Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 15-dən Əfqanıstanın rəngi dəyişdi. Kabil “Taliban” qruplaşmasının rənginə – qaraya büründü. İndi hər kəs saatlarını “Taliban”ın saatları ilə qurmağa, quraşdırmağa başlayıb. Ligitim hakimiyyətin başçısı Əşrəf Qəni hakimiyyəti öz əlləri ilə Molla Bəradərin adamlarına təhvil verdi. Özü isə bir müddətlik “qeybə çəkildi”.

Şəhərlər döyüşsüz təslim oldu. 300 minlik rəsmi ordunun xeyli hissəsi “Taliban”ın tərəfinə keçdi. Ölkədə iki gündür ki, xaos hökm sürür. İnsanlar Əfqanıstanda qaçmaq üçün havaya qalxan təyyarədən sallaşmağı belə ayıb bilmir. O insanlar ki, şəhərlərini taliblərə bir güllə atmadan təhvil verdilər.

“Taliban” isə bu dəfə yumşaq danışır. Qadınlara evdən kişiləri, böyük olanları olmadan da bayıra çıxmaq, təhsil almaq, onların hüquqlarını qorumaq vədlərini verir.

ABŞ isə 20 il sərasər mübarizə apardığı və terrorçu adlandırdığı qruplaşmaya hakimiyyətə gəlməsinə maneə yaratmadı. Əksinə, Qəninin “əl-qolunu” bağladı. Doha danışıqlarına vasitəçilik etdi. Hətta müvəqqəti hökumətə də öz adamını – Əhməd Cəlalini, daha dəqiq desək, keçmiş hökumətin xarici işlər nazirinini qoyub qoşunlarını çıxarmaqla məşğuldur. Hər şey elə sürətlə baş verdi ki, gözlərini yumub açan əfqanlar hakimiyyətlə səliqəli geyimli, amma səliqəsiz saqqallıları gördülər.

İndi hamını bir sual maraqlandırır: Əfqanıstanda nə baş verir?

Elə biz də söhbətimizə bu sualla başlamaq istəyirik. Müsahibimiz isə Azərbaycanın İrandakı Səfirliyinin keçmiş əməkdaşı, Yaxın Şərq məsələləri üzrə ekspert Sədrəddin Soltandır.

Sədrəddin Soltanın Əfqanıstanda baş verənlərlə bağlı Publika.az-a verdiyi müsahibəni təqdim edirik:

– Sədrəddin bəy, indi hamını bu sual maraqlandırır, Əfqanıstanda nə baş verir. “Taliban” adlı qaranlıq günəş Əfqanıstanın üzərində bu dəfə hansı tərəfdən doğdu?

– Doğrusu, Əfqanıstanda baş verən hadisələr sanki möcüzəyə bənzəyir. İŞİD-in birdən-birə peyda olub İraqı tutmasına oxşayır. O vaxt İŞİD Səddam Hüseyndən qalma silahları qısa müddətdə ələ keçirmişdi. Hətta İraq ordusunun xüsusi təyinatlılarını tərk-silah eləmişdilər. İraqla Suriyanın ərazisində böyük bir “dövlət” qurmuşdular. Hazırda “Taliban”ın davranışlarında İŞİD-in birdən-birə Suriya və İraqı işğal etmək elementləri var. Bu tip elementlər adətən beynəlxalq güclər, qüvvələr arasında razılaşmadan doğan bir arxayınlığın nəticəsidir. Daha doğrusu, həmin arxayınlıqdan doğan nəticəyə oxşayır. “Taliban”ın belə gücü var idisə indi atdığı addımları üç il əvvəl atardı, niyə məhz indi?! ABŞ və onun NATO-dakı müttəfiqlərinin Əfqanıstandan çıxmasından sonra “Taliban”ın qəfil güclənməsində bir müəmma var.

– Niyə? Söhbət hansı müəmmadan gedir?

– Çünki Əfqanıstan ordusunu NATO təlimatlandırmışdı. O zaman meydana sual çıxır, 20 il ərzində Amerika 20 minlik komandos qrupları, nizami, standartlara uyğun ordu yetişdirə bilmədimi?! Əfqanıstan ordusunun qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemləri, topları, tankları var idi. Amma “Taliban”da bunlar yoxdur. Hətta olsa belə onu hardasa gizlədə bilməzdilər. Tutaq ki, “Taliban”ın qırıcısı var, onu saxlamağa yeri yoxdur. Amma Əfqanıstanın rəsmi ordusunun qırıcı təyyarələri və hərbi bazaları var idi. Deməli, burada bir sual yaranır; Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi beynəlxalq güclərlə razılaşdırılıbmı?! Onun cavabı budur; birincisi, Rusiya və Çin dərhal “Taliban” hökumətini tanıdı. Hətta Pakistan da… Daha dəqiq desək, “Taliban”la əməkdaşlıq edəcəyini bildirdi. Çin və Rusiya BMT-nin 5 aparıcı dövlətindən biridir. Pakistanı bu aparıcı güclər sırasında saymıram. Çünki Pakistan BMT Təhlükəsizlik Şurasının üzvü deyil. Növbəti sual da elə buradan doğur, Çinlə Rusiya “Taliban”a xeyir-dua veribmi?! Cavabı oxuculara da bəllidir. “Taliban” bütün xarici qüvvələrə qarşıdır. Xarici qüvvə isə NATO ilə ABŞ-dır. Burada Çinlə Rusiya yoxdur. Deməli, “Taliban” NATO və ABŞ-a qarşıdır. Amma Çin və Rusiya ilə onların müttəfiqlik ehtimalı ola bilər. Deməli, “Taliban” qüvvələrinin arxasında beynəlxalq qüvvələrlə yanaşı, Çin və Rusiyanın dəstəyi var. Nəzərə alaq ki, İran da bu blokdadır. 1998-ci ildə Məzari-Şərifdə İranın konsulluğunu ələ keçirəndə taliblər konsulluğun əməkdaşlarını qətlə yetirmişdi. Amma bu dəfə elə olmadı. İran Məzari-Şərifdən konsulluğunun Kabilə köçürüldüyünü elan elədi. Amma konsulluğunu Məzari-Şərifdən çıxarmamışdı. “Taliban” Məzari-Şərifə gəldi. Oranı işğal elədi və oradakı İran Konsulluğuna girdilər. Qısa bir söhbət etdikdən sonra çıxıb getdilər. Konsulluq əməkdaşlarına toxunmadılar. Deməli, hansısa formada İranla da razılaşma var. İranla, Çinlə, Rusiya ilə razılaşmanın olduğunu dedik. İndi qalır, Tacikistan və Özbəkistan məsələsi… Tacikistan və Özbəkistan sərhədində heç bir problem olmadığından Tacikistan və Özbəkistanın sərhədlərinin qorunmasında yardımçı olan dövlət də “Taliban”la münasibətləri normal saxlamağa cəhd edəndir və yaxud “Taliban” müəyyən məsələri onlarla razılaşdırıb. Şübhəsiz ki, həmin dövlət də Rusiyadır. Rusiyanın Tacikistanda 201 saylı hərbi bazası var. “Taliban” Tacikistan ərazisinə keçsəydi, həmin bazaya da xəsarət yetirə bilərdi. Bu isə Rusiya ərazisinə girmə kimi qiymətləndirilərdi.

– Çinin, ABŞ-ın, Rusiyanın “Taliban”la əməkdaşlıqda nə kimi maraqları ola bilər? Niyə ABŞ 20 il mübarizə apardığı və terror təşkilatı adlandırdığı “Taliban”a hakimiyyətin yolunu göstərdi? Niyə birdən-birə geri çəkildi?

– Əfqanıstanda hakimiyyəti “Taliban”a təhvil verən Əşrəf Qəni ABŞ-ı təmsil edirdi. Bu, o deməkdir ki, Həmid Kərzay və Əşrəf Qəni hakimiyyətinin mövcudluğu regionda Birləşmiş Ştatların mövcudluğu deməkdir. Bu, ABŞ-ın adi siyasi, ticari deyil, hərbi səviyyədə mövcudluğudur. Təkcə Amerikanın deyil, onun NATO-dakı müttəfiqlərinin mövcudluğu anlamına gəlir. Belə olan halda ABŞ və NATO müttəfiqləri İran, Tacikistan üçün təhlükə yarada bilər. Ona görə Tacikistanı deyirəm ki, orada Rusiyanın hərbi bazası var. İran isə qonşuluğunda NATO-nun olmasını istəmir. Məsələn, İraqda, Körfəz ölkələrində, isti sularda ABŞ var. Əfqanıstanda da ABŞ-ın olması İranı narahat edirdi. Ona görə də İran ABŞ-ın Əfqanıstandan çıxmasında maraqlı idi. Əfqanıstanda ABŞ-ın olması həm də Çin üçün narahatlıq yaradırdı. Çünki Çinin az da olsa Əfqanıstanla sərhədi var. Həm Tacikistan, həm də Qırğızıstan KTMT-nin üzvüdür. Bu ölkələr Rusiya ilə eyni hərbi blokda təmsil olunurlar. Deməli, Əfqanıstanda NATO-nun olması perspektivdə NATO ilə KTMT-nin qonşu olması anlamına gəlir. ABŞ ona görə Əfqanıstandan çıxdı ki, Amerika Əfqanıstanda təkbaşına deyildi. Amma Birləşmiş Ştatlar Əfqanıstana xeyli pul xərcləyirdi. Xatirinizdədirsə, Donald Tramp da Almaniyaya elan etmişdi ki, mən sizi Rusiyadan qoruyuram, amma siz mənə pul vermək istəmirsiniz, ona görə də mən qoşunlarımı buradan çıxarıram. Yəni, supergüclər bu kimi məsələlərdə ilk növbədə maliyyəni hesablayırlar, düşünürlər ki, biz bu qədər Əfqanıstana pul xərclədik və bu, bizə nə verir?! Yaxud xərclə qazanc arasında o qədər fərq olmur və yeni layihələr haqqında düşünməyə başlayırlar.

– Bəs ABŞ Əfqanıstandan çıxdığını elan edirsə, niyə prezident Bayden yenidən 4-5 minlik qoşun göndərdiyini bildirir?

– Vaşinqton bunu belə izah etdi ki, oradakı ordunun təxliyyəsi və diplomatların Əfqanıstandan çıxarılarkən təhlükəsizliyini təmin etmək üçün bu qədər qoşun oraya göndərilir. ABŞ Əfqanıstandan çıxmayıb və çıxmayacaq da… Amerika Əfqanıstanda yeni formada mövcud olacaq. Birləşmiş Ştatlar “Taliban” hökumətini tanımasa, ABŞ orada uzun müddət qala bilməyəcək. Danışıqların ilkin təşəbbüskarı Rusiya və Çin deyil, məhz Amerikadır. Dohadakı danışıqların başlanğıcı Amerika Birləşmiş Ştatları tərəfindən gəldi. Yəni danışıqların təşəbbüskarı Amerikadır. Hətta ABŞ-ı terroçularla danışğa getdiyi üçün qınadılar. Deməli, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi, təkcə Rusiya və Çinlə bağlı məsələ deyil, həm də onlara Amerika xeyir-dua verib.

– Bəs bundan sonrakı proseslər necə olacaq? “Taliban” hansı dəyişiklər edəcək? Ona hansı dəyişiklikləri etməyə imkan verəcəklər?

– “Taliban” elan edir ki, şəriət ölkəsi qurmaq istəyir. Yəni, islam qaydaları ilə idarə olunacaq bir dövlət qurmaq niyyətini gizlətmir. Doğrudur, “Taliban”la bağlı əvvəldən pis imic yaranıb. Daha doğusu, əvvəlki hakimiyyət dönəmində onlar qəddarlıqları ilə yadda qalıblar. Edamlar həyata keçirib. Hazırkı durumda edamlar, dar ağacından asmalar bir az şübhəli məsələlərdir. Çünki birbaşa Əfqanıstanda həmin hadisələri çəkib yayan yoxdur. Təbliğat da ola bilər. “Taliban” yeni formada hakimiyyətə gəlmək istəyir. Fikir verirsinizsə, “Taliban” hakimiyyətinin müvəqqəti prezidenti Əhməd Cəlali olacaq. Cəlali bütün həyatını Amerikada keçirib, orada təhsil alıb. Əhməd Cəlali Amerikanın qurduğu hökumətdə xarici işlər naziri postunu tutub. Deməli, “Taliban” hökumətinin başçısı Amerikadan gəlir.

– Sədrəddin bəy, “Taliban” 90-cı illərdə hakimiyyətə gələrkən qadınlarla bağlı sərt qərarlar qəbul etmişdi. Yanında əri və ya böyük oğlu olmayan qadın bayıra çıxa bilməzdi. Cəzalandırılırdı, indi isə qadınlara təhsil azadlığı, işləmək və sərbəstlik verəcəyini, hüquqlarını qoruyacağını deyir. 90-cı illərin əvvəlindəki “Taliban”la indiki taliblər arasında nə kimi fərq var?

– Bu barədə “Taliban” özü açıqlama yayıb. Elan edib ki, biz əvvəlki “Taliban” deyilik. Yəni, hesab edirlər ki, əvvəllər çox radikal olublar. İctimai məsələlərdə insanları o vaxt çox incitdiyini düşünürlər. Fikirləşirlər ki, insanlara verdikləri əzab, işgəncə onların hakimiyyətdən getməsinə təkan verdi. Hazırda Əfqanıstanın şəhərlərindən kütləvi şəkildə köç başlayıb. Bu, “Taliban”ın Əfqanıstanda üç-beş illik hakimiyyəti dövründə onlardan gördükləri qorxu, işgəncə və əzab-əziyyətə görə baş verir. Hesab edirəm ki, ilk dövrdə Əfqanıstanda sərtlik olacaq. Perspektivdə isə Pakistana oxşar islam respublikası yaradılması cəhdi göstəriləcək. Çünki Əhməd Cəlali müvəqqəti prezidentdir və mülki adamdır. Fikir verirsinizsə, “Taliban”la danışıq aparan və əvvəlki hakimiyyətdə təmsil olunanların heç biri ölkədən qaçmayıb. Nə Karzay, nə də İslam-Vəhdət partiyasının lideri Hikmətulla getməyib. Keçmiş xarici işlər naziri də ölkəni tərk etmədi. Müəyyən mənada haqqında “qaçdı” damğası vurulan Əşrəf Qənidir. Amma Əşrəf Qəni qaçıbmı? Onun hakimiyyətində müdafiə naziri postunu tutmuş Bismillah Qəni elan edir ki, bizim qollarımızı arxadan bağladı və ölkəni “Taliban”a təhvil verdi. Digər tərəfdən, o biri siyasi qüvvələr haqqında söhbət getmir. Deməli, Əfqanıstandakı siyasi dəyişiklik həm də daxildəki siyasi qüvvələrin razılığı ilə baş verib. Fikrimcə, yaxın vaxtlarda seçki elan olunacaq və koalisyon hökumət yaradılacaq. Bu koalisiya Əşrəf Qəninin adamları ilə deyil, başqa siyasi qüvvələrlə yaradıla bilər. Eyni zamanda, yeni dövr üçün çıxış yolu axtarılacaq. Çünki “Taliban” çox böyük nizami gücdür. Bunu özləri yaradıblar və özləri məhv edə bilmirlər. “Taliban” İŞİD və Əl-Qaidə kimi yaradılan bir təşkilat deyil. Bu təşkilat sovet ordusu çıxıb gedəndən sonra yeni dövr üçün yaradılan bir qüvvədir. Sovetlərə qarşı mübarizə aparan bütün təşkilatların hamısını məhv etdi və Əfqanıstanda vahid lider oldu. Hətta Karzay və Qəni də bunlarla bacarmadı. İndi taliblər birinci hakimiyyətlərindən fərqli olaraq bu dəfə yumşaq idarəetmə tətbiq edəcəklər. Əvvəlcə bir az sərtlik olacaq. Bu yeni rejim şübhəsiz ki, 1998-2001-ci ildəki “Taliban” hakimiyyətindən öz yumşaqlığı ilə fərqlənəcək. Demokratik olmayacaq, heç İrandakı kimi də olmayacaq, amma yumşalacaq. Bir daha deyirəm, bütün bunların hamısı beynəlxalq güclərin nəzarəti və xeyir-duası ilə baş tutacaq.

– Hər şey sürətlə baş verdi. Hökumət qüvvələri döyüşmədi. Şəhərlər güllə atılmadan təslim edildi. Səbəb nə idi?

– Əfqanıstanda ordu bütün silahlarını “Taliban”a təhvil verir. Hətta ordunun bir hissəsi “Taliban”ın tərəfinə keçib. “Taliban” onu da anlayır ki, beynəlxalq güclər onu 20 il əvvəl döyə-döyə qovublar. Öldürə-öldürə çıxarıblar ölkədən. Anlayır ki, yenidən oxşar hadisəni onun başına gətirə bilərlər. Bu təhlükəni bildikləri üçün onları gətiriblər. Bu da bir texnologiyadır. Məsələn, demokratları bir texnologiya, gücləri də başqa texnologiya ilə hakimiyyətə gətirirlər. Amma bütövlükdə proseslər onu göstərir ki, güc yolu ilə hakimiyyət dəyişikliyi faydasız olur. Bu dəqiqə Əfqanıstanda ən çox söyülən ABŞ-dır. 10 milyon insan 2000-ci illərin əvvəlində ölkəni tərk etmişdi, indi də bir o qədər adam Əfqanıstandan gedir. Ölkədə 30 milyona yaxın əhali var. Bu insanları niyə bu günə salırsınız?! Bu məsuliyyətin böyük bir hissəsi də Əfqanıstanın siyasilərinin üzərinə düşür. İndi hazırda orada lider Molla Bəradərdir. 20 yaşından müharibə aparır. Sovetlərə qarşı da döyüşüb. “Taliban”ın qurucularındandır. Molla Ömərin sağ əli olub. Əgər bu üsyanı xalq üçün gətirirsənsə, mübarizənin əsasında xalq, öz millətin durursa, onda niyə bunları qırıb öldürürsən, məhv edirsən?! O zaman bu dövlət kimə lazım olacaq?! İnsanlar yoxdursa qurduğun dövlət də heç kimə lazım deyil. Dövlətin əsaslarından biri əhalidir. Ona görə də “Taliban” mütləq əhali üçün işləməlidir. İşləməsə İŞİD-in gününə salacaqlar, dağıdıb pərən-pərən edəcəklər.

– Sizə, bu dəfə “Taliban” şiddət və radikallıqdan əl çəkəcəkmi, yəni yumşaq idarətməni təşkil edə biləcəkmi?

– Hazırda dünyada yeni bir problem yaranır. Bu, mənim qənaətimdir; yəni, “Taliban”a imkan verməyəcəklər ki, İraq və Suriyadakı kimi İŞİD dövləti yaratsın. Siz iki gün əvvəl hakimiyyətə gələn taliblərin geyim-keçimlərinə fikir verin, tər-təmiz idi. Döyüşən adamın paltarı təmiz olmaz. Yəni, səliqəlidirlər.

Bəlkə şəhərləri döyüşsüz tutduqları üçün paltarları səliqəli qalıb, kirlənməyib?

– Bəli, bəli… Elədir. Şəhərləri döyüşsüz tutmalarının cavabı çox sadədir. Ona görə şəhərləri döyüşsüz tutdular ki, beynəlxalq ictimaiyyət, beynəlxalq güclər “Taliban”ın hakimiyyətə gəlməsinə xeyir-dua veriblər. Xeyir-dua verilməsəydi, Əfqanıstanla daxili danışıqlar Dohada baş tuta bilməzdi. Vasitəçi isə ABŞ-dır. Onu Rusiya da dəstəkləyir. Danışıqların bir qismi Moskvada gerçəkləşib. Deməli, Vaşinqton da, Moskva da, Pekin də danışıqların gedişini dəstəkləyib. ABŞ dəstək verirsə, deməli, Böyük Britaniya ilə Fransa da, onların ətrafındakı qüvvələr də buna dəstək verib.

– “Taliban”ın gəlişilə Çindən Böyük Britaniyaya uzanan “Bir kəmər-Bir yol” layihəsinə təhlükə yarandığını düşünənlər də var. Sizin bu barədə fikriniz nədir?

– Məncə, strateji layihələrin həyata keçirilməsi üçün heç bir problem olmayacaq. Çünki əsas problemlərdən biri Əfqanıstanın təbii sərvətinin beynəlxalq bazarlara çıxarılması ilə bağlıdır. Qüvvələr bu məsələni razılaşdıra bilmirlər. Qeyri-rəsmi məlumatlara görə, Əfqanıstanda 300 milyard dollarlıq neft ehtiyatı var. Orada qızıl və uran ehtiyatları da mövcuddur. Yəni faydalı qazıntılar cəhətdən Əfqanıstan çox zəngin ölkədir. Ən pis durum isə buradakı narkotik məsələsidir. Perspektivdə bu məsələnin də önəmi az deyil. Yəni, buradan keçən narkotrafik kimin əlində olacaq?! Bu tarfikin rəsmi olaraq kimin əlində olması heç vaxt elan edilmir.

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı