi arasında həyata keçirtməkdən ibarət olub.

Qeyd edək ki, layihə çərçivəsində nəinki Azərbaycanda, eləcə də bütün dünyada öz əsərləri ilə tanınmış yazıçılarla görüşlər keçirilib. İlk görüş yazıçı, akademik Kamal Abdulla ilə baş tutub. Görüş zamanı yazıçı ədəbiyyat, qələmə aldığı əsərləri, “Kitabı Dədə Qorqud” dastanı kimi istiqamətlərdə gənclərlə öz fikirlərini bölüşüb və onların suallarını cavablandırıb. Həmçinin görüşdə tanınmış qələm adamları yazıçı-publisist Kənan Hacı, yazıçı Cavid Zeynallı, şair Qismət Rüstəmov, yazıçı Mübariz Örən də iştirak edib.

Layihə çərçivəsində ikinci görüş Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevlə keçirilib. Görüş zamanı yazıçının həyat və yaradıcılığı, dünyaca məşhur əsərləri geniş müzakirə olunub, yazıçının vətənpərvərlik mövzusunda dəyərli fikirləri dinlənilib.

Layihənin sonuncu görüşü isə əməkdar jurnalist, yazıçı Varis Yolçuyevlə baş tutub və bununla da layihə yekunlaşıb.

Məlumat üçün vurğulayaq ki, “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrə müvafiq resurs dəstəyinin göstərilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin səmərəliliyinin və məhsuldarlığının artırılmasını nəzərdə tutur. Proqram çərçivəsində 12 təşkilat tərəfindən həyata keçirilən 12 layihəyə resurs dəstəyi göstərilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu