Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyev London məhkəməsində ifadə verə bilər.

Metbuat.az xəbər verir ki, bu haqda “The Evening Standard” nəşri bildirir. Qəzetin yazdığına görə, Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA-National Crime Agency) Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 3.2 milyon funt sterlinq (təxminən 4.5 milyon dollar) qızıl-zinət əşyalarının müsadirə edilməsi üçün iddia qaldırıb. Və Cahangir Hacıyevin bu iş üzrə şahid qismində həbsxanadan videokonfrans yolu ilə ifadə verməsinin təmin edilməsi üçün Milli Kriminal Agentliyi Azərbaycan tərəfinə sorğu göndərə bilər.

Xatırladaq ki, Zamirə Hacıyevanın Böyük Britaniyada dəyəri on milyonlarla funt sterlinq olan mülklərinə, bank hesablarına, o cümlədən Londondakı malikanəsinə və milyonlarla dollarlıq qızıl-zinət əşyalarına həbs qoyulub. NCA bu sərvətin Azərbaycanda korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına əldə edildiyini məhkəmədə sübuta yetirib, Zamirə Hacıyeva məhkəməni uduzub və indi üzərinə həbs qoyulmuş mülkiyyətin Böyük Britaniya dövlətinin hesabına müsadirə edilməsi üçün proses gedir. Bəlli olmuşdu ki, Zamirə Hacıyeva ərinin ona verdiyi bank kartları ilə təkcə Londonun butiklər yerləşən “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq dəyərində alış-veriş edib, o cümlədən dəyəri yüz minlərlə dollar olan qızıl-zinət əşyaları alıb.

İndi Milli Kriminal Agentliyi bildirir ki, həmin qızıl-zinət əşyalarının alınması üçün milyonlarla dollar Zamirənin əri Cahangirdən daxil olub və nəticədə Londonun “Christie’s” hərrac evindən, məşhur “Cartier” zərgərlik firmasından alınmış həmin əşyaların müsadirə edilməsi üçün prosedur başladılıb.

NCA London Magistrat Məhkəməsinə bildirib ki, Azərbaycanda ölkənin ən iri banklarından birini talamaq ittihamı ilə 15 illik həbsxana cəzasını çəkməkdə olan Cahangir Hacıyev bu zinət əşyalarının taleyi ilə bağlı “maraqlı tərəf” ola bilər və ola bilsin iş üzrə onun şahidliyinə ehtiyac yaranacaq.

NCA adından məhkəmədə çıxış edən krallıq vəkili Endryü Berd məhkəməyə bildirib ki, Bakı hakimiyyəti cənab Hacıyevə məhkəmədə videokonfrans yolu ilə iştirak etməsinə icazə verə bilər. Çünki bu, zinət əşyalarının satışından əldə edilmiş vəsaitlərin bir hissəsinin sonda Azərbaycana qaytarılmasının yolunu açardı.

“Milli Kriminal Agentliyinin iddiası bundan ibarətdir ki, zinət əşyalarının alındığı vəsaitlər cənab Hacıyev tərəfindən Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə mənimsənilib, oğurlanıb, müxtəlif yollarla əldə edilib və bu əməllərinə görə o mühakimə olubub, hazırda həbsxanadadır. 15 il həbs cəzası alıb”, – vəkil Berd məhkəmədə bildirib.

Vəkilin sözlərinə görə, məsələ bundadır ki, onun məhkəmədə iştirak etmək marağı varmı, bu iştirak zəruridirmi. Endryü Berd deyib ki, imkanlardan biri Azərbaycan hakimiyyətinin işin gedişində maraqlı ola biləcəyindədir…Çünki zinət əşyaları müsadirə edilib daha sonra satılsa Azərbaycan tərəfi pulların bir hissəsinin ona verilməsi üçün NCA qarşısında məsələ qaldıra bilər.

“İstifadəsi mümkün olan beynəlxalq razılaşmalar var, ona görə də onun məhkəmədə iştirak etməsinə imkan yaratmaq sonda Azərbaycan tərəfinin marağındadır”, – vəkil deyib.

Bildirilir ki, hazırda Londonun Naytsbric rayonundakı Uolton-strit malikanəsində (15 milyon funt sterlinq dəyərində) yaşayan Zamirə Hacıyeva qanunları pozduğunu əvvəldən inkar edib və pulların onun ərinin “qanuni gəlirlərindən” qaynaqlandığını bildirib.

Onun müsadirə ediləcək zinət əşyaları arasında dəyəri 1.2 milyon funt sterlinq olan “Cartier” brilliyant üzüyü də var. Lakin məhkəmə iclasında aydın olub ki, zinət əşyalarının müsadirə edilməsi daha irimiqyaslıdır.

Vəkil Endryü Berd bildirib: “Aktivlər “Cartier Ltd” firmasından və “Christies” hərrac evindən müsadirə edilib. Onlar ora Leyla Mahmudova tərəfindən (keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı,-red.) göndərilib, amma dəlillər var ki, zinət əşyaları əslində cənab Hacıyevanın istifadə etdiyi hesablardan ödənilən 3 milyon funt sterlinqə alınıb. O, “Harrods”dan müxtəlif mallar almaq üçün kredit kartlarından istifadə edib. Bu zinət əşyalarının çoxu “Harrods”dan kredit kartları hesabına alınıb”.

Qəzet yazır ki, gələn il iş üzrə daha bir məhkəmə keçiriləcək və orada Cahangir Hacıyevin müsadirə prosesində hansı rol oynaya biləcəyi müəyyən olunacaq, daha sonra zinət əşyalarının taleyi barədə qərar veriləcək. NCA bildirir ki, Z.Hacıyeva bu zinət əşyaları və yaşadığı malikanə ilə yanaşı Askotddakı “Mill Ride” qolf meydançasını da qanunsuz əldə edilmiş vəsaitlərlə alıb.

Z.Hacıyevanın aktivlərinə Böyük Britaniyada 2017-ci ildən qüvvəyə minmiş İzahedilməz Sərvətlər Haqqında qanun əsasında həbs qoyulub. Bu qanun korrupsioner oliqarxlara və onların ailə üzvlərinə sərvətlərinin mənbəyini açıqlamaq məcburiyyəti qoyur. Əgər adekvat izahat verilməsə qanun bu sərvətlərin müsadirəsini nəzərdə tutur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı