Zəfər Günü elə bir tarixdir ki, dünya azərbaycanlıları üçün doğma, qürur dolu, şanlı, əziz və müqəddəsdir. Bu əlamətdar gün dünya hərb tarixində iz buraxan 44 günlük Vətən müharibəsinin, Vətən müharibəsi isə xalqımızın məğrurluğu, dövlətimizin hərtərəfli uğurlu siyasətinin təcəssümüdür. Vətən müharibəsi bütün dünyaya çiçəklənən Azərbaycanın gücünü və qüdrətini göstərdi.

Təqvimdə yer alan bu tarixi gün ətrafında danışarkən mənfur düşmənlə münasibətləri və qət etdiyimiz yolu 3 dövrə bölə bilərik: Vətən müharibəsinə qədər olan dövr, Vətən müharibəsi və Vətən müharibəsindən sonrakı dövr.

Vətən müharibəsinə qədər olan dövrü ifadə edəndə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də öz əzəli torpaqlarında başladığı uğurlu əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsinədək baş verənləri Ermənilərin 200 ildən çoxdur ki, davam edən düşmənçilik siyasəti və Azərbaycanın yenidən müstəqillik əldə etməsindən bir müddət sonra başlayan, qələbəyə aparan yolda mübarizəsi ilə xarakterizə edə bilərik. Ermənilər Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtlardan başlayaraq müasir dövrə qədər müxtəlif tarixi boşluqlardan sui-istifadə etməklə öz çirkin əməllərini həyata keçirmiş, xalqımıza qarşı soyqırımları, işğalçılıq faktlarını törətmişlər. Bu qəbildən olan hadisələrdən biri də Sovet İttifaqı dağılandan sonra ölkəmizdə baş verən siyasi xaosdan istifadə edərək öz havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etməsi olub. Mənfur qonşularımız bütün bunları heç bir beynəlxalq hüquqa məhəl qoymadan edib. 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqının qurtuluşu oldu və ermənilərin işğalçılıq siyasətinin qarşısını aldı. Bundan sonra dövlətimizin güclənməsi zərurəti üçün durmadan çalışan Ulu öndər nizami ordu quruculuğundan başlayaraq ölkəmizin daxili və xarici siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsini təmin edib. 2003-ci ildən Heydər Əliyev siyasi kursunun ən parlaq nümayəndəsi İlham Əliyev bu missiyanı uğurla davam və inkişaf etdirdi. Bu Azərbaycan xalqını qələbəyə aparan strateji yol xəritəsi idi. Ulu öndər və onun layiqli davamçısı inkişaf və qələbəyə aparan strateji yol xəritəsinin müəllifləridir.

44 günlük Vətən müharibəsindən danışarkən güclü ordu quruculuğu, beynəlxalq nüfuz, uğurlu diplomatiya, Müzəffər Ali baş Komandanın siyasi iradəsi və Azərbaycan xalqının qələbə əzmini xüsusi vurğulamalıyıq. Cəmi 44 gün ərzində ermənilərin 30 ildir yaratdığı istehkamları yardıq, düşmənə diz çökdürdük, erməni ideoloqlarının mif yaratmaqla söylədikləri “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını darmadığın etdik, haqq savaşımızı qazanaraq ədaləti bərqərar etdik və öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin vətən həsrətinə son qoyduq. Bütün dünya Azərbaycanın qısa zaman ərzində güclü dövlətə çevrilməsinin şahidi oldu. Dövlət-xalq birliyi, bir amal üçün yumruq kimi birləşmək və milli ruh döyüş meydanında olan əsgər və zabitlərimizin də gücünə güc qatdı. 44 günlük müharibə dünya hərb tarixində iz qoyaraq müharibələrin gedişatını dəyişdirdi. Döyüş texnikalarının müasirləşməsi, dünyanı heyrətə gətirən döyüş taktikaları ilə yanaşı qəhrəman əsgər və zabitlərimiz böyük şücaət göstərdi. Məğlub ölkə olan Ermənistanda döyüşçülərimizin qorxmazlığı, qələbə əzmi və düşməni vahiməyə salan gücündən bəhs edilərək müharibə şərh edilir. Azərbaycan vətəndaşı qanı bahasına torpaqlarımızın azad edilməsi üçün döyüşür, geri çəkilmir, düşmənə od qoyaraq irəli atılırdı. Nəticədə Azərbaycan zəfər çalaraq haqq savaşında qalib gəldi. Daim sülh tərəfdarı olan Azərbaycan dövləti düşmənin beynəlxalq hüquqa və sülh çağırışlarına məhəl qoymaması səbəbindən tarixi torpaqlarını hərb yolu ilə işğaldan azad etdi.

Vətən müharibəsindən sonrakı dövr Azərbaycanın regionda yaratdığı yeni reallıqların ümumilikdə regionun geosiyasi mənzərəsini dəyişdirməsinə gətirib çıxarması ilə müşahidə olunur. Bizi güclü edən əsas amillərdən biri də odur ki, biz haqq yolundayıq və haqq savaşımızda qalib gəlmişik. Azərbaycan dövləti Vətən müharibəsindəki şanlı qələbədən sonra bir neçə istiqamət üzrə geniş fəaliyyət planı ilə çalışır. Böyük qayıdış üçün sürətlə hazırlıqların görülməsi, Şəhid ailələri və qazilərin sosial təminatının yaxşılaşdırılması, eyni zamanda onların daim diqqətdə saxlanması, işğaldan azad edilən torpaqlarımızın çiçəklənməsi üçün bir sıra infrastruktur layihələrin icrası kimi məsələlər real nümunələrdir. Azərbaycanın öz torpaqlarını azad etməsi ilə region üçün yeni iqtisadi imkanlar yarandı. Bu, həm də bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına yardımçı olacaq. Müzəffər Ali Baş Komandanın dediyi kimi, Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq. Şanlı qələbəmiz Azərbaycan xalqının milli kimliyinin simvoluna çevrilməkdədir.

Fürsətdən istifadə edib Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyir, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı