Karate üzrə Azərbaycan milli komandası dünya çempionatında iştirak etmək üçün noyabrın 12-də Dubaya yola düşəcək.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 22 idmançı yer alıb. Onlardan 5-i parakarate üzrə dünya çempionatına qatılacaq.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov idmançılar – Əminağa Quliyevi (60 kq), Tural Ağalarzadəni (67 kq), Rafael Ağayevi (75 kq), Pənah Abdullayevi (84 kq) və Asiman Qurbanlını (+84 kq), eləcə də komanda yarışlarında Turqut Həsənovu, Rafiz Həsənovu və Tural Ələkbərlini müşayiət edəcəklər. Komanda yarışlarında T.Ağalarzadə, R.Ağayev, P.Abdullayev və A.Qurbanlı da iştirak edəcəklər.

Qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında Nuranə Əiyeva (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar. Onlardan isə N.Əliyeva, İ.Qasımova, İ.Zaretska və F.Əliyeva komanda yarışlarına qatılacaqlar.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə Roman Heydərov fərdi yarışlarda, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda çıxışlarında, Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova isə parakaratedə iştirak edəcəklər.

Beynəlxalq hakimlərdən Anar Allahverdiyev, Rənad Əliyev dərəcələrini artırmaq üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahan verəcək.

WKF-in Texniki komissiyasının üzvü Yaşar Bəşirov noyabrın 14-də qurumun iclasında, ertəsi gün isə Konqresində iştirak edəcək. Noyabrın 16-21-də keçiriləcək böyüklərin 25-ci dünya çempionatında 117 ölkədən 1054 karateçi, noyabrın 21-də isə parakarate üzrə dünya çempionatına isə 21 dövlətdən 81 idmançı iştirak edəcək.

Dünya çempionatının rəsmi açılış mərasimi noyabrın 19-da, bağlanış mərasimi isə noyabrın 21-də olacaq. Milli komanda noyabrın 22-də Vətənə dönəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı