8 noyabr Zəfər Günü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının təqdimatı və Şuşaya həsr olunmuş fotosərgi təşkil olunub. Tədbirlərin keçirildiyi Piazza Spagna Roma Tədbirlər Konqres Mərkəzinin binasının üzərində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” yazılmış və Şuşa Qalasının fotoşəkli əks olunmuş böyük baner yerləşdirilib və bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, həmmüəllifləri italyan professor Daniel Pommier Vinçelli və azərbaycanlı professor Elçin Əhmədov olan “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə İtaliyanın Sandro Teti Editore nəşriyyat evi tərəfindən italyan dilində nəşr olunub. Kitabın ön sözünün müəllifi tanınmış italyan alimi, tarixçi və publisisti Franko Kardini, son sözünün müəllifi isə İtaliyanın Azərbaycanda sabiq səfiri, Azərbaycanın Genuya şəhərində fəxri konsulu Marqarita Kostadır. Son aylar ərzində Azərbaycan və İtaliya tədqiqatçılarının və ekspertlərinin birgə gərgin əməyinin bəhrəsi olan bu kitabda Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə olunur. Kitaba Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillərdən ibarət ayrıca fəsillər də daxil edilib. Şuşanın müxtəlif tarixi mərhələlərini, o cümlədən işğaldan əvvəl, işğal vaxtı, azad edilməsindən sonrakı dövrlərini əks etdirən çoxsaylı fotolar, o cümlədən Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşaya səfərləri vaxtı çəkilmiş fotolar kitabı xüsusilə zənginləşdirir. Məzmununun və əks olunan materialların əhatəliliyinə görə unikallığı ilə seçilən və Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən bu kitab Şuşa haqqında beynəlxalq oxucuya təqdim olunan ilk əsərdir.

İtaliyanın dövlət qurumlarının, rəhbər-siyasi çevrələrinin, çoxsaylı parlamentarlarının, mədəniyyət, akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin, Romada akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir cari il Şuşada Cıdır düzündə təşkil olunmuş Xarı Bülbül musiqi festivalında gənc xanəndə Kənan Bayramlının ifasında “Bayatı-şiraz” muğamının Şuşa şəhərinin möhtəşəm görüntülərinin əks olunduğu videoyazısının nümayişi ilə başlayıb. Ardınca tədbiri açan aparıcı, italyan aktrisası Silvia Salvatori bu musiqinin işğal vaxtı Şuşadan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən didərgin düşmüş azərbaycanlıların keçirdiyi iztirabları və öz torpaqlarına qayıtmaq arzusunu ifadə etdiyi üçün rəmzi məna daşıdığını bildirib.

Ardınca İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin tədbir münasibətilə Azərbaycanın İtaliyadakı səfirinə göndərdiyi məktubu səsləndirilib. İtaliya Senatının sədri məktubunda tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin zəngin incəsənət və mədəni irsinin ən gözəl şəkildə dəyərləndirilməsinə imkan yaradacağını, Şuşanın yenidənqurma mərhələsinə qədəm qoymasının bütün bölgəyə davamlı sülh, sabitlik və firavanlıq gətirəcəyini arzuladığını bildirib.

Sonra kitabın italyan həmmüəllifi professor Daniel Pommier çıxış edərək kitabın əhəmiyyəti barədə danışıb və italyan oxucuya Şuşanın Azərbaycanın milli kimliyinin tərkib hissəsi olmasını nümayiş etdirən faktları əhatə etdiyini deyib. Tədbir bu il Xarı Bülbül musiqi festivalında dünya şöhrətli xanəndə Alim Qasımov və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının videoyazısının təqdimi ilə davam etdirilib. Bundan sonra kitabın azərbaycanlı həmmüəllifi professor Elçin Əhmədovun tədbir iştirakçılarına video salamlaması nümayiş olunub. E.Əhmədov Şuşanın Azərbaycan üçün tarixi önəmi və işğaldan azad olunmasının Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindəki əhəmiyyəti barədə danışıb.

Ardınca Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində Füzuli şəhərinin dağıntıları üzərində çəkilmiş skripkaçı Nəsrin Mustafayevanın ifasında Con Uilliamsın “Şindlerin siyahısı” filmindən olan musiqisinin videoyazısı nümayiş olunub. Tədbirin aparıcısı bildirib ki, bu musiqi nömrəsindən göründüyü kimi işğal zamanı Qarabağ və Şərqi Zəngəzur dünyanın ən çox dağıdılmış, talan edilmiş və sivil dünyadan ayrılmış bölgələrindən birinə çevrilib, Azərbaycanın maddi-mədəni irsi soyqırıma məruz qalıb, bu gün Azərbaycan bütün dünyaya musiqinin dili ilə bu ərazilərə həyatın yenidən qayıdışı ismarıcını verir.

Sonra Sandro Teti Editore nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın ərsəyə gəlməsi istiqamətində aparılmış iş barədə danışıb, kitabın Şuşa və Qarabağ həqiqətlərinin dünyada, xüsusilə də İtaliyada tanıdılmasına verəcəyi töhfədən bəhs edib, habelə kitabın ön sözünün müəllifi professor F.Kardininin tədbir iştirakçılarına müraciətini səsləndirib.

Ardınca Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində Suqovuşanda çəkilmiş, xalq artisti, pianoçu Murad Hüseynovun ifa etdiyi “İthaf” kompozisiyasının videoyazısı təqdim olunub. Aparıcı vurğulayıb ki, bu musiqini müşayiət edən görüntülərdən göründüyü kimi işğal vaxtı bu ərazilər ekoloji terrora məruz qalıb və Azərbaycanın təbii ehtiyatları talan edilib.

Ardınca çıxış edən Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Azər Kərimli və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, senator Stefano Luçidi Vətən müharibəsi günlərində İtaliyanın Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini, müharibənin bitməsindən sonra Qərb ölkələrindən ilk parlament və hökumət nümayəndə heyətlərinin Azərbaycana məhz İtaliyadan gələrək işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini, bütün bunların iki ölkə arasında yaxın və möhkəm dostluğun bariz nümunəsi olduğunu bildiriblər. Azər Kərimli, habelə bu günlər ərzində Zəfər Günü münasibətilə çoxsaylı italyan parlamentarilərindən göndərilmiş təbrik məktublarına görə təşəkkür edib.

Ardınca “Oxuyur Vətən” layihəsi çərçivəsində Qubadlı şəhərinin dağıntıları üzərində lentə alınmış, sözləri Leyla Əliyevaya, musiqisi Nigar Həbibovaya məxsus, müğənni Zabitə Əliyevanın ifasında “Sonsuz aləm” mahnısı nümayiş etdirilib. Aparıcı musiqidə səsləndirilən “İlahi, kömək et ayaq üstə dayanım yenə” sözlərinin rəmzi məna daşıdığını və Azərbaycanın bu gün əsas niyyətinin işğal vaxtı viran edilmiş torpaqlarını canlandırmaq, onlara həyat vermək, məcburi köçkünlərin geri qayıtmasını təmin etmək olduğunu deyib.

Daha sonra tanınmış italyan memarı Pietro Laureano son aylarda Şuşaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüb, şəhərin zəngin tarixi memarlıq irsinin işğal dövründə dağıdıldığından söhbət açıb, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə aparılan bərpa işləri kontekstində öz təcrübəsini bölüşüb, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun ümumdünya irs siyahısına daxil edilməli olduğunu bildirib.

Tədbir “Oxuyur Vətən” layihəsi çərçivəsində Hadrut/Ağoğlanda çəkilmiş görkəmli bəstəkar Fərhad Bədəlbəylinin “Ave Maria” kompozisiyasının nümayişi ilə davam etdirilib. Aparıcı bu musiqi nömrəsinin rəmzi olaraq bütün Azərbaycanda olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığını və Azərbaycanın bölgədə daha təhlükəsiz gələcək qurmaq və sülh içində birgə yaşamaq istəyini dünyaya nümayiş etdirdiyini bildirib.

Tədbirdə son olaraq çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə natiqlərə, kitabın ərsəyə gəlməsinə və tədbirin təşkilinə əmək sərf etmiş hər kəsə, habelə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən belə bir günə qatıldıqları üçün bütün iştirakçılara təşəkkürünü bildirib. Diplomat Şuşanın Azərbaycan xalqı üçün önəmi, bu şəhərin azad olunmasının Vətən müharibəsində Azərbaycanın qələbəsi üçün əhəmiyyətindən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun rəşadəti ilə torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin vətən həsrətinə son qoyulması ilə Azərbaycan xalqının bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini bildirib.

Tədbirin bədii hissəsi Şuşada Xarı Bülbül musiqi festivalında səsləndirilmiş “Ey, Vətən” musiqisinin videoyazısının nümayişi ilə yekunlaşıb. Musiqi parçasının sonunda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa ilə bağlı fikirlərinin səsləndirilməsi böyük alqışlara səbəb olub.

Tədbir “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabına daxil edilmiş fotoların nümayiş olunduğu sərgi ilə davam etdirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı