Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Neftçala şəhərində yeni içməli su şəbəkəsi yaradılır.

Bu barədə Musteqil.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Neftçalada indiyə qədər mövcud olmuş şəbəkə ötən əsrin 70-ci illərində yaradılıb və uzun illər istismar olunduğundan tələbatı ödəməyib. Şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. 2020-ci ilin yayında Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salıb, nəticədə Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təchizatında ciddi çətinliklər yaranıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda Neftçala şəhərinin içməli su ilə təmin olunması ciddi tapşırıq kimi qoyulub. Tədbirlər Planına uyğun olaraq qısa müddətdə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km magistral kəməri çəkildi və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Bununla paralel olaraq Neftçala şəhərində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanıldı və hazırda mərhələlərlə davam etdirilir.

Cari ildə Neftçala şəhərində ümumi uzunluğu 90 km olan müxtəlif diametrli su xətlərinin, 21 km kanalizasiya xətlərinin və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi, həmçinin 3000 fərdi yaşayış evinə fasiləsiz və dayanıqlı içməli suyun verilməsi nəzərdə tutulub. İndiyə qədər 22 km içməli su xətlərinin tikintisi, eləcə də 320 ev bağlantılarının verilməsi başa çatdırılıb. Ümumilikdə, işlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Gələcəkdə Neftçala şəhərinin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Layihəyə əsasən, Neftçala şəhərində 116 km kanalizasiya şəbəkəsinin, 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral kəmərin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakinin içməli su təminatı yaxşılaşacaq.

Ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 14 yaşayış məntəqəsinin içməli su problemi də həll edilib. Digər yaşayış məntəqələrinin içməli su ilə təmin olunması istiqamətində tender prosedurları davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//alpidoveon.com/4/5013541