Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Vətən – o hər zaman yaşasın deyə uğrunda düşünmədən canını qurban vermək, onun müqəddəsliyinə daha da müqəddəslik gətirməkdir . Bu müqəddəsliyin nə olduğunu 44 günlük Vətən müharibəmizdə Azərbaycan oğulları bir daha sübut etdi. Canıyla , qanıyla Vətən yazdı Azərbaycan ərənləri. Hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub, canından canına pay verməklə təsdiqlədi Vətən övladları. Ömrünü Vətənənin ömrünə calamış , Vətən müharibəmizin qəhrəman oğullarından birinin Cavidin doğum günü idi bu gün. Yaşasaydı 26 yaşı tamam olacaqdı… Həmişə olduğu kimi yenə hamı işığına yığışmışdı.. Sinif yoldaşları, dostları , müəllimləri, qohumlar .. Cavid haqqında danışırdı hamı …qürurla, fəxarətlə .. Onun səmimiliyini, mehribanlığını ,torpaqsevərliyini , böyüyə hörmətini dilə gətirirdilər.. Elə sevə – sevə , içdən danışırdılar ki, sanki Cavidin balaca köksünə yerləşmiş bu duyğuları yenidən yaşadırdılar.Şəhidlər – işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar. Qəlb dünyamızın əbədi sakininə çevrilmişlərdən biri , haqqında danışdığımız Cavid Şaban oğlu Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub. 2002-2013-cü illərdə Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin “Vergi İşi” ixtisasına qəbul olunub. Bir il təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Cavid Əliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Azərbaycan Ordusu sıralarından təxris olunduqdan sonra təhsilini başa vurub, daha sonra isə inşaat sahəsində çalışıb.

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün Cavid SHXÇDX-yə müraciət edib və könüllü müharibəyə yollanıb. Snayper olan və onlarla erməni hərbçini öldürən Cavid noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Cavid Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

//ugroocuw.net/4/5013541