Azərbaycanda yeni film çəkilib


Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Kinostudiyadan Metbuat.az-a verilən məlumata görə, film, uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.

Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib. Filmin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, film rejissor Asif Rüstəmovun ikinci tammetrajlı işidir. Daha öncə ərsəyə gətirdiyi ilk tammetrajlı bədii filmi “Axınla aşağı”nın dünya premyerası 2014-cü ildə “Karlovy Vary” Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutmuşdu. Film daha sonra bir çox prestijli festivallara dəvət alaraq, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu