Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin’s Jazz Club” caz tamaşasının premyerası baş tutacaq.

Musteqil.az-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Mətbuat Xidmətindən verilən xəbərə görə, tamaşa 21 iyun saat 19:00-da Akademik Musiqili Teatrında olacaq.

Teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

“Lara Martin’s Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov iştirak edirlər.

Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və “DJ Maqa” – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.

Xatırladaq ki, İradə xanım bundan öncə Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib.

Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//alpidoveon.com/4/5013541