“Hər ailəyə körpə sevinci bəxş etmək qürur verən bir hissdir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı günüdür. Gecə-gündüz demədən sağlamlığımızın qayğısına qalan həkimlərimizin xidməti əvəzsizdir desək yanılmarıq.

Adi insanların iş saatının bitdiyi bir vaxt olduğu halda həkim peşəsini seçən şəxslərin iş müddəti əsla bitmir. Onlar gecənin bir vaxtı, səhər açılmamış və ya ağır iş rejimindən sonra yenicə yuxuya getdiyin bir anda xəstənin bir zəngi ilə iş başına qayıtmalı olurlar.

Mama-ginekoloqlar da daima gərgin iş şəraitində çalışan həkimlərimizdəndir. Normal vaxtda başqa sahənin həkimləri bir xəstənin müayinə və müalicəsinə cavabdeh olduğu halda, ginekoloqlar həm ananın sağlamlığının, həm də körpənin rahat bir şəkildə dünyaya gəlişinin məhsuliyyətini daşıyırlar.

Belə həkimlərimizdən biri də “Kliniki Tibbi Mərkəz”in tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin şöbə müdiri həkim Nigar Yusifovadır.

Nigar xanım son 10 il ərzində Rusiya Federasiyasında cərrah mama-ginekoloq kimi çalışdıqdan sonra 5 nömrəli Kliniki Doğum Evinin cərrah mama-ginekoloqu vəzifəsinə təyin edilib.

Metbuat.az onunla olan müsahibəni təqdim edir:

Nigar Yusifova

– Nigar xanım, uzun illərdir bu peşədə çalışırsınız. Hər gün bir neçə körpəni dünyaya gətirib hətta anadan öncə ilk siz onu qucağınıza alırsınız. Bu hisslərinizi necə ifadə edərdiniz?

“Doğru bildirdiniz. Mama-ginekoloqlar döl ana bətninə düşdüyü andan etibarən o körpənin yanında olan şəxslərə çevrilirlər. Şəxsən mən mama- ginekoloq kimi öz sənətimlə fəxr edirəm. Uzun illərdir bu peşədə olan bir şəxs kimi deyə bilərəm ki, mənim üçün övlad həsrətində olan hər bir ailəyə bu sevinc hissini yaşatmaq çox qürur verən bir hissdir”.

– Nigar xanım bildiyimiz qədər 2008-2011-ci illərdə Rusiyanın Yekaterinburq şəhərində 7 saylı Doğum Evində həkim cərrah mama-ginekoloq, 2011-2021-ci illərdə isə eyni şəhərdə yerləşən Klinik Perinatal Mərkəzdə həkim cərrah mama-ginekoloq kimi fəaliyyət göstərmisiniz. Rusiyada hamilə qadınlar təbii yoxsa qeysəriyyə yolu ilə ana olmağa üstünlük verirlər?

“Rusiyada hamilələr daha çox təbii doğuşa üstünlük verirlər. Yalnız həkim hamilə qadınla apardığı müzakirə və müayinələrdən sonra doğuşa əks göstəriş olduğu halda onun qeysəriyyə əməliyyatına razılıq verə bilər. Ümumi halda əksər hamilələr təbii doğuş yolu ilə ana olurlar.”

– Ölkəmizdə qadınlar daha çox qeysəriyyə üsulu ilə ana olmağ yolunu seçirlər. Bunun əsas səbəbini nə ilə əlaqələndirərdiniz?

“Düşünürəm ki, bu bir qədər ana olmağa hazırlaşan gənc qızlarımızın təbii doğuşdan qorxması ilə əlaqədar ola bilər. Ümumiyyətlə mama-ginekoloq tərəfindən hamilə qadın düzgün konsultasiya olunmalıdır və ona təbii doğuşun üstünlükləri tam çatdırılmalıdır. Bu zaman hamilə qadında da təbii doğuşa qarşı xof, qorxu olmayacaq. Çünki əsas səbəb məncə qorxu hissidir. Məhz bu səbəbdən qeysəriyyə üsuluna qadınlarımız müraciət edirlər. Heç bir problem olmadığı halda, göstəriş verilmədən xəstəni qeysəriyyə əməliyyatı etmək yolverilməzdir. Mənim tez-tez belə xəstələrim olur. Onlar təbii doğuş etməkdən qorxduqlarını desələr də, biz söhbət əsnasında onlara başa salırıq ki, təbii doğuş qadın üçün daha düzgün bir seçimdir. Elə yenicə xəstələrimdən biri təbii doğuşla ana olaraq 3 kilodan artıq sağlam körpə dünyaya gətirdi”.

Çalışdığınız 5 saylı doğum evində hazırda icbari tibbi sığorta vasitəsi ilə hamilə və olmağa hazırlaşan qadınlara pulsuz həkim müayinə və müalicəsi həmçinin onlarla doğuş və əməliyyatlar həyata keçirilir. Bir tibb işçisi kimi yeni yaranan bu sistemi və son zamanlar doğum evində görülən işlər barədə düşüncələrinizi bilmək istərdik.

“Bildiyiniz kimi, icbari tibbi sığorta ilə hamilə qadınlara doğuşaqədər tibbi xidmət və nəzarət, həmçinin patronaj ilkin səhiyyə xidməti çərçivəsində ginekoloqlar tərəfindən həyata keçirilir. “Kliniki Tibbi Mərkəz”in tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evində hamilə qadınlar həmçinin xəstəxanada ambulator xidmət üçün birbaşa ginekoloqlara müraciət edə bilərlər. Doğuş, zahılıq dövründə müayinə və müalicə, eləcə də tibbi göstəriş olduğu halda qeysəriyyə kəsiyi əməliyyatı da icbari tibbi sığorta təminatına daxildir. Ölkəmizdə icbari tibbi sığortanın həyata keçirilməsi Azərbaycan xalqı üçün hədiyyədir. Uzun müddətdir aztəminatlı ailələr doğum evinə müraciət edərək bu xidmətdən yararlanırlar. Biz onları doğum evindən qucaqlarında sağlam körpələri, üzlərində razılıqı əks etdirən gülüş ifadəsi ilə yola salırıq. Düşünürəm ki, bu bizim uğurumuzdur”.

– Həkimlərin işi şərəfli olmaqla bərabər həm də çox ağırdır. Xüsusən də doğuş prosesini həyata keçirən mama-ginekoloqların. Doğuş sancısı başlayana qədər xəstəxanaya müraciət etməyən, heç vaxt üzünü görmədiyiniz, xəstəlik tarixçəsindən xəbərdar olmadığınız pasiyentlərin qəbulu zamanı hansı tədbirlər görülür?

“Bəli, 5 nömrəli Kliniki Doğum Evinə hamiləliyi müddətində heç vaxt müayinə və müalicə olunmayan analiz verməyən xəstələr doğuş prosesi başlayan zaman müraciət edirlər. Biz onları qəbul edib, təcili bütün klinik labarator analizləri götürürük. Analizlərin nəticəsi bəlli olduqdan sonra doğuş baş tutur”.

– Nigar xanım, gənc qadınlara və ana olmağa hazırlaşan xanımlara tövsiyə və məsləhətlərinizi bilmək istərdik.

“Azərbaycanda hal-hazırda icbari tibbi sığorta sistemi həyata keçirilir. Hamilə qadınlarımıza məsləhət bilərdim ki, onlar bu xidmətdən yararlanaraq yaşadıqları ərazi üzrə qadın məsləhətxanalarına müraciət edib müayinə olunsunlar. Mama–ginekoloq müayinəsi daxil bütün klinik labarator analizlərdən vaxtında keçsinlər. Bu onların və doğulacaq körpələrinin sağlamlığı üçün çox vacibdir”.

Bəzi həkimlər işinin çətinliyini bildikləri üçün övladlarına bu peşəni məsləhət bilmirlər. Siz ana kimi övladlarınizın həkim olmalarına qarşı deyilsiniz ki?

“Bilirsiniz bizim işimiz çətin olsa da çox şərəfli və dəyərlidir. Xüsusən də mama–ginekoloqların işi olduqca məhsuliyyətlidir. Biz həm ananın, həm də körpənin səhətini eyni anda düşünmək məcburiyyətindəyik. Doğuşdan sonra onları qucağımıza alan zaman isə bütün əziyyətimiz kiçicik olub xoş bir sevinc hissi ilə üzümüzə əks olunur. Məhz bu hisslərdən irəli gələrək mən övladlarımın peşə yolumu davam etdirməsini dəstəkləyirəm”.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu