Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 29 dekabr 2003-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “QAZ-24” markalı avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 29 dekabr 2003-cü il tarixdə “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.

Bunun üçün “QAZ-24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşmışlar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını, sərbəst buraxılması müqabilində pul tələb ediblər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.

İstintaq zamanı hadisə yerindən götürülən maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılıb, həmin vaxt hadisə yerində aparılan telefon danışıqları təhlil edilib, hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyən edilərək dindirilib.

Keçirilən zəruri istintaq hərəkətləri nəticəsində 15 dekabr 2021-ci il tarixdə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin