İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısı maraqlı müzakirələr və görüntülərlə yadda qalıb. Toplantı çərçivəsində təşkilatdaxili məsələlərin müzakirəsiylə yanaşı, iştirakçı dövlətlər arasında baş tutan görüşlər də diqqət çəkib. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi, Pakistan Prezidenti Arif-ur-Rehman Alvinin səmimi söhbətlərini əks etdirən şəkillər xüsusi maraq yaradıb. Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə əlahiddə görüşü xüsusilə önəmli görünür.

İkitərəfli görüş zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Prezident Seyid İbrahim Rəisi deyib ki, İƏT dövlət başçılarının Sammitində Prezident İlham Əliyevlə görüşündən məmnun qalıb: “İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, sizinlə də görüş imkanı yarandı”.

Prezident İlham Əliyev Zirvə Toplantısında məruzə edib. Azərbaycanın İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması vurğulanıb. Soçi görüşündən sonra Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan edib. Bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi barədə məlumat verib. Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Qeyd edək ki, hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.

Ümummilli lider Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb.

İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Müşfiq Ələsgərli




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin