Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,



44 günlük Vətən müharibəsi zamanı, daha dəqiq desək, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalandı. İlk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu Şəhid oldu. Həmçinin ilk hücumda 30-dan çox mülki şəxs yaralandı. Bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum-terakt cəhdi idi.

Ermənistan tərəfi ikinci raket hücumunu 5 oktyabrda gerçəkləşdirdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı.

Üçüncü raket hücumu oktybarın 8-də baş verdi. Xoşbəxtlikdən həlak olan və yaralanan olmadı.

Dördüncü raket hücumu və qanlı terakt isə 11 oktyabra təsadüf etdi. Nəticədə 10 mülki şəxs Şəhid oldu, 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verdi və Ermənistan tərəfinin atəşkəsi pozması ilə nəticələndi. Bu gün həmin erməni teraktından bir il ötür. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırmışdı.

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda reallaşdırıldı. Həmin hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid oldu. 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi. Ermənilərin raket hücumları, mülki əhaliyə qarşı qanlı teraktları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınandı.

Bəs Ermənistan tərəfi bu hücumlara, terror aktlarına görə cavab verəcəkmi? Gəncə terrorunun əmrini verənlər, onu icra edənlər cəzalandırılacaqmı? Beynəlxalq insan haqları məhkəmələri bununla bağlı hansı ölçülər götürəcək? Ümumiyyətlə, ötən bir il ərzində biz Gəncə terrorunu dünya ictimaiyyətinin diqqətinə yetərincə tanıda bilmişikmi?

Konfliktoloq Əvəz Həsənov Publika.az-a açıqlqmasında söyləyib ki, indiyə kimi Azərbaycan hökuməti və ictimaiyyəti Gəncə terrorunun tanıdılması ilə bağlı əlindən gələni edib:

“Sosial şəbəkələrdə çoxlu paylaşımlar olub. Hesabatlar aidiyyəti üzrə çatdırılıb. Məlumatlandırma işlərini həyata keçirib. Bütün bunların hamısı edilib. Demək olar ki, bu terror müharibənin qızğın vaxtında törədilmişdi. Hamı belə bir qızğın vaxtda müharibənin nəticəsini gözləyirdi. Həmin vaxtı hansısa bir konkret hadisəyə görə erməni tərəfini cəzalandırmağı heç kim fikirləşmirdi. Gəncə terroru ilə bağlı gələcəkdə çoxlu hesabatlar olacaq. Dinləmələr həyata keçiriləcək. Eyni zamanda dövlət də cinayət işləri açacaq. Bir sözlə, çox şey olacaq. Çünki müharibədən və Gəncə terrorundan cəmi bir il keçib. İndi Azərbaycan Ermənistana təzyiq etməklə müharibənin nəticəsini tanıtmaq işi ilə məşğuldur”.

Ekspertin fikrincə, Azərbaycan bu müharibənin nəticəsini Ermənistana tanıda bilsə və Ermənistanı onun nəticələrinə öyrəşdirə bilsə, vaxt keçdikcə Gəncə və Bərdədəki terrorları törədən insanlar öz cəsasını alacaq:

“Bu gün biz görürük ki, Ermənistanda keçmiş müdafiə naziri həbs olunur. Təbii ki, Gəncə terrorunda əsas əmri verən insanlardan biri də Tonoyan idi. Ümid etmək olar ki, Gəncə terrorunun günahkarları cəzasız qalmayacaq. Bununla bağlı nəinki bizim dövlətimiz və cəmiyyətimiz iş görəcək, eyni zamanda, Ermənistanın özündə də Gəncə terrorunun günahkarlarını cəzalandıran qurumlar olacaq. Onlar çalışacaqlar ki, Gəncə terrorunun günahkarlarını cəzalandırmaqla Azərbaycanla sülhü yaxınlaşdıra bilsinlər”.

Əvəz Həsənovun sözlərinə görə, Gəncə terroru ilə bağlı Haaqa Beynəlxalq Tribunalına müraciət etmək mümkün deyil:

“Çünki nə Azərbaycan, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ona görə də Haaqa Məhkəməsinə müraciət etməyimiz artıq gecdir. Bu, mənim yanaşmamdır. Yalnız biz BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət ünvanlaya bilərik. Artıq Azərbaycan tərəfi Gəncə terroru ilə bağlı oraya müraciət edib. Bu müraciət iki ay əvvəl baş tutub. Azərbaycan hökuməti nəinki Gəncə terroru, eləcə də Bərdədə, Tərtərdə baş verənlər, eləcə də dinc şəhərlərə atılan raketlərlə bağlı bütün faktları, terror nəticəsində həlak olan bütün insanların məlumatları BMT-nin Beynəlxalq Məhkəməsinə göndərib. Ermənistan tərəfi üçün ciddi problemlərdən biri də o idi ki, onlar 44 günlük müharibə ərzində Azərbaycanın dinc şəhərlərini atəşə tutdular. Ona görə də Ermənistan indi bu məsələyə heç cür haqq qazandıra bilmir, bilməyəcək də… Gəncə, Bərdə, Tərtər və digərləri döyüş bölgəsindən kənarda yerləşir. Bir daha deyirəm, Ermənistan törətdiyi terror aktlarına heç vaxt haqq qazandıra bilməyəcək. BMT-də bu məsələyə baxılacaq. BMT öldürülən insanlarla bağlı Azərbaycan tərəfindən arayış istəyib”.

Konfliktoloqun fikrincə, Ermənistan tərəfindən də Gəncə və digər şəhərlərdəki teraktlarla bağlı arayışlar istəniləcək:

“Daha sonra bu məsələyə baxılacaq. BMT Beynəlxalq Məhkəməsində həlak olanların ailələrinə təzminat ödənilməsi məsələsi yoxdur. Təzminat Haaqa Məhkəməsi, Avropa Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərara uyğun olaraq ödənilə bilərdi. BMT Beynəlxalq Məhkəməsi daha çox təmbehedici, eləcə də gələcəkdə hər hansı bir siyasi qərarın qəbul olunması üçün bir instansiyadır. Çünki BMT-nin Baş Assambleyasında bu məsələ baxılmalıdır. Yəni, Gəncə terrorunu törədən Ermənistandakı həmin şəxslərlə bağlı qərar çıxaracaq və həmin qərara BMT-nin Baş Assambleyasında baxıldıqdan sonra təsdiq etməlidir. Göründüyü kimi burada təzminat mexanizmi yoxdur, o yalnız sonradan həmin qərarların yerli məhkəmələrdə tətbiq olunması üçün tövsiyyə sayılan instansiyalarda olur. Təzminat məsələsinə xüsusən Avropa İnsan Haqqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsində baxılır”.

Tural Turan


Müstəqil.az informasiya agentliyi 

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir