Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Azərbaycan, Birləşmiş Ştatlar tərəfindən kurasiya edilən iqtisadi məkana daxil edilsin və anti-Rusiya koalisiyasına iqtisadi baxımdan töhfə versin”.

Bu fikirləri Musteqil.az-a özəl olaraq Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndəriyi məktubu şərh edən müsahibimiz vurğuladı ki, alternativ enerji ilə bağlı məsələlərin gündəmə gətirilərək bu məsələnin təhlükəsizlik qayğılarının bir hissəsi olması məqamına xüsusi mesaj verilib:

“Baydenin İlham Əliyevə göndəriyi məktubun paytaxtda keçirilən “Bakı Enerji Həftəsi” günlərinə təsadüf etməsi də Amerikanın Azərbaycanla bağlı əməli addım atması anlamına gəlir. Burada ikinci məqam ondan ibarətdir ki, ABŞ paralel olaraq iki güclü dövlət olan Azərbaycan və Türkiyəni Ermənistanla barışmağa həvəsləndirərək Nikol Paşinyanın arxasında durmağa təşviq edir”.

Əziz Əlibəyli qeyd etdi ki, Ağ Ev rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı məktubla vermək istədiyi mesajın kökündə dayanan digər bir məqam isə Orta Asiyanın, xüsusilə İran neft-qazının Azərbaycan vasitəsilə Avropaya çıxışını təşkil edilməsidir:

“Burada çox incə bir nüansı da qiymətləndirmək lazımdır. Son 10 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib. Hazırda Avropanın Rusiya qazından asılı olduğu bir dönəmdə olduğunu nəzərə alarsaq, Azərbaycana, ölkəmizin enerji koridorlarına və bölgədəki roluna möhtac olduqlarını görə bilərik”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə düşünür ki, Azərbaycanın Qərb və Avropa üçün aktuallığı son dərəcədə önəmlidir:


“Məktubda Trans-Xəzər layihəsinin adının çəkilməsi də olduqca maraqlı məqamdır. Trans-Xəzər əməkdaşlığı Orta Asiyadan enerji resurslarının Xəzər və Azərbaycan üzərindən Avropaya çatdırılması məsələsi var ki, görünür, bununla bağlı Qərbin strateji planları var. Bu məsələdə də Azərbaycanın dəstəyinə böyük ehtiyac var. Hazırkı vəziyyət Azərbaycan üçün kifayət qədər yaxşı bir vəziyyətdir, həm regional, eyni zamanda da qlobal səviyyədə söz sahibinə çevrilməsini müşahidə edirik. İstər ölkə rəhbərinin apardığı uğurlu siyasət olsun, istər mövcud enerji resursları olsun, istərsə ordunun uğuru olsun, yəni bütün bunlar kompleks şəklində Azərbaycanın hələ uzun müddət nüfuzunun dayanmadan artacağına bir işarədir”.

Gülbəniz Hüseynli / Musteqil.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541