Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib.

MİTDİB-dən Metbuat.az-a verilən məlumata görə, Tərtər şəhərində, Tərtər Regional Peşə və Təlim Mərkəzində baş tutan seminar Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində keçirilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, I və II Qarabağ müharibələrinin nəticəsində Azərbaycanda media sahəsinə da ciddi zərər dəyib: “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycan KİV işçiləri cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını itiriblər, fiziki xəsarətlər alıblar, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş azərbaycandilli KİV redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, bütün bu məlumatlar ötən 30 il müddətində dağınıq olub, konkret statistik məlumat bazası hazılanmayıb, beynəlxalq təşkilatların diqqətinə çatdırılmayıb. Bu dövrdə daha çox şəhid jurnalistlərimizin məsələsi qabardılıb. Amma xəsarət alan jurnalistlər və müharibə nəticəsində fəaliyyəti dayandırılmış KİV qurumları barədə məlumarlar sistemləşdirilməyib. Biz MİTD İB olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə icra etdityimiz layihə çərçivəsində bu sahədə mövcud olan bütün məlumatları araşdırdıq, sistemləşdirdik. Əldə etdiyimiz məlumatlar belədir ki, I və II Qarabağ müharibələri dövründə 11 nəfər Azərbaycan KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Bunlardan 8 nəfəri jurnalist, 3 nəfəri KİV-də çalışan texniki işçilər olublar. 9 nəfər KİV işçisi fiziki xəsarətlər alıb, sağlamlığına ciddi zərər dəyib. Həmçinin Qarabağ bölgəsində mövcud olmuş 10 KİV redaksiyası fəaliyyətlərini dayandırmaq, yaxud köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Bu redaksiyalarda çalışmış 125 nəfər KİV işçisi də öz iş yerini itirib, köçkün düşüb. Biz bütün bu məlumatları toplayıb sistemləşdirdik. Yaxın günlərdə bütün bu məlumatların əks olunduğu saytın təqdimatı da olacaq”.

Müşfiq Ələsgərli qeyd edib ki, Tərtərdə keçirilən seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən KİV işçilərinə insidentləri aktlaşdırmaq və jurnalist təşkilatlarına məlumat göndərmək prosedurları barədə məlumat verilib: “Onlar sərhəd bölgələrində fəaliyyət göstərirlər və insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu barədə məlumat verdik. Bundan sonra sərhəd bölgəsində, qaynar nöqtələrdə insidentlərlə rastlaşan KİV-lərin və KİV işçilərinin məsələsi dərhal sənədləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim ediləcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu